Məhkəmə qərarları › İş №e-2(006)-2539/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2539/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2539/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) - Vəkil iştirakları ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və X3 olmaqla, cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «zaminliyə xitam verilməsi və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «zaminliyə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü tarixli Zaminlik Müqaviləsi üzrə iddiaçının zaminliyinə xitam verilməsi və iddiaçıya dair kredit tarixçəsi məlumatlarına düzəliş edilməsi üçün "xxxx" MMC-yə məlumat vermə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. "xxxx" MMC və X3 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə cavabdeh arasında 503/Eİ saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin təminatı olaraq cavabdeh, X4 və onun arasında üçtərəfli ZM-503/Eİ saylı, xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsi bağlanmışdır. Daha sonra cavabdeh tərəfindən onun iştirakı və iradəsi olmadan, onun imzası saxtalaşdırılmaqla qeyd edilən Zaminlik Müqaviləsinə xx.xx.2015-ci il tarixdə əlavə saziş tərtib edilərək onun zaminliyi ilə təminat altına alınan öhdəliyin məbləği və müddəti onun üçün əlverişli olmayan şərtlərlə əvəz edilmişdir. Onun üçün zamin olaraq zamin durulan öhdəlik onun məsuliyyətinin artmasına və ya onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. Daha sonra ləğvetmə prosesində olan Cavabdeh ASC cavabdehlər İddiaçı və X2 qarşı Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 503/Eİ saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsiüzrə 6452.46 USD əsas, 3038.59 USD faiz borcu və 500.42 USD cərimə borcu olmaqla ümumilikdə 9991.47 USD borcun və 30 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra tərəflər məhkəmə iclasında iştirak etmədiyindən iş məhkəmə tərəfindən xx.xx.2017-ci il tarixli, 2(010)-9658/2017 saylı Qərardadla baxılmamış saxlanılmışdır. Bu günədək qeyd edilən borc məbləği kredit reyestri məlumatlarında hazırkı iş üzrə onun adında borc öhdəliyi və neqativ məlumat olaraq qalmaqdadır ki, bu da onun haqlı mənfəətinə ziddir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2014-cü il tarixli ZM-503/Eİ seriyalı Zaminlik müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli 503/Eİ saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan X3 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti iddiaçı öz üzərinə götürmüş, kredit müqaviləsi üzrə kreditin məbləği 8900 ABŞ dolları, kreditin qaytarılma müddəti 36 ay, faiz dərəcəsi illik 28% müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli 503/Eİ-E saylı Əlavə Sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 7083,76 ABŞ dolları təşkil etmiş və kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1634 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 70-ci vərəqəsində olan xx.xx.2014-cü il tarixli 503/El saylı zaminlik müqaviləsinə dair xx.xx.2015-ci il tarixli əlavə sazişin ‘‘Zamin'’ qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspert tədqiqatlarının dəyəri 104 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilir ki, “... Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir...” Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, iddiaçı, Bank və borcalan X3 arasında xx.xx.2014-cü il tarixli ZM-503/Eİ seriyalı Zaminlik müqaviləsi bağlanmışdır. Sonradan həmin Zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli 503/Eİ-E saylı Əlavə Saziş bağlanmışdır. İddiaçı Əlavə Sazişin onun iştirakı və iradəsi olmadan, onun imzası saxtalaşdırılmaqla bağlandığını iddia etməklə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçının irəli sürdüyü faktın araşdırılması məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1634 saylı ekspert rəyi ilə mübahisə predmeti olan xx.xx.2015-ci il tarixli əlavə sazişin ‘‘Zamin'’ qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən ekspert rəyləri ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidirlər. Çünki, ekspert rəyləri hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin imzanın doğrululuğu ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdurlar. Müəyyən olunan hallardan göründüyü kimi, sonradan bağlanmış kredit müqaviləsi və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli 503/Eİ-E saylı Əlavə Saziş zaminin razılığı və iradə ifadəsi olmadan bağlanmışdır ki, bu da zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrin yaranmasına səbəb olmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli 503/Eİ-E saylı Əlavə Saziş iddiaçının razılığı alınmadan və iradə ifadəsi olmadan bağlandığı, bununla da zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu müəyyən edildiyindən iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır, buna görə də iddiaçı cavabdehə qarşı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur. xx.xx.2014-cü il tarixli ZM-503/Eİ seriyalı Zaminlik müqaviləsi üzrə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilmişdir. Belə ki, müqavilənin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditor Zaminə qarşı iddia irəli sürülmədiyi halda xitam verilir. Nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanılmış xx.xx.2014-cü il tarixli ZM-503/Eİ seriyalı Zaminlik müqaviləsi üzrə zaminlik Mülki Məcəllənin 477.0.4-cü maddəsinə uyğun olaraq konkret müddət təyin edilməklə verilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Yuxarıda göstərilənlərə əsasən iddiaçı xx.xx.2014-cü il tarixli ZM-503/Eİ seriyalı Zaminlik müqaviləsi ilə xx.xx.2014-cü il tarixli 503/Eİ saylı kredit müqaviləsi üzrə məsuliyyət daşıdığından həmin kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı əsas götürülməlidir. Göstərilən kredit müqaviləsi üzrə kreditin qaytarılma müddəti 36 ay, yəni xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, həmin vaxtdan zaminlik müqaviləsi üzrə məsuliyyət yaranmış və müqavilənin icrası ilə bağlı bir il müddətində iddiaçıya qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 104 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2014-cü il tarixli ZM-503/Eİ seriyalı Zaminlik Müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilsin. İddiaçı dair kredit tarixçəsi məlumatlarına düzəliş edilməsi üçün "xxxx" MMC-yə məlumat vermə öhdəliyi cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 104 manat məbləğində ekspertiza xərcləri cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM: VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar