Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2544/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC-dən kartında olan vəsaitin təhlükəsizlik qaydalarına uyğun olaraq qorunmadığına görə dəymiş 10.000 manat məbləğində maddi zərərin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" KB ASC-dən Mastercard tipli Ucard və Visa Platinum debet kartları almış və istifadə etmişdir. Visa Platinum debet kartına 10.000 (on min) manat məbləğində pul vəsaiti mədaxil etmişdir. Bankdan verilən xx.xx.2023-xx.xx.2024 tarixləri üzrə hesabdan çıxarışdan da görsənir ki, hesabında 10.000 manat məbləğində vəsaiti olmuşdur. Qeyd edir ki, Mastercard tipli Ucard online sifariş verilərək kuryer tərəfindən təqdim edilmiş, Visa Platinum debet kartını isə Əcəmi filialından əldə etmişdir. Hər iki plastik kart üzrə ona müqavilə təqdim edilməmiş, banka müraciət etdiyi zaman isə müqavilənin olmadığını və bankın səhifəsində yerləşdirilmiş təlimatın şərtlərinə əsaslandığını şifahi şəkildə bildirmişlər. Nəzərə çatdırmaq istəyir ki, xx.xx.2024cü il tarixdə Mastercard tipli Ucard debet kartından istifadə edərkən ona OTP təsdiq kodu gəlmiş və o, həmin kart üzrə OTP kodunu təsdiq edərək əməliyyat aparmışdır. Lakin bir az sonra ona sms gəlmiş və Ubank mobil tətbiqi bloklanmışdır. xx.xx.2024-cü il tarixdə tətbiqin bloklanmasının səbəbini aydınlaşdırmaq üçün banka müraciət etmişdir. xx.xx.2024-cü il tarixli İMŞİEŞ/02016-2024 nömrəli məktuba əsasən bank bildirmişdir ki, sistemdə qeyd olunan mobil nömrəsinə göndərilən birdəfəlik şifrəni və kart məlumatlarını dələduzlara təqdim edərək ona aid olan Ubank mobil tətbiqə dələduzlar tərəfindən uğurlu girişin qeydə alınmasına vəsilə olmuş, Ubank mobil tətbiqi ilə əməliyyat icra edildikdən sonra, bank tərəfindən şübhəli əməliyyat qeydə alınaraq kartı bloklanmışdır. Bankdan əldə etdiyi hesabdan çıxarışda xx.xx.2024-cü il tarixdə 9.800 (doqquz min səkkiz yüz) manat və 78 (yetmiş səkkiz) manat məbləğində pul məbləği onu Visa Platinum debet kartında olan vəsaitdən dələduzlar tərəfindən çıxarıldığı məlum olmuşdur. Bank kartlarının hesablarının ayrı olmasını nəzərə alaraq xx.xx.2024-cü il tarixdə Mastercard tipli Ucard debet kartından istifadə etdiyi halda niyə onun digər kartından məbləğ oğurlanmışdır? Bankın əsas gətirdiyi bir hal məlumatların üçüncü şəxslərə ötürülməməsi, bəli o, Mastercard tipli Ucard debet kartı üzrə məlumatları ötürmüşdür, amma bu o demək deyil ki, onun digər kartının yetərli dərəcədə təhlükəsizliyi qorunmamalı və həmin kartda olan məbləğin oğurlanmasına gətirib çıxarmalıdır. "xxxx" KB ASC-nin rəsmi internet səhifəsinin məxfilik siyasəti ilə bağlı qəbul edilmiş və qüvvədə olan təlimatının 3-cü bəndinə əsasən məlumatların məxfiliyinin qorunmasına yönəlmiş təhlükəsizlik tədbirləri ilə bağlı qeyd olunmuşdur ki, müştərilərin və ya istifadəçilərin məlumatlarının məxfiliyini təmin etmək məqsədi ilə Bank bütün imkanlarından istifadə edir və məxfi məlumatların qanunsuz ələ keçirilməsi, onlara qanunsuz daxil olma və müdaxilə kimi hüquq pozuntularının qarşısını alır. Bank tərəfindən mütəmadi olaraq Müştəri və ya İstifadəçi məxfi məlumatlarının toplanması, saxlanılması və emal edilməsi üsullarının təkmilləşdirilməsi həyata keçirilir. Fişinq və digər dələduzluq pozuntularının törədilməsi məqsədi ilə həyata keçirilən qanunsuz daxil olmaların qarşısının alınmasını Bank, fiziki tədbirlərin effektivliyini artıraraq həyata keçirir. Məlumatların məxfiliyinin qorunmasının səmərəliliyi, həmçinin Müştəri və İstifadəçi tərəfindən Bankın müəyyən tövsiyələrinə riayət edilməsindən də asılıdır. Belə ki, Bank rəsmi internet səhifəsinə daxil olan Müştəri və ya İstifadəçilərə tövsiyə edir ki, onlar bank hesabları, bank əmanəti, hesab əməliyyatları, bank sirrini təşkil edən digər məlumatları, habelə fərdi məlumatları üçüncü şəxslərlə paylaşmasınlar və məxfi saxlanılmasını təmin etsinlər. Bankın irəli sürdüyü tövsiyələrə Müştəri və İstifadəçilər tərəfindən riayət edilməsi Banka təqdim olunan məlumatların maksimal müdafiəsinin təmin edilməsini, hər hansı əməliyyatın həyata keçirildiyi zaman mümkün olan neqativ risklərin azaldılmasını mümkün edir. Əgər kartların təhlükəsizliyinə qarşı bank tərəfindən daha güclü təhlükəsizlik tədbirləri görülsə idi, onun Mastercard tipli Ucard debet kartında əməliyyat apardığı zaman digər Visa Platinum debet kartında olan 10.000 (on min) manat məbləğində vəsaitin dələduzlar tərəfindən oğurlanmasına səbəb olmazdı. Buradan da görünür ki, bank öz üzərinə düşən təhlükəsizlik qaydalarını yetərincə etməmişdir, qeyd olunan Mastercard Ucard-a OTP təsdiq kodu gəldikdə digər Visa Platinum debet kartından pulun çıxarılma oğurlanmağına yönəlməzdi. Əgər bank təhlükəsizlik qaydalarını tam təmin, yəni kart üzrə çıxış limiti tətbiq etsəydi debet kartdan birdəfəlik 10.000 manat məbləğində vəsait hesabdan çıxarıla bilməzdi, həmçinin bir kart üçün gələn təsdiq kodu digər karta yönəlməzdi. Əlavə olaraq qeyd etmək istəyir ki, işgüzar səfərlə əlaqədar olaraq xarici ölkəyə aviabilet almışdır. Hesabında olan məbləğin kartdan çıxarılması ilə əlaqədar səfəri təxirə salınmış, həmin aviabiletin məbləği ona geri qaytarılmayaraq həmin hissədə də ona maddi ziyan dəymişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddia əsassız və qanunsuz olduğundan rədd olunmalıdır. Belə ki, ilk öncə qeyd etmək istəyir ki, İddiaçı "xxxx" KB ASC-dən xx.xx.2023cü il tarixli ərizəsi və onun ayrılmaz hissəsi olan xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsi ilə MasterCard tipli Ucard və Visa platinum debet kartlarını əldə etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus kartından 9.878 manat məbləğində vəsait istifadə edilmişdir. Kartdan istifadə edilərkən baş vermiş hallar aşağıdakılardır. Belə ki, İddiaçı sosial şəbəkələrdə reklam olunan saxta platformaya daxil olaraq istifadəsində olan kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir. Daha sonra məlumatları ələ keçirən şəxslər ona məxsus Unibank Mobil bank tətbiqinə daxil olaraq kartdan silinməni həyata keçirmişlər. Bundan sonra iddiaçı, bank tərəfindən sonuncunun təqdim etdiyi mobil nömrəsinə (**********) göndərilən məlumatla ona məxsus kart bilgilərinin başqa smartfonda qeydiyyatının aşkarlanması barədə məlumatlandırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinin 5.22-ci bəndinə əsasən müştəri öz hesabının müstəqil sərəncamçısıdır. Ofertanın 5.9-cu bəndinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır. 5.16-cı bəndinə əsasən isə kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem bankın sərəncamında olmayan məlumat informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır. Eyni zamanda qeyd edir ki, ofertanın 18.3-cü bəndinə əsasən müştərinin mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə müştəri tam məsuliyyət daşıyır. Bu zaman müştəri, mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz. Yuxarıda qeyd etdiyi kimi, bankın adına oxşar saxta səhifə yaradılmış və iddiaçıdan onun şəxsiyyət vəsiqəsi məlumatları, həmçinin bank kart məlumatları istənilmişdir. İddiaçı da öz növbəsində ona məxsus məxfi məlumatları və mobil nömrəsini dələduzlara vermişdir. İddiaçı mobil nömrəsini və məxfi məlumatlarını dələduzlara verdiyi üçün dələduzlar həmin məlumatlardan istifadə edərək, iddiaçıya məxsus mobil bankinqini öz telefonlarına yükləyirlər. Belə olan halda iddiaçının adına olan bütün kartlar dələduzlar üçün əlçatan olur. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, təqdim olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı "xxxx" KB ASC-yə müraciət edərək (xx.xx.2023-cü il tarixli ərizə, həmin ərizənin ayrılmaz hissəsi olan xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsinə əsasən) MasterCard tipli Ucard və Visa platinum debet kartlarını əldə etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus kartdan 9.878 manat məbləğində vəsait istifadə edilmişdir. Belə ki, İddiaçı sosial şəbəkələrdə reklam olunan saxta platformaya daxil olaraq istifadəsində olan kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir. Həmin məlumatları ələ keçirən şəxslər iddiaçıya məxsus Unibank Mobil bank tətbiqinə daxil olaraq kartdan pul vəsaitinin silinməsini həyata keçirmişlər. İddiaçı, bank tərəfindən sonuncunun təqdim etdiyi mobil nömrəsinə (**********) göndərilən məlumatla ona məxsus kart bilgilərinin başqa smartfonda qeydiyyatının aşkarlanması barədə məlumatlandırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinin 5.22ci bəndinə əsasən müştəri öz hesabının müstəqil sərəncamçısıdır. Həmin müqavilənin 5.9-cu bəndinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır. Müqavilənin 5.16-cı bəndinə əsasən kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem bankın sərəncamında olmayan məlumat informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır. Müqavilənin 18.3-cü bəndinə əsasən müştərinin mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə müştəri tam məsuliyyət daşıyır. Bu zaman müştəri, mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz. Təqdim olunmuş sübutlardan göründüyü kimi, bir, yaxud əlbir olan bir neçə şəxs tərəfindən bankın adına oxşar saxta səhifə yaradılmış və iddiaçıdan onun şəxsiyyət vəsiqəsi məlumatları, həmçinin bank kart məlumatları istənilmişdir. İddiaçı ona məxsus məxfi məlumatları və mobil nömrəsini həmin şəxsə (şəxslərə) təqdim etmişdir. İddiaçı mobil nömrəsini və məxfi məlumatlarını kənar şəxsə (şəxslərə) verdiyi üçün həmin məlumatlardan istifadə olunmuş, iddiaçıya məxsus mobil bankinq başqa smartfona yüklənilmiş və nəticə etibarı ilə iddiaçının adına olan bütün kartlar dələduz (dələduzlar) üçün əlçatan olmuşdur. İddiaçı yuxarıda qeyd olunan halla bağlı banka müraciət etdikdə, bank tərəfindən ona 13 mart 2024-cü il tarixli İMŞİEŞ/02016-2024 saylı məktub göndərilmiş və müraciətə ətraflı şəkildə cavab verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus pul vəsaitlərin iddiaçının iradəsinə zidd olaraq məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı deyil. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələblərini yerinə yetirmiş, Ebankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (bank hesablarının təhlükəsizliyinin bank tərəfindən qorunmaması səbəbindən hesabından pulların məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.)) dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 120 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 120 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2544/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2544/2024
11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver