Məhkəmə qərarları › İş №e-2(006)-2553/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2553/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2553/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X1 Azərbaycan” QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas borc üzrə 174,18 manat, faiz borcu üzrə 0,55 manat, cərimə borcu üzrə 0,05 manat, cəmi 174,78 manat məbləğində kredit borcunun və 4,80 manat müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişlərin (pretenziya) göndərilməsi üzrə poçt xərcləri, həmçinin ərizə üzrə dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06.12.2019-cu ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 222 manat məbləğində pul ayrılmışdır və o, 60 ay müddətində kreditin əsas məbləği və ona illik 1% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsəsən geri ödəməli idi. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı obərdaıfıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə olan borcu: əsas borc üzrə 174.18 manat, faiz borcu üzrə 0.55 manat, cərimə borcu üzrə 0.05 manat, cəmi 174.78 manat təşkil edir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında arasında bağlanmış 06.12.2019-cu il tarixli “Güzəştli kredit müqaviləsinə” əsasən bank borcunun qalıq məbləğinin restrukturizasiya edilməsi məqsədilə 60 ay müddətinə, illik 1% ödəməklə, 222 manat məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verməyi, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.11-cü bəndində əsasən müəyyən edilir ki, “borcverən” “borcalan”ın öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən yaranmış (ödənilməmiş) borcların geri qaytarılmasının təmin edilməsi məqsədilə borcun qaytarılmasını üçüncü şəxslərə tapşırmaq və bu məqsədlə qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsi üçün (məhkəmə instansiyalarına/orqanlarına müraciət və s.) “borcalan”a aid olan məlumatları həmin şəxslərə təqdim etmək, bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilən (çəkilməli olan) məsrəfləri (xərcləri) “borcalan”dan tələb etmək (tutmaq/almaq) hüququna malikdir. “X1 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı 11.08.2021-ci il tarixli bildirişdən görünür ki, o, borclu olduğu barədə xəbərdar edilmişdir. “X1 Azərbaycan” QSC–nin 08.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə həmin tarixə “X1 Azərbaycan” QSC–yə əsas borc üzrə 174,18 manat, ödənilməmiş faiz borcu üzrə 0,55 manat, cərimə borcu üzrə 0,05 manat, cəmi 174,78 manat məbləğində borcu yaranmışdır. Ödəniş qəbzi (№ 8********) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlar əsasında müəyyən edildiyi kimi “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 06.12.2019-cu il tarixli “Güzəştli kredit müqaviləsinə” əsasən Bank tərəfindən borcalan Cavabdeh bank borcunun qalıq məbləğinin restrukturizasiya edilməsi məqsədilə 60 ay müddətinə, illik 1% ödəməklə, 222 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi, iddiaçı “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğinin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmiş və nəticədə onun 11.08.2021-ci il tarixli maliyyə arayışına əsasən iddiaçıya əsas borc üzrə 174,18 manat, ödənilməmiş faiz borcu üzrə 0,55 manat, cərimə borcu üzrə 0,05 manat, cəmi 174,78 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 06.12.2019-cu il tarixli müqavilə üzrə 0,05 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 174,18 manat, ödənilməmiş faiz borcu üzrə 0,55 manat, cərimə borcu üzrə 0,05 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 209,58 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “X1 Azərbaycan” QSC–yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 174,18 manat, ödənilməmiş faiz borcu üzrə 0,55 manat, cərimə borcu üzrə 0,05 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 209,58 manat manat (iki yüz doqquz manat, əlli səkkiz qəpik) məbləğində pul Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC–yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar