Məhkəmə qərarları › İş №e-2(006)-260/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-260/2025

29.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-260/2025 29.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin cavabdehlər "xxxx" ASCyə və Cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 17903 manat zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində VAZ 21099 markalı, **- MN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisindən keçən 105-ci km-də hərəkətdə olarkən idarəetməni itirmiş və nəticədə X1 idarə etdiyi Fiat Doblo markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində DİNnə məxsus Fiat Doblo markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş, bununla da, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(017)-32/2022 saylı qərarı ilə Cavabdeh1 İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 400 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşə əlavə olunmuş materiallardan aydın olur ki, Cavabdeh1 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus Fiat Doblo markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşın baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər görmüşdür. DİN-in MTTBİ-nə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı tərəfindən avtomobilə dəyən maddi zərər yerində tədqiq edilmiş və tərtib edilən akta əsasən maddi zərər aşağıdakı kimi müəyyən edilmişdir: 1. dam - əzilib təmirə yararlıdır. 2. Kapot - əzilib təmirə yararlıdır. 3. Ön şüşə - 650 azn 4. Qabaq bufer – 1297 azn 5. Qabaq sol qanad – 154 azn 6. Qabaq sol bakavin – 650 azn 7. Qabaq sol lanjeron – 1650 azn 8. Qabaq morda – 390 azn 9. Su radiatoru – 690 azn 10. Kondisionerin radiatoru – 790 azn 11. Qabaq sol amartizator – 124 azn 12. Qabaq sol alt çaşka – 351 azn 13. Travis – 1650 azn 14. Qabaq sol iç qranat – 468 azn 15. Qabaq sol çöl qranat – 350 azn 16. Qabaq sol təkər – 154 azn 17. Qabaq sol təkər diski – 290 azn

18. Qabaq sol təkər diskinin qapağı – 68 azn 19. Qabaq sol fara – 521 azn 20. Su baçoku – 180 azn 21. ABS – 684 azn 22. Qabaq sol qapı güzgüsü – 320 azn 23. Qoruyucu blok – 980 azn 24. Qabaq sol qapı – 1100 azn 25. Sol arxa siyirməli qapı – 1300 azn 26. Sükan – 580 azn 27. Qabaq sol podkrılnik – 145 azn 28. Kapotun petlələri – 2 ədəd – 120 azn 29. Qabaq sol mühərrik yastığı – 127 azn 30. Qabaq sol qapı dəstəyi – 190 azn 31. Yan kantların vurulması – 80 azn cəmi 16053 manat Təmir və bərpa üçün lazım olan vəsait: 1. Dəmirçi işi – 800 azn 2. Rəngsaz işi – 700 azn 3. Çilingər işi – 200 azn 4. Elektrik işi – 150 azn cəmi: 1850 azn Ümumilikdə hadisə zamanı “Fiat Doblo” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği 17903 manat təşkil etmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində Daxili İşlər Nazirliyinin əmlakına zərər vurulması mübahisəsizdir və yol-nəqliyyat hadisəsi zamanı “Fiat Doblo” markalı avtomobilə ciddi zərər vurulması iddia ərizəsinə əlavə edilmiş sübutlarla müəyyən olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta ödənişi 5000 manat məbləğində müəyyən edildiyi halda cabadeh "Paşa Sığorta” ASC tərəfindən ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıdığından, 17903 azn maddi zərər cavabdehlərdən tutularaq DİN-nin hesabına köçürülməlidir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus “Fiat Doblo" markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin - 17903 manat məbləğində pulun cavabdehlər- Cavabdeh1 və "xxxx" ASC-dən tutularaq Daxili işlər Nazirliyinə ödənilməsi, hazırki işlə bağlı zərərçəkən Daxili İşlər Nazirliyi tərəfindən məhkəmədə iddia qaldırılması və təmsilçilik üçün iş üzrə nümayəndə və Vəkil1 ödənilmiş 500 məbləğində məhkəmə xərcinin Cavabdeh1 tutularaq Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC iddiaya etiraz təqdim edərək, iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil1 “Cavabdehin dəqiqləşdirilməsi və tələbin həcminin artırılmasına dair” xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsi (** PB *** d.q.n. Fiat Doblo) ilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçının - "xxxx" ASC-nin məsuliyyət daşıdığını iddia edir. İddiaçı tərəf bu zaman “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa və xx.xx.2022-ci il tarixli “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”ya istinad edir. Lakin görünən odur ki, iddiaçı tərəf bu kimi tənzimlənmələrin hansı tarixdən etibarən tətbiq olunduğundan məlumatlı deyildir. Belə ki, sözügedən Qaydanı təsdiq edən Qərarın 2-ci bəndinə əsasən bu Qayda məhz 2022-ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilir. Məlum olduğu kimi hal-hazırki iş üzrə hadisə tarixi isə 26 noyabr 2021-ci ildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək, iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında itirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarından müəyyən edilir ki, VAZ 21099 markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hadisə tarixinə (xx.xx.2021) icbari sığorta müqaviləsi mövcud olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 19450,00 manat olmuş 2019-cu il buraxılışlı, “FİAT Doblo” markalı, 99-PB 346 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 13615,00 (19450-30%) manat müəyyən edilir. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2019-cu il buraxılışlı, “FİAT Doblo” markalı, 99-PB 346 dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı e-2(006)- 3083/2024 №-li mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/İ 41-315/2025 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan "FİAT Doblo” markalı ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərər barədə DİN-in MTTBİ-nə tabe olan Avtomobil Təsərrüfatı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda göstərilən ehtiyyat hissələrinin yeni və istismar olunmuş vəziyyətdə real bazar dəyəri 7 110,00 manat təşkil edir. Göstərilən xidmət haqqının (işçilik haqqı) dəyəri 1 400,00 manat təşkil edir. Nəqliyyat vasitəsinin zədəli vəziyyətini göstərən fotoşəkillərə əsasən qeyd olunan zədələr iş materiallarında olan akta uyğun gəlir, (əlavə olaraq aktda qeyd olunmayan, lakin fotoşəkillərdə görünən 1 ədəd sükan hava yastığı əlavə edilmişdir.) 2019-cu il buraxılışlı Fiat doblo markalı nəqliyyat vasitəsinin avtomobil bazarında satış qiymətləri 18 000,0 -20 000,0 manat aralığındadır. Qeyd olunan nəqliyyat vasitəsinin bu günki gün təmir-bərpa işlərinə 8 510,0 manat xərc çəkilib təmir edilməsi məqsədəuyğundur və rentabelli hesab olunur. Qeyd olunan nəqliyyat vasitəsinin yararlı vəziyyətdə zədələnməmiş hissələri avtomobilin dəyərinin təxminən 60% ni təşkil edir. X2 Qiymətləndirirə Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq xidmət haqqı 400 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin əvəzini tələb edir. Məhkəmə tutulmalı olan zərərin həcmini müəyən edilməsi üçün iki ekspertiza təyin etmiş, ekspertiza tədqiqatlarının nəticəsi olaraq dəymiş zərəin həcmi 13615 manat və 8510 manat olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/İ 41- 315/2025 saylı ekspert rəyi vurulmuş ziyanın həcmini ətraflı təsvir etdiyindən, həmin rəy əsas götürülməklə zərərin məbləği 8510 manat iddiaçıya ödənilməlidir. Məhkəmə tələb edilən məbləğin müştərək qaydada Cavabdeh1 və "xxxx" ASC-dən tutulmasına münasibətdə qeyd edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulduğundan, tələb olunan məbləğ Cavabdeh1 tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hadisə anında yüksək təhlükə mənbəyi olan avtomobilin mülki məsuliyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, 8510 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “hüquqi xidmət göstərilməsi üçün ödənilmiş pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 500 manat ödəməli olması müəyyən edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 500 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət büdcəsindən maliyyələşən qurum olmaqla dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, məhkəmə məsrəfləri cavabdehə aid edilməli və iddianın məbləğinə (9010 manat) mütənasib (110.1 manat) dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manatın və 400 manatın da Cavabdeh1 tutulması qənaətinə gəlir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş ziyana görə 8510 manat və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 500 manat alınaraq iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 110.1 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Hesab AZ34CTRE********************) ödənilsin. İş üzrə "xxxx" MMC tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 400 manat Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına (Hesab AZ77AİİB400600C**********42218) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar