Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2604/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş ziyanın: müdafiəçiyə hüquqi yardımla əlaqədar ödənilmiş 1140 (bir min yüz qırx ) manat pul məbləği, iddiaçının istintaq orqanları tərəfindən 2017-ci ilin sentyabar ayından sonra ölkədən çıxışına qadağa qoyulmasına və barəsində iltizam qətimkan tədbiri seçilməsinə görə Rusiya Federasiyasının Astarxan şəhərinə qayıda bilməməsi səbəbindən Astarxan vilyətində əkib becərdiyi qarpızın məhv olması nəticəsində 40.000 manat maddi ziyanın, iddiaçının CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və həmin qətimkan tədbirinin 7 il 2 ay 28 gün qanunsuz olaraq davam etməsi ilə bağlı vurulmuş mənəvi ziyana görə 43.500 (qırx üç min beş yüz) manat məbləğində kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində 03 dekabr 2015-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış və istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Nərimanov rayon Pİ-nin istintaq şöbəsinin sabiq müstəntiqi Cavid Mirzəli tərəfindən 09 dekabr 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 11 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin həmin maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə də Nərimanov RPİ-nin istintaq şöbəsinin sabiq müstəntiqi Cavid Mirzəli tərəfindən İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün Nərimanov rayon məhkəməsinə təqdimat verilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroru qarşısında vəsatət qaldırılmış,11 dekabr 2017-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroru tərəfindən vəsatət əsaslı hesab edilərək Nərimanov rayon məhkəməsinə təqdimat verilmiş, lakin həmin tarixdə Nərimanov rayon məhkəməsi tərəfindən vəsatət və təqdimat təmin edilməyərək, İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməklə, o məhkəmə zalından azad edilmiş, 11 dekabr 2017-ci il tarixdə Nərimanov RPİ-nin istintaq şöbəsinin sabiq müstəntiqi Cavid Mirzəli tərəfindən İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi üzrə 04 yanvar 2019-cu il tarixdə Nərimanov rayon Pİ-nin istintaq şöbəsinin sabiq müstəntiqi İlqar Həmidov tərəfidən yenidən İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin həmin maddəsi ilə yenidən ittiham elan edilmiş, həmin tarixdə Nərimanov RPİnin istintaq şöbəsinin sabiq müstəntiqi İlqar Həmidov tərəfindən İddiaçı barəsində 4 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün Nərimanov rayon məhkəməsinə təqdimat verilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroru qarşısında vəsatət qaldırılmış, 04 yanvar 2019cu il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroru tərəfindən vəsatət əsaslı hesab edilərək Nərimanov rayon məhkəməsinə təqdimat verilmiş, lakin Nərimanov rayon məhkəməsi tərəfindən 05 yanvar 2019-cu il tarixdə vəsatət və təqdimat təmin edilməyərək, İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, həmin tarixdə də Nərimanov RPİ-nin istintaq şöbəsinin sabiq müstəntiqi İlqar Həmidov tərəfindən İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. 21 sentyabr 2022-ci il tarixdə Nərimanov rayon Pİ-nin istintaq şöbəsinin müstəntiqi Rahib Əliyev tərəfindən İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş və barəsində seçilmiş iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, 05 oktyabr 2022-ci il tarixdə cinayət işi üzrə istintaq tamamlanaraq tərtib edilmiş ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna təqdim edilmiş,07 oktyabr 2022-ci il tarixdə cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Leyla Əsgərova- Məmmədovanın sədrliyi ilə) xx.xx.2024-ci il tarixli, 1(101)- 97/2024 saylı hökmü ilə İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cimaddəsində nəzərdə tutulan cinayət tərkibi olmaması əsası ilə ona bəraət verilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs İfadə Cəfərzadə apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasınınhakimləri Zaur Hüseynov (sədrlik və məruzəçi), Əfqan Ələkbərov və İbrahim İbrahimlidən ibarət tərkibdə 2024-cü il 31 iyul tarixli, 1(103)-1163/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 31 iyul tarixli, 1(103)-1163/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxs X1 və onun nümayəndəsi X6 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri X8 (sədrlik və məruzəçi), X2 və X3ibarət tərkibdə 2025-ci il 31 yanvar tarixli, 1(102)-283/2025 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs X1 və onun nümayəndəsi X6tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-97/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət almış İddiaçı barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 31 iyul tarixli, 1(103)- 1163/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxs X1 və onun nümayəndəsi X6 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı başlanmış cinayət işi ilə bağlı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyindən, şübhəli şəxs qismində 48 saat müddətində tutularaq və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən o, uzun müddət gərginlik şəraitində, mənəvi iztirab və əziyyət içərisində yaşamış, ailəsi və övladları onun bu ağır vəziyyətini və acısını yaşamışlar. Belə ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqlərinin səhlənkarlığı nəticəsində İddiaçı 09 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq, qanunsuz olaraq 48 saat saxlanılmış, 11 dekabr 2017-ci il, 04 yanvar 2019-cu il və 21 sentyabr 2022ci il tarixlərdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin həmin maddəsi ilə ittiham elan edilmiş, 11 dekabr 2017-ci il və 05 yanvar 2019-cu il tarixlərdə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün Nərimanov rayon məhkəməsinə vəsatət və təqdimat verilmiş, əsassız olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham aktı tərtib edilmiş,ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həmin ittiham aktı təsdiq edilmiş və məhkəmə məsuliyyətinə verilmiş, 7 il 2 ay 25 gün müddətinə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunduğu və barəsində iltizam qətimkan tədbiri seçildiyi andan onun hüquqları cinayət prosesini həyata keçirən orqanlar tərəfindən pozulmuş, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyinə görə mənəvi iztirab və sarsıntılara məruz qalmış,fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, həmin müddətdə İddiaçı mənəvi sarsıntı keçirmiş, depresiyaya düşmüş, bu isə öz növbəsində onun səhhətinə pis təsir göstərmişdir. Hazırda barəsində bəraət hökmünün olmasına baxmayaraq, bəzi dost, tanış, qohumlar ondan uzaqlaşıblar. Ailəsi maddi-mənəvi məhrumiyyətlərlə üzləşmiş, ona istintaq orqanın səhvi nəticəsində yapışdırılmış “dələduz” damğası ilə yaşamaq məcburiyyətində qalmışdır. Qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyindən şəxsiyyətinə və mənliyinə elə zərbə vurulmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışır. Həyatın istənilən sferasında bunu hiss edir. Hətta əvvəllər hər gün bir yerdə olduğu adamların yanında hörmətdən düşmüşdür. Belə ki, həmin şəxslərin bir qismi ona cinayətkar kimi yanaşmışlar. O, uzun müddət ərzində istintaq orqanının əsassız ittihamının əziyyətini çəkmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi müəyyən etmişdir ki, cinayət işi açıq-aşkar əsassız və qanunsuzdur və bunun nəticəsində onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmənin çıxardığı hökm tam əsaslı və qanuni olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində İddiaçı hüquqları pozulmuş, ona küllü miqdarda maddi zərər dəymiş və mənəvi istirablar çəkmiş, işgüzar nüfuzuna xələl gətirilmişdir. Ona görə də, hesab edir ki, İddiaçı dəymiş maddi və mənəvi ziyan adiyyəti orqanlar tərəfındən ödənilməlidir. Bu cinayət işinə görə İddiaçı müdafiəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə onun hüquqlarını Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müdafiə etmək üçün 827 №-li vəkil müqaviləsi üzrə 110 manat, xx.xx.2022-ci il tarixdə onun hüquqlarını Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə etmək üçün 982 №-li vəkil müqaviləsi üzrə 110 manat, xx.xx.2024-cü il tarixdə hüquqlarını Bakı Apellyasiya Məhkəməsində müdafiəsi üçün 386 №-li vəkil müqaviləsi üzrə 320 manat və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsində hüquqlarını müdafiə etmək üçün EM-1695 VK-5646/25 №-li müqavilə üzrə 300 manat vəkilə pul ödənilmişdir və onların hər birinin qəbzi iddia ərizəsinə əlavə olunur. İddiaçı hüquqi yardımla əlaqədar hazırkı müdafiəçiyə EM-1695 VK-15195/25 №-li nömrəli vəkil müqavilə əsasında məhkəmə icraatına görə 300 manat ödəniş etmişdir. Ona görə də, hesab edir ki, onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçiyə ödənilmiş həmin 1140 manat pul məbləği kompensasiya şəklində İddiaçı ödənilməlidir. İddiaçı 2013-ci ildən 2017-ci ilin sentyabr ayına kimi Rusiya Federasiyasının Astarxan vilayətində tərəvəz bitkilərini əkib becərməklə məşğul olub ailəsinin maddi tələbatını təmin etmiş, 2017-ci ilin sentyabar ayında Nərimanov rayon Pİ-nin istintaq şöbəsinin sabiq müstəntiqi Cavid Mirzəlinin tələbi ilə ********* nömrəli cinayət işi üzrə ifadə vermək üçün Azərbaycan Respublikasına gəlmiş, istintaq orqanı tərəfindən barəsində iltizam qətimkan tədbiri seçilməsinə və ölkədən çıxışına qadağa qoyulmasına görə Astarxan şəhərinə qayıda bilməmiş, bu səbəbdən də Astarxan vilyətində 10 hektar torpaq sahəsində əkib becərdiyi qarpız məhv olmuş, nəticədə 40.000 manatdan artıq maddi ziyana düşmüş, o, həmin vaxtan sonra ailəsini dolandırmaq, zəruri təlabatları ödəmək üçün əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Mənəvi zərərin miqdarını müəyyən edilməsi ilə bağlı hesab edir ki, hazırkı iş üzrə məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların kifayət qədər uzun bir müddət ərzində, yəni 7 il 2 ay 25 gün müddət ərzində davam etməsi nəzərə alınmalı, mənəvi zərərin miqdarını ən azı hər ay üçün 500 manat müəyyən edilməlidir. Ona görə də hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən ediləcək pulun məbləği ən azı 43.500 manat müəyyən edilə bilər. Göstərilənlərə əsasən hesab edirik ki, mənəvi ziyan olaraq 43500 manat pul kompensasiya şəklində İddiaçı ödənilməlidir. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir. İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi zərərə 40.000 manat, mənəvi zərərə görə 43.500 manat, vəkil xidmətinə görə 1140 manat ümumilikdə 84.640 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qeyd edərək ona dəymiş zərərə görə 40.000 manat kompensasiya tələb edir, lakin bu fəaliyyətlə məşğul olması ilə əlaqədar vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə və digər müvafiq sübutlar təqdim etməmişdir. Halbuki Cinayət Prossesual Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. İddiaçı isə ərizəsində heç bir əsaslandırma və sübut göstərmədən maddi ziyana görə kompensasiya ödənilməsini tələb edir. İddiaçı həmçinin vəkilə xidmətinə görə ödənilmiş xərcləri də ərizəsində qeyd edərək kompensasiya ödənilməsini tələb edir. Bildirirlər ki, hüquqi yardımla bağlı kompensasiya tələb edilərkən, hüquqi yardımla bağlı sənədlər, yəni müdafiəçi ilə bağlanılmış müvafiq müqavilələrin surətləri işin materiallarına əlavə olunmalı və hətta bunların iddiaçıya qarşı həmin məhkəmə işi ilə bağlı olması sübut olunmalıdır. Ümumiyyətlə bildirilir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, və s) konkret növləri göstərilmişdir. Qeyd olunan Qanunda iddiaçının tələb etdiyi xərclərə görə hər hansı kompensasiya nəzərdə tutulmamışdır. Bundan əlavə mənəvi ziyana görə də 43.500 manat kompensasiya ödənilməsini tələb etmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1- 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Odur ki, məhkəmədən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2022-ci il tarixli ittiham aktından görünür ki, xx.xx.2017-ci il tarixdə Nərimanov RPİ-nin istintaq şöbəsinin sabiq müstəntiqi Cavid Mirzəli tərəfindən təqsirləndirilən şəxs İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-97/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən, İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tutulan cinayət tərkibi olmaması əsası ilə ona bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” qətimkan tədbiri ləğv edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1163/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair xx.xx.2024-cü il tarixli, 1(101)-97/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli 1(102)-283/2025 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs X1 və onun nümayəndəsi X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-97/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə bəraət almış X11 və İddiaçı barələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 31 iyul tarixli, 1(103)- 1163/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxs X1 və onun nümayəndəsi X6 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hüquqi Yardımın göstərilməsi haqqında M-827 saylı xx.xx.2022-ci il tarixli müqavilədən və qəbzdən görünür ki, İddiaçı Nərimanov Rayon Pİ-nin İstintaq şöbəsində hüquqi yardım göstərilməsi üçün 110 manat ödəniş edilmişdir. Hüquqi Yardımın göstərilməsi haqqında M-982 saylı xx.xx.2022-ci il tarixli müqavilədən və qəbzdən görünür ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqi yardım göstərilməsi üçün 110 manat ödəniş edilmişdir. Hüquqi Yardımın göstərilməsi haqqında M-386 saylı xx.xx.2024-cü il tarixli müqavilədən və qəbzdən görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi üçün 320 manat ödəniş edilmişdir. Hüquqi Yardımın göstərilməsi haqqında EM-1695VK-5646/25 saylı xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Ali Məhkəmədə hüquqi yardım göstərilməsi üçün 300 manat ödəniş edilmişdir. Hüquqi Yardımın göstərilməsi haqqında EM-1695VK-15195/25 saylı xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı hazırkı mülki iş üzrə hüquqi yardım göstərilməsi üçün 300 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Maddə 5.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığazərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi nəticəsində ona mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097 və 1101-ci maddələri təşkil edir. İddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Belə ki, İddiaçı bəraət alıb barəsində seçilmiş qətimkan tədbirinin ləğv olunmasınadək 06 il 02 ay 21 gün (xx.xx.2017-ci il tarixdən xx.xx.2024-ci il tarixədək) müddətində başqa yerə getməmək haqqında iltizamın tətbiq edilməsi işin mübahisəsiz halıdır. Deməli, hazırkı işdə İddiaçı barəsində əsassız olaraq başqa yerə getməmək haqqında iltizamın tətbiq edilməsi ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İddiaçı qətimkan tədbirinin tətbiq edilməsi nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Bundan başqa əsassız olaraq cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azad hərəkət etmək, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmışdır. Təqdim olunmuş sübutların məcmusundan da göründüyü kimi İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi, kifayət qədər uzun müddət ərzində əsassız yerə hüquqlarının məhdudlaşdırılması) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Hazırda iddiaçı mənəvi zərərin əvəzi kimi 43.500 (qırx üç min beş yüz min) manat, azadlığından məhrum edildiyi müddət ərzində gəlirlərindən məhrum edildiyinə əsaslanmaqla ona maddi ziyan vurulduğunu bildirərək 40.000 manat və hüquqi yardımla əlaqədar vəkil tərəfindən xidmət göstərilməsinə görə 1140 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə hesab edir ki, İddiaçı 6 il 2 ay 21 gün müddətində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 250 manat hesablanmaqla 18750 manat məbləğində müəyyən olunmalıdır. O da qeyd olunmalıdır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. İddia tələbinin “maddi ziyana görə 40.000 manat pulun ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiasının əsası kimi istinad etdiyi bu hala dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə həmin hissədə iddia tələbi təmin edilməməlidir. İddianın “hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş məbləğlərin iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan hüquqi yardımın göstərilməsi haqqında müqavilələr və həmin müqavilələr üzrə ödənişləri təsdiq edən qəbzlər əsasında barəsində aparılan cinayət işləri üzrə, habelə hazırkı iş üzrə İddiaçı hüquqi yardımın göstərilməsi ilə əlaqədar 1140 (110+110+320+300+300=1140) manatın ödənilməsi öz təsdiqini tapdığından iddia tələbinin bu hissəsinin 1140 manat həddində təmin edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmiş məqamlarla bağlı qeyd edir ki, Maliyyə Nazirliyi özünün cavabdeh qismində göstərilməsini düzgün hesab etməmişdir, lakin nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyinin cavabdehliyi gələcəkdə qətnamənin icrası baxımından müəyyən edilən haldır. Belə ki, Maliyyə Nazirliyindən ümumən dövlət büdcəsinin icrasına nəzarət edən orqan kimi pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları Maliyyə Nazirliyinin hüquqlarına toxunmur. Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 18750 (on səkkiz min yeddi yüz əlli) manat, göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 1140 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 18750 (on səkkiz min yeddi yüz əlli) manat və hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 1140 (bir min yüz qırx) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2604/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2604/2025
02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver