Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2605/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.000 (altı min) manat və iddianın qaldırılması üçün ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun cavabdehlər "xxxx" ASC-dən və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidromemeteorologiya Xidmətindən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə mülkiyyətində olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın icbari sığortası haqqında müqavilə bağlayaraq əmlakını sığorta etdirmişdir. 12 sentyabr 2021-ci il tarixdə güclü dolu yağması nəticəsində qeyd olunan fərdi yaşayış evinə ziyan dəymişdir və bununla bağlı cavabdeh "xxxx" ASC-yə məlumat vermişdir. Bundan sonra 2 dəfə sığorta şirkətinin əməkdaşları tərəfindən fərdi yaşayış evinə baxış keçirilmiş və dəymiş zərərin məbləği 2.200 manat məbləğində müəyyən edilmişdir. Sonra o, cavabdehə dəymiş ziyanın məbləği ilə razı olmadığını, dəymiş zərərin 26.000 manat olduğu bildirdikdən sonra, 04 fevral 2022-ci il tarixdə cavabdehin bildirişi ilə sığorta ödənişinin verilməsindən imtina olunmuş və əsas kimi göstərilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərər AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı bir yağıntı nəticəsində olmadığından sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Halbuki, cavabdeh tərəfindən ona göndərilmiş bildirişdə qeyd edilmişdir ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, sığortalanmış yaşayış evinə xx.xx.2021-ci il tarixdə güclü dolu yağması nəticəsində ziyan dəymişdir. Məhz bu səbəblərdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən sığortalanmış iddiaçıya məxsus Gədəbəy rayonu Arıqdam kəndində yerləşən fərdi yaşayış evinin təmir-bərpa xərci kimi 26.000 manat və iddianın qaldırılması üçün ödənilmiş 200 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASCdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir və Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 9350 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 113,50 manat, cəmi 9.463,50 manata pulun tutulması qət edilmişdir. Sonradan həmin iş üzrə cavabdeh qətnamədən apellyasiya və kassasiya şikayəti versə də, verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhkəmə iclaslarında iştirak etmək üçün on dəfə iddiaçı yaşadığı Gədəbəy rayonundan Bakı şəhəri getmiş, hər dəfə Bakı şəhərinə gedib-gəlmək üçün 60 manat yol pulu və hər Bakı şəhəri gedəndə səhhəti imkan vermədiyi üçün Bakı şəhərində Biləcəri qəsəbəsində yerləşən Rahat və Kristal oteldə gecələməli olduğu üçün hər gün üçün 30 manat xərci çıxmışdır. Həmçinin, Bakı şəhərində olduğu müddət ərzində gündəlik yemək-içməyə taksi ilə məhkəmələrə və icra idarəsinə getmək üçün təxminən 50 manata yaxın xərci çıxmışdır. Bundan başqa iddiaçı qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh ona sığorta pulunu vaxtında ödəmədiyi üçün məcbur olub xx.xx.2022-ci il tarixdə 7.000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbini müdafiə edərək cavabdehlər tərəfindən ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddiaçının sığorta tələbi məhkəmə qətnaməsi ilə təmin edilmişdir və onlar da öz prosessual hüquqlarından istifadə edərək qətnamədən şikayət vermişlər. Hesab edir ki, hazırki iddia tələbi tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, təmsil etdiyi qurum bundan əvvəlki məhkəmə mübahisəsi zamanı tərəf olmamış, onlara qarşı hər hansı tələb təmin edilməmişdir. Ümumiyyətlə təmsil etdiyi quruma münasibətdə iddia tələbi baxılmamalı, onların cavabdehliyinə xitam verilməlidir. İş materialları: Cavabdeh "xxxx" ASC iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanılmış və Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı almışdır. İddiaçı ərizə ilə cavabdeh şirkətə müraciət edərək, xx.xx.2021-ci il tarixlərində Gədəbəyə güclü dolu yağması nəticəsində sığortalanmış əmlaka maddi ziyan dəydiyini bildirmiş, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC-dən 26 000,00 (iyirmi altı min) manat sığorta ödənişinin və iddianın verilməsi üçün ödənilmiş 200,00 (iki yüz) manat, ümumilikdə 26 200,00 (iyirmi altı min iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, "İcbari sığortalar haqqında" AR Qanununun 17.1.4-cü maddəsinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış icbari sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan sənədlərdəndir. Qeyd edilən hadisə ilə bağlı AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən sığorta hadisəsinin olub-olmamasını təsdiq edən sənəd xx.xx.2022-ci il tarixdə sığorta şirkətinə daxil olmuşdur. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, AS-22/104 saylı məktubla İddiaçı hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunması barədə məlumat verilmişdir. Bundan sonra, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3044/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, "xxxx" ASC tərəfindən 9 463,50 (doqquz min dörd yüz altmış üç manat əlli qəpik) manat məbləğində sığorta ödənişi İddiaçı bank hesabına köçürülmüşdür. Bununla da, "xxxx" ASC xx.xx.2021-ci il tarixli RAA********** saylı sığorta müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmişdir. Son olaraq qeyd etmişdir ki, cavabdeh olaraq "xxxx" ASCnin apellyasiya va kassasiya şikayətləri verməsi ödənişi gecikdirmək məqsədi daşımamışdır, tam olaraq prosessual hüququ olmuşdur. Cavabdeh AR ETSN Milli Hidromemeteorologiya Xidməti tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi və AR Ali Məhkəməsinin qərarı ilə tanış olduqda məlum olur ki, Milli Hidrometeorologiya Xidməti hüquqi şəxs qismində yuxarıda qeyd olunan heç bir məhkəmə instansiyalarında məhkəmə proseslərinə cavabdeh və şahid qismində cəlb edilərək iştirak etməmişdir. "xxxx" ASC ilə vətəndaşın arasında bağlanmış müqavilə öhdəliklərinə və öhdəlikdən törəyən məsuliyyətə Milli Hidrometeorologiya Xidmətinin heç bir aidiyyatı yoxdur. İddiaçı tərəfindən hüquqi şəxsin cavabdeh qismində cəlb edilməsi əsassız və qanunsuzdur. Hazırki iş üzrə iddiaçı tərəf Milli Hidrometeorologiya Xidmətinin bilavasitə hansı əsasa və səbəbə görə məsuliyyət daşımasını əsaslandırmamış, qanunun tələbinə görə sübutetmə vəzifəsi onun üzərinə düşdüyündən bunu təsdiq edən hər hansı sübut və dəlil təqdim etmədən formal surətdə cavabdeh kimi göstərmişdir. Son olaraq, hüquqi şəxs olaraq cavabdehlərin siyahısından çıxarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 964/2023 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(006)-3044/2022 saylı qətnaməsi ilə cavabdeh “Ata Sığorta" ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 9350 (doqquz min üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 113,50 (yüz on üç manat, əlli qəpik) manat, cəmi 9.463,50 (doqquz min dörd yüz altmış üç manat, əlli qəpik) manat məbləğində pul tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri, 100 (yüz) manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsini qət edilmişdir və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-964/2023 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən cavabdeh “AtaSığorta" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1949/2023 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-964/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Arıqdam kənd sakinləri X8, X17, X23, X20, X7, X3, X18, X10, X13, X14 və X11 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 11-12 sentyabr 2021-ci il tarxində Arıqdam kəndinə güclü dolu yağmışdır və dolu yağışı nəticəsində kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin dam örtüyü yararsız hala düşmüşdür. Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Arıqdam Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 192 nömrəli arayışının surətindən görünür ki, 27 iyun 2022-ci il tarixdə Arıqdam kəndinə yağan güclü dolu və leysan yağışı nəticəsində İddiaçı məxsus fərdi yaşayış evinin, tövlənin və çardağın dam örtüyünə təkrarən ziyan dəymişdir. “Azərbaycanın Beynəlxalq Bankı”nın ******************** nömrəli İddiaçı adına olan hesabdan xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, hesab üzrə dövriyyə 628,53 manat məbləği təşkil etmişdir. Finca Azerbaijan QBKT tərəfindən verilmiş **********075750 nömrəli xx.xx.2022-ci il tarixli kreditvermə qəbzindən müəyyən edilir ki, İddiaçı 231 manat komisyon haqqı çıxılmaqla 7000 manat məbləğində kredit verilmişdir. Finca bank olmayan kredit təşkilatı tərəfindən İddiaçı verilmiş qəbzin surətindən görünür ki, müştəri kodu 920529 olan İddiaçı 7000 manat məbləğində kredit məbləğinə görə aylıq ödəniş məbləği 379 manat olmaqla xx.xx.2022-ci il tarixdə ödəniş tarixidir. Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 51/01-378 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1989cu il tarixdən ƏƏSMN yanında DSMF Gədəbəy rayon şöbəsindən İİ qrup hərbi qulluq dövrü əlili kimi ömürlük pensiya alır. Nəsimi rayon icra şöbəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli e145634/2023-5-34-004 nömrəli məktubun surətindən görünür ki, Nəsimi rayon icra şöbəsi Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3044/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamışdır. ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin "xxxx" ASC-nin 30.12.201-ci il tarixli AS-SHTD-21/2177 nömrəli sorğusuna cavab olaraq bildirdiyi xx.xx.2022-ci il tarixli 20/87 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixində Gədəbəy rayonunda hava tutqun buludlu, görünüş 10 km, havanın orta temperaturu 15ºC, minimal 12.5ºC, şərq istiqamətli küləyin maksimal sürəti 8 m/san olmuş və yağıntı qeydə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında sığorta münasibətləri olmuş və bununla bağlı mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmin qətnamə üzrə cavabdeh tərəfindən sığorta ödənişi edilmədiyi üçün iddiaçıya dəymiş zərər məhkəmə qaydasında müəyyən edilməklə sığorta ödənişinin həyata keçirilməsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh sığorta şirkəti tərəfindən həmin qətnamədən şikayət verilsə də, nəticə etibarilə iddiaçının pozulmuş hüquqları bərpa edilmişdir. Hazırda iddiaçı tələbində 6000 manat çəkdiyi xərclərin ödənilməsini tələb etmiş və bu məbləği bundan əvvəlki məhkəmə prosesində iştirakı ilə əlaqədar yaşadığı rayondan Bakı şəhərinə gəlməsi ilə əlaqələndirilmiş, habelə cavabdeh sığorta şirkətinin sığorta ödənişini vaxtında icra etməməsi ilə əlaqədar bank olmayan kredit təşkilatı ilə kredit münasibətlərinə daxil olmağa məcbur olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində irəli sürdüyü dəlillər və tələbin özü əsassızdır və təmin edilməməlidir. İddiaçı tərəflər arasında daha əvvəlki məhkəmə proseslərində iştirakı ilə əlaqədar çəkmiş olduğu xərcləri cavabdehin qanunsuz hərəkətləri ilə əlaqələndirmişdir ki, məhkəmə istər cavabdeh "xxxx" ASC-nin, istərsə də, digər cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin iddiaçıya birbaşa iddia tələbində göstərilən zərərin vurulmasına səbəb olan təqsirli hərəkətlərini müəyyən etmir. Bundan əvvəlki məhkəmə icraatı zamanı sığorta şirkətinin müvafiq xidmətin məlumat xarakterli məktubuna istinadən sığorta ödənişini həyata keçirməkdən imtina etməsinə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qiymət verilmişdir. Həmin icraat çərçivəsində cavabdeh olan sığorta şirkətinin mülki prosessual qanunvericiliyin verdiyi imkanlarından istifadə etməklə məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin yuxarı instansiya məhkəmələrində mübahisələndirməsi hazırki iş üzrə iddiaçının qeyri-müəyyən olaraq 6000 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə iddiasını əsaslı hesab etməyə imkan verən hal deyildir. Məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2605/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2605/2024
25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver