Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-264/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 ASC-nin nümayəndəsi X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-yə və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KİA markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada 8000 manat pulun və 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ-nin polis kapitanı X4 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, xx.xx.2023-cü il tarixində saat 15:00-da LEXUS ES250 MİNİK markalı, 90PG025 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edən zaman Cavabdeh1 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və inzibati xəta törətdiyinə görə təqsirli bilinərək onun barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh1 idarə etdiyi LEXUS ES250 minik markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. Belə ki, sözügedən nəqliyyat vasitəsinin sahibi "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. Bakı şəhər DYPİ-nin tərəfindən verilən “Yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə Məlumatda qeyd ki, zərərçəkən avtomobil Kia markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlıdır, həmin avtomobilin mülkiyyətçisi isə İddiaçı, hadisə zamanı avto nəqliyyat vasitəsini idarə edən şəxs isə etibarnamə əsasında X5 olmuşdur. Hadisə zamanı onun avtomobilinə ümumilikdə 13195 manat məbləğində ziyan dəymişdir. Həmin ziyanın bir hissəsini, yəni 5000 manatını sığorta şirkəti ona ödəmişdir. Qalan məbləği isə hadisəni törətmiş avtonəqliyyat vasitəsinin sahibi və sürücüsündən dəfələrlə tələb etməsinə baxmayaraq ona ödənilmədiyi üçün məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Həmçinin Cavabdeh1 istintaq zamanı verdiyi izahatda belə özünü təqsirli olmasını etiraf edir və hadisənin necə baş verməsi barədə məlumat əlavə olunmuşdur. Kia markasının rəsmi servis mərkəzi olan KİA MOTORS Servis Mərkəzi tərəfindən təqdim olunan qüsur aktında avtomobilin zərəri 13195 manat müəyyən edilmişdir. Yol vərəqəsi əsasında avtomobili idarə edən Cavabdeh1 ilə yanaşı LEXUS ES250 MİNİK markalı, 90PG025 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" Açıq Səhmdar Cəmiyyəti işçisinin vurduğu zərər üzrə maddi məsuliyyət daşıyır. Sonradan "xxxx" ASC iddiaçının vəsatəti əsasında cavabdeh qismində cəlb edilmişdir. Cavabdeh "xxxx" ASC etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, avtomobilin satılmasına dair iddia ərizəsinin özündə heç bir qeyd yoxdur. Məhkəmədə real dəymiş zərər barədə müzakirələr başlayanda iddiaçı tərəf avtomobilin satıldığını bildirsə də, hansı qiymətə satıldığını bildirməmişdir. Yalnız ekspert rəyində fotolar əsasında avtomobilin dəyərinin 12500 manat olduğu bildirildikdən sonra, iddiaçı tərəf avtomobilin 12000 manata satdığını bildirmişdir. Lakin, bu dəfə də avtomobilin satılmasına dair detallar gizli saxlanılmışdır. Qeyd etmək lazımdır ki, cari iş xx.xx.2023-cü il tarixdə məhkəmə icraatına daxil olmuşdur və həmin tarixdən bəri iddiaçı tərəf 1 dəfə də olsun avtomobilin satıldığı qiymət barədə məlumat verməmişdir. Qanunvericilik tərəfindən imperativ qayda olaraq müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəf alğı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmasını belə sübut edə bilmir. Bundan başqa iddiaçı tərəfin istinad etmək istədiyi alğı-satqı müqaviləsi Banka münasibətdə 3-cü tərəflərin iradəsindən asılı olan bir məqamdır və həmin müqavilənin dəyəri tərəflərin iradəsi ilə müəyyən edilə bilərdi. Məsələn, tərəflər razılığa gələrək, avtomaşını dəyərindən dəfələrlə aşağı da dəyərləndirib, aradakı fərqi Bankdan alaraq, aralarında bölə bilərlər. Bu səbəbdən də iddiaçı tərəfin heç bir sübut təqdim etmədən istinad etdiyi hala əsaslanmaları həm hüquqazidd, həm də hüquqi müəyyənlik prinsipinə ciddi zərər vura biləcək bir addımdır. Belə ki, gələcəkdə avtoqəzada zədələnən bütün avtomobillərin sahibləri qanunvericilikdə müəyyən edilmiş qaydada deyil, hər hansı üçüncü şəxslə aşağı dəyərli müqavilə bağlayaraq, cavabdehdən qeyri-mütənasib dərəcədə yüksək məbləğ alaraq, yeni qanundan yayınma mexanizmi yaratmış olacaqlar. Bundan başqa analoji situasiyaların hüquqi həlli qanunvericilikdə öz əksini tapmışdır və iddiaçı tərəf iddia tələbinə təqdim etdiyi dəqiqləşdirmə ilə həmin prosedura zidd çıxmışdır. Baş vermiş qəzanın sığorta hadisəsi olmasını heç bir tərəf mübahisələndirmir, əks təqdirdə iddiaçı tərəf digər sığorta şirkəti tərəfindən aldığı 5000 manat vəsaiti iddia ərizəsdinin ilkin versiyasında qeyd etməzdir. Bu səbədən də cari münasibətlərə sığorta münasibətlərini tənzimləyən qanunvericilik mütləq şəkildə tədbiq edilməlidir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC, "xxxx" ASC və Cavabdeh1 müştərək qaydada vurulmuş ziyana görə 8000 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X6 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə münasibətdə onu etiraf etməyərək, izahatında bildirdi ki, İndividual Services tərəfindən təqdim edilmiş yekun qüsur aktına əsasən avtomobilə dəymiş ziyan 7340 manat kimi qiymətləndirilmişdir. Sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat həmin məbləğdən çıxılmaqla, 2340 manatın iddiaçıya ödənilməsinə etiraz etmədi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan TP ******* saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:00-da Cavabdeh1 Lexus ES250 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat cərimə edilmişdir. İş materiallarında olan “İndıvıdual servıces” tərəfindən "xxxx" ASC üçün tərtib edilmiş xx.xx.2023-cü il tarixli yekun qüsur aktının surətindən görünür ki, KİA Optima markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi 7340 manat hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı Ödəniş aktı №ZBT142357/23-dən görünür ki, sığortalanmış KİA Optima markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq İddiaçı xx.xx.2023-cü il tarixdə 5000 manat ödəniş edilmişdir. İş materiallarında olan KİA Motors tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, KİA Optima markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə 13195.25 manat ziyan dəymişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Lexus ES250 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" ASC-dir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Lexus ES250 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi "xxxx" ASC-nin mülki məsuliyyəti icbari sığortalanmışdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh1 Lexus ES 250 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə dair yol vərəqəsi verilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, “KİA Motors” Servis Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı “Kia Optima" markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 13193.0 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - ******* manat; təmir-bərpa işlərinin qiyməti - 1842,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 9703,00 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 7861,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1842,00 manat. 2. Nəzəri hesablama yolu ilə, İndividual Servis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, qüsur aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı, “Kia Optima” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10524.0 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 8724,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1800.00 manat. 2.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7842,00 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 6042,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1800,00 manat. 5-ci sual üzrə: Respublikada yerləşən avtobazarlarda, internet (sayt: Turbo.az) saytlarında mövcud olan qiymətlərdən, eləcə də Mərkəzdə olan ekspert praktikası məlumatlarından istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda və iş materiallarında qeyd edilən 2014cü il buraxılışlı, “Kia Optima” markalı, 9C-ZH-974 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməmişdən əvvəl, normal vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 25 000 manat, təmir edilməmiş halda qüsur aktlarında qeyd edilən zədələr nəzərə alınmaqla təxminən 12500 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə ilk öncə iddianın “Cavabdeh1 pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir (xx.xx.2024-cü il tarixli 2(102)-135/2024 nömrəli qərar). İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh1 Lexus ES250 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə KİA Optima markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər dəymişdir. Məhkəmə iclasında müəyyən olundu ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı KİA Optima markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçıya 5000 manat ödənilmişdir. Sığorta hadisəsi baş verərkən "xxxx" ASC-yə məxsus avtomobili yol vərəqəsi əsasında Cavabdeh1 idarə etdiyindən, o, cavabdehlik daşıya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur, o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Digər tərəfdən Azərbaycan Respublikası MM-in 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə iddianın qeyd edilən hissəsinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə əsassızdır. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyekt müəyyən edilməklə ona qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia təlləbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (Mülki Prosessual Məcəllənin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən hissə üzrə Cavabdeh1 iddiaya cavab verməli şəxs olmadığından, sözügedən hissədə iddia rədd edilməlidir. Məhkəmə iddianın “digər cavabdehlərdən 8000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İddianın qeyd edilən hissəsinin əsasları kimi avtomobilin uçuz satılması və avtomobilin zədələnməsi nəticəsində zərərin vurulduğu göstərilmişdir. İddiaçının avtomobilinə təqsirli olaraq zərərin vurlması və bunun sığorta hadisəsi hesab edilməsi mübahisələndirilmir. Zərərin vurulması məbləği isə işin mübahisələndirilən halıdır. Cavabdehlər "xxxx" ASC və "xxxx" ASC mübahisələndirilən hissəyə münasibətdə iddiaçı ilə icbari sığorta münasibətlərində olan "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” qanunun 52-1 maddəsinə əsasən müəyyən etdiyi qüsur aktında göstərilənlərin və icbari sığorta üzrə 5000 manat məbləğində ödənişin iddiaçı tərəfindən qəbul edilməsi halına əsaslanaraq, bunula da vurulmuş zərərin "xxxx" ASC tərəfindən müəyyən edilmiş 7340 manat həcmində olması faktının iddiaçı tərəfindən qəbul edildiyi dəlilini irəli sürərək, zərərin yenidən qiymətləndirilməsi ilə sonradan daha çox məbləğin tələb edilməsi hissəsini qəbul etmirlər. Bundan əlavə, cavabdehlərin digər dəlilləri qismində sığorta qanunvericiliyinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin mübahisələndirildiyi təqdirdə qiymətləndirilmənin məhz Mərkəzi Bankın reyestrində qeydiyyatdan keçmiş qiymətləndiricilər tərəfindən aparılması barədə imperativ göstərişin olmasına baxmayaraq, səlahiyyəti müəyyən edilməyən şəxs tərəfindən, qeydiyyat nömrəsi olmayan, KİA MOTORS-a məxsus olması müəyyənləşdirilə bilməyən möhür vurulan yeni, xx.xx.2023-cü il tarixli qüsur aktının sübut qismində qəbul edilməməli olmasını qeyd etmişlər. Məhkəmə iddia tələbinin avtomobilin zədələnməsi nəticəsində zərərin vurulması həcminə dair hesab edir edir ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən vurulmuş zərərin 7340 manat məbləğdə olmasının müəyyən edilməsinə münasibətdə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi sübut kimi əsas götürülməlidir. Rəydə “İndividual Servis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı, “Kia Optima” markalı, **-ZH- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işləri ilə birlikdə dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7842,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi sığorta ödənişi həyata keçirilir. Həmin Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Sığorta ödənişi "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə edildiyi anda qüvvədə olan Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Mülki Məcəlləyə dəyişikliklərin edilməsinə dair xx.xx.2023-cü il tarixli Qanundan sonra qüvvəyə minən 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin xx.xx.2023-cü il tarixə olan redaksiyasına görə zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi müstəqil ekspert tərəfindən aparılır. Həmin qanunun 16.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. Azərbaycan Respublikası Mərkəzi X7 29 iyun 2022-ci il 25/2 №-li Qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın 5.3-cü bəndinə əsasən sığorta ödənişi verildikdən sonra zərərçəkənin sığortaçısı sığorta ödənişinin verilməsini təsdiq edən, qiymətləndirmənin nəticələrini əks etdirən və faydalanan şəxsin sığorta ödənişi məbləği ilə razı olduğunu təsdiq edən məlumatları və sənədlərin surətlərini iddia faylına daxil edir. 5.4-cü bəndinə əsasən isə Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş sənədlərin sonuncusu iddia faylına daxil edildikdən sonra zərərçəkənin sığortaçısı informasiya sistemi üzərindən zərərvuranın sığortaçısına qarşı subroqasiya tələbi yaradır və informasiya sistemi vasitəsilə Büroya təqdim edir. İş materiallarından müəyyən olunur ki, Lexus ES250 markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" ASC-nin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-in 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qanunvericiliyin tələbindən və təqdim edilmiş sübutlardan göründüyü kimi, iddiaçı sığorta ödənişinin qəbulundan əvvəl vurulmuş zərərin miqdarının mübahisələndirilməsi və müstəqil ekspert tərəfindən qiymətləndirilməsi hüququndan istifadə etməməklə ona vurulmuş zərərin həcmi ilə razılaşmışdır. Beləliklə, Məhkəmə hesab edir ki, sığorta ödənişinin əvəzi olaraq cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-dən 2842 manat (7842-5000=2842) alınaraq iddiaçıya ödənilməlidir. İddianın avtomobili uçuz satılması əsası ilə zərərin əvəzinin ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat (Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmişdir) 48-ci bəndinin 4-cü abzasına əsasən Avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələr, avtonəqliyyat vasitələrinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, onların müayinədən keçməsi barədə arayış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin informasiya sistemindən “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edildikdən sonra təsdiq edilir. İddiaçı alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmasına sübut gətirməməklə, alqı-satqının məbləği barədə də rəsmi sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin dövlət rüsumunun əvəzi olaraq 100 manatın ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 48.42 manatı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməli, qalan 51.58 manat isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manat cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-dən maddi zərərə görə 2842 manat, ödənilmiş dövlət rüsumuna görə 48.42 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manat cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ**********00********). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-264/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-264/2024
18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver