Məhkəmə qərarları › İş №e-2(006)-265/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-265/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-265/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12757.93 manat əsas, 10461.05 manat faiz, 9127.95 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1301.95 manat faiz borcu və iş üzrə ödənilmiş 190.94 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “şəxsi istehlak” məqsədi ilə 48 ay müddətinə illik 20 % dərəcəsi ilə 14700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh4ilə Bank arasında 290006821/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra xx.xx.2017-ci il tarixdə Cavabdeh2 ilə bank arasında 01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 1 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı ümumilikdə 13170.58 USD konvertasiya edilməklə (1 USD = 1.40 AZN) bu Sazişin qüvvəyə mindiyi tarixə 18438.81 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 33647.88 manat təşkil edir. Bundan 12757.93 manat əsas, 10461.05 manat faiz, 9127.95 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 1301.95 manat faiz borcu təşkil edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 etirazla məhkəməyə müraciət edərək iddianın onlara dair hissədə rədd edilməsini xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, əsas borclu Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə vaxtı çatmış ödənişlər 2018-ci il tarixindən icra edilmir. Hətta zaminlik öhdəliyi üzrə son tarix olaraq əlavə saziş üzrə xx.xx.2022-xx.xx.2023-cü il dövrü götürülsə və iddiaçının məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməsi nəzərə alınsa birmənalı olaraq tələbetmə müddətinin ötürüldüyü və zaminliyə xitam verilməli olduğu müəyyən olunur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehləin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 48 ay müddətinə, illik 20% hesabı ilə 14700 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC ilə zaminlər Cavabdeh4, Cavabdeh3 və borcalan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 290006821/ZM saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi ilə borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyətin zaminlərin öz üzərlərinə götürmələri haqqında bağlanmışdır. İş materiallarında olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əlavə saziş №1-də göstərilmişdir ki, borcalanın kreditor qarşısındakı 10130.11 ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borcu, 3040.47 ABŞ dolları faiz borcu, ümumilikdə 13170.58 ABŞ dolları konvertasiya edilməklə (1 ABŞ dolları=1.4 manat) saziş qüvvəyə mindiyi tarixə 18438.81 manat təşkil edir. Restrukturizasiya edilmiş kredit müddəti əlazə saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixindək uzadılır. İş materiallarında olan İddiaçı ASC ilə zamin Cavabdeh2 Şahin oğlu və borcalan Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 01 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 01 xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyətin zaminin öz üzərinə götürməsi haqqında bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə zaminlər Cavabdeh4, Cavabdeh2 Şahin oğlu, Cavabdeh3 və borcalan Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə əlavə saziş № 01-dən görünür ki, zaminlər əlavə saziş üzrə də öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadlır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə 12757 manat əsas, 10 461 manat faiz, 9127 manat cərimə, illik 5%lə hesablanmış 1301 manat faiz məbləği borcu vardır. İş materiallarında olan LPO İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, 3 gün ərzində borcun ödənilməsinin təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, rəyin tədqiat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə saziş müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinin sonuna yəni xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 12727.73 manat, faiz borcu 9736.71 manat, müqavilə müddətindən sonra maliyyə arayışı müddətinədək yəni xx.xx.2024-cü il tarixinədək illik 5 faizlə hesablanmaqla əsas borc üzrə 12727.73 manat, faiz borcu üzrə 9736.71 manat, illik 5 faiz borcu üzrə 1281.61 manat müəyyən edilmişdir. Qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün yuxarıda göstərilən tarixlər üzrə Cavabdeh1 cərimə borcu hesablanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli təkrar rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-cü il tarixli 01 nömrəli Əlavə Sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas və faiz borcu, eyni zamanda kredit müqaviləsinin müddəti bitdikdən sonra olan dövrdə qalıq əsas məbləğə görə xx.xx.2024-cü il tarixədək ilik 5 faiz dərəcəsi ilə hesablanmaqla gecikdirilmiş müddət üçün faiz borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2022-ci il tarixinədək; əsas borc üzrə 12.727,73 manat; faiz borcu üzrə 9.736,71 manat. xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 5%lə hesablanmaqla faiz borcu-1281.61 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının eyni zamanda iddia tələbində borcun zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsini tələb edilməsində haqlı olmamışdır və onlara aid hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İşin araşdırılmış hallarından görünür ki, kreditor İddiaçı ASC ilə zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə sazişdən görünür ki, həmin müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə ona qarşı iddia irəli sürülməmişdir. Qeyd olunan hallar isə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 zaminliyə xitam verilməsi üçün əsasdır. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 dair hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, ekspert rəyləri əsas götürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 12727.73 manat əsas, faiz borcuna görə 9736.71 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 12727.73 manat məbləğində əsas borca münasibətdə 9127.95 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 150 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə iddia tələbinin əsas borca illik 5 faizlə hesablanmış 1301.95 manat faiz borcunun tutulmasına münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.1-ci və 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd olunan mülki qanunvericiliyin müddəalarından görünür ki, borclu vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda borclu tərəfindən pul məbləğinin ödənilməsini gecikdirilməsi halında, əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, kreditorun borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ nəzərdə tutulmuşdur. Odur ki, qeyd edilən hissədə də iddia qismən təmin edilməklə, cavabdehdən gecikdirilmiş vaxt üçün ekspert rəyi ilə müəyyən edilən məbləğdə-1281.61 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması üçün dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 12727.73 manat əsas, 9736.71 manat faiz, 150 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 1281.61 manat faiz borcu, cəmi 23 896.05 manat və dövlət rüsumuna görə ödənilmiş 190.94 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 12727.73 manat əsas, 9736.71 manat faiz, 150 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 1281.61 manat faiz borcu, cəmi 23896.05 manat və dövlət rüsumuna görə ödənilmiş 190.94 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar