Məhkəmə qərarları › İş №e-2(006)-2650/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2650/2022

28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2650/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «hərəkətlərin qanunsuz hesab edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh ASC-yə qarşı «hərəkətlərin qanunsuz hesab edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Biləsuvar rayonu Səmədabad kəndi ünvanda 30 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 50404,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 25198.2 kv.m. olan 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transformator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi, 1 ədəd inzibati idarə binası və 1 ədəd keçid buraxılış məntəqəsini icarəçi İddiaçı icarəyə vermişdir. İcarə müddəti xx.xx.2030-cu ilədək, aylıq icarə haqqı 1000 manat müəyyən edilmişdir. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi 0 olan arayışa əsasən müqavilə bağlananadək Biləsuvar rayonu Səmədabad kəndində yerləşən qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsində dəyişiklik edilmiş, 7-ci bəndində qeyd edilmiş «İcarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə yerə bilməz» hüquqi və fiziki şəxslərə verilə bilər qeyd edilmiş, icarəçiyə maliyyə ödənişlərini qəbul edə bilər hüququ verilmişdir. xx.xx.2021ci il tarixli müqaviləyə əsasən Babazadə X9 rayonu Səmədabad kəndi ünvanda 30 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 50404,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 25198,2 kv.m. olan 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transformator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi, 1 ədəd inzibati idarə binası və 1 ədəd keçid buraxılış məntəqəsini "xxxx" ASC-yə icarəyə verilmişdir. Müqavilə şərtlərinə əsasən İcarəçi tərəfindən İcarəyə verənə ayda 6000 manat məbləğində icarə haqqı ödənilməsi nəzərdə tutulmuş, müqavilənin müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları Natiq Cəfərov və Nümayəndə2 "xxxx" ASC-yə məxsus fabrikə qələrək, cəmiyyətin bankda kredit müqaviləsi üzrə girov qoyulduğunu və səhmdar cəmiyyətin artıq bank tərəfindən alındığını iddia edərək heç bir sənəd təqdim etmədən fabrikə daxil olub, əvvəlcədən heç bir xəbərdarlıq etmədən icarəçinin inzibati ərazidə fəaliyyətinə icazə verməyərək onları kənarlaşdırmışlar. Buna baxmayaraq icarəçi "xxxx" ASC bankın qanunsuz hərəkətlərinə qarşı heç bir addım atmamış, heç bir etiraz etmədən və icarəyəverən İddiaçı məlumat vermədən icarəyə götürdükləri inzibati ərazidən çıxmışlar. İddiaçı hadisədən bir neçə gün sonra bundan məlumatlı olmuşdur. Araşdırma zamanı müəyyən olmuşdur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin "xxxx" ASC-yə və qeyrilərinə qarşı «kredit borcun qaytarılması» tələbinə dair iddiası təmin edilmiş, kredit borcunun cavabdehdən tutulması və tələbin digər cavabdehlər tərəfindən girov qoyulmuş səhmlərə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyalarında mübahisələndirilmiş, lakin qüvvədə saxlanılmışdır. İcra işinin materialları ilə tanış olarkən məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İlyas Cəfərov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı tərəflərə bildiriş göndərilmişdir. Daha sonra müxtəlif tarixlərdə hərracın təşkili ilə bağlı "xxxx" MMC-yə və «X5» MMC-yə sifarişlər verilmişdir. Ən nəhayət harracın təşkili Bakı Fond Birjasına həvalə olunmuşdur. İcra işinin materiallarında girov qoyulmuş qiymətli kağızların bank tərəfindən alınmasını, səhmlərin hərracda satılmasını təsdiq edən hərrac protokolu yoxdur. Bank tərəfindən icarəçiyə əmlakın boşaldılmasına əsas olan məhkəmə qətnaməsi, alınmış səhmlərlə bağlı səhmdar cəmiyyətin dövlət qeydiyyatında dəyişikliklər edilməsi (rəhbər dəyişikliyi, idarə heyəti üzvləri) barədə sənədlər təqdim edilmədən özbaşınalığa yol verilmişdir. Bundan sonra əmlakın boşaldılması, səhmdar cəmiyyətə məxsus avadanlıqların təhvil-təslimi aparılmamış, qeyd edilən hərəkətlərdə məhkəmə qərarını icra etməli olan orqan səlahiyyətli nümayəndəsi iştirak etməmiş, qanunsuz olaraq bankın mühafizə şöbəsinin əməkdaşları inzibati binanı mühafizəyə alaraq iddiaçının və orada çalışan şəxslərin əraziyə daxil olmasına imkan verməmişlər. Hesab edir ki, Cavabdeh ASC-nin əməkdaşlarının icarəyə götürülmüş əmlaka heç bir hüquqi əsas olmadan, özbaşına daxil olmaları qanunsuz hesab edilməli, həmin şəxslərin barəsində xüsusi qərardad çıxarılmalı və vurulmuş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh ASC səhmlərin hərracdan alındığı əsas gətirməklə "xxxx" ASC-nin dövlət qeydiyyatında heç bir dəyişiklik etmədən və əmlakın boşaldılması, qanunsuz sahiblikdən tələb edilməsi ilə bağlı məhkəmə qətnaməsi olmadan qanunsuz olaraq icarəyə götürülmüş əmlaka daxil olmuş, cəmiyyətin, icarəçinin, orada çalışan əməkdaşların əmək fəaliyyətini, hüquqlarını pozmuş və bununla da İddiaçı maddi ziyan vurmuşdur. Halbuki təqdim edilmiş sənədlərdən də görünür ki, bankdan götürülmüş kredit öhdəliklərinin təminatı daşınmaz əmlak deyil, "xxxx" ASC-nin və digər şəxslərin səhmləri olmuşdur. Səhmlərin hərracdan alınması (əgər alınmışdırsa) və balansa götürülməklə onların mərkəzi depozitlarda reyestr qeydiyyatına alınması banka, əmlaka daxil olmaq, orada mühafizə təyin etməyə əsas verməmişdir. Cavabdeh ASC müəyyən edilmiş davranış qaydasını aşkar surətdə pozmaqla, qanunla nəzərdə tutulmayan üsul və vasitələrdən istifadə etmədən icarədə olan əmlakı özbaşına götürmüşdür. Halbuki, bank bu hüququnu əmlakı özbaşına götürməklə deyil, məhkəməyə müraciət etməklə həyata keçirməli idi. Hesab edir ki, səhmlər alındıqdan sonra səhmdarların ümumi yığıncağı keçirilməli, cəmiyyətin qanunvericiliyə uyğun fəaliyyəti təşkil edilməli, idarəetmə strukturu formalaşdırılmalı, idarə heyətinin sədri və üzvləri təyin edilməli və digər hərəkətlər (hüquqi ünvan və s.) edilməli idi. Daha sonra hüquqların müdafiəsi məhkəmə qaydasında təmin ediməli, məcburetmə ilə bağlı tədbirlər icra məmurları tərəfindən tətbiq edilməli idi. Qanunvericiliyin qeyd edilən tələbləri olduğu halda heç bir əsas olmadan, xəbərdarlıq etmədən, məhkəmə qərarı olmadan və aidiyyəti üzrə icra məmuru iştirak etmədən Cavabdeh ASC-nin özbaşına olaraq, vətəndaşın iradəsinə zidd olaraq inzibati binaya daxil olması nəticəsində İddiaçı əldə edəcəyi gəlirdən məhrum olmuş, onun işgüzar nüfuzuna zərər vurulmuşdur. Hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi qüvvədə olduğundan və ləğv edilmədiyindən əldən çıxmış fayda olaraq 36.000 manat, işgüzar nüfuzu vurulmuş zərərə görə 5.000 manat, cəmi 41.000 manat Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməli, Cavabdeh ASC-nin həmin əmlakda faktiki fəaliyyəti qanunsuz hesab edilməli və əməkdaşları fabrikdən çıxarılmalıdır. Bundan başqa, xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı "xxxx" ASC qarşısında icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunmasına dair öhdəlik götürmüşdür. Belə olduğu halda həmin ərazidə baş verə biləcək hadisəyə görə kimin məsuliyyət daşıması da sual altında qalır. Həmçinin İddiaçı tərəfindən icarəyə götürülmüş əmlakda müəyyən yaxşıdaşdırma işləri aparılmış, fabrikin qaz təchizatı təmin edilmiş, bununla bağlı külli miqdarda xərc çəkilmiş və nəticə olaraq girov predmeti olmayan və icarəçi tərəfindən alınmış əmlaklar və görülmüş işlər Cavabdeh ASC tərəfindən mənimsənilmişdir. Bundan başqa qeyd edilməlidir ki, tərəflər arasında olan icarə münasibətlərinə xitam verilməmiş, icarə müqaviləsi qüvvədədir. Göstərilənlərə əsasən Cavabdeh ASC-nin icarəyə götürülmüş əmlaka daxil olmaqla hərəkətlərinin və hazırki fəaliyyətlərinin qanunsuz hesab edilməsi, Cavabdeh ASC-nin icarəyə götürülmüş əmlakdan məcburi çıxarılması, cavabdehdən əldən çıxmış fayda olaraq 36.000 manatın, 5.000 manat işgüzar nüfuza vurulmuş zərərin, 213 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onun qeyd olunan əmlakın Cavabdeh ASC-nin girovunda olduğundan məlumatı olmuş, bu barədə banka hər hansı bir məlumat verməmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49- 1.2-ci maddəsinə görə aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sahə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin Məcəllənin 99.3-cü maddəsinə görə açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Göründüyü kimi iddiaçı əqd bağlayarkən nə müstəqil auditorun rəyi, nə də hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı təqdim olunmamışdır. Məcəllənin 107-10.7-ci maddəsinə əsasən cəmiyyətin səhmlərinin iyirmi faizinə malik olan səhmdar cəmiyyətinin icra orqanının üzvü seçilə bilməz. İddiaçının adı Əli Babayevin 52% səhmi olduğu halda o heç icra orqanına üzv seçilməməli idi. Sözügedən əqd uydurma əqddir. İddiaçı icarə ilə bağlı heç bir ödəniş etməyib. Bu halda hansı hüquq pozuntusundan və hansı dəymiş zərərdən söhbət gedə bilər? Tərəflərin əqdi bağlayarkən icarə müqaviləsi ilə bağlı münasibətlər qurmaq fikirləri olmayıb. Uydurma əqd bağlandığı andan etibarsızdır və heç bir hüquqi nəticə doğurmur. Burada məqsəd məhkəmə qərarının icrasına maneə yaratmaq olub. 2021-ci ilin oktyabr ayından artıq səhmlər Banka məxsus olub. Cavabdeh tərəfindən heç bir qanunsuzluğa yol verilməyib. Banka heç icarə müqaviləsi ilə bağlı məlumat da verilməyib. Həmçinin iddiaçının 36.000 manat əldən çıxmış fayda və 5000 manat işgüzar nüfuza zərərlə bağlı da heç bir sübutu yoxdur. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-49/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və ona xx.xx.2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə Cavabdeh ASC-yə olan 2.337.516,80 manat əsasn borc, 345.529,28 manat məbləğində faiz borcu, 2000 manat məbləğində cərimə, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixinə icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə əsas borc məbləğinə hesablanmış 163.950,83 manat pul, ümumilikdə cəmi 2.848.996,91 manat məbləğində pulun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-dən və X8 müştərək qaydada tutulması, tutumanın:

1. X11 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 204.928 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi xx.xx.2011, nömrəsi AA № ********);

2. X2 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 65.787 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi xx.xx.2011, nömrəsi AA № ********);

3. X3 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 62.612 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi xx.xx.2011, nömrəsi AA № ********);

4. X4 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 40.000 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi xx.xx.2011, nömrəsi AA № ********);

5. X1 məxsus, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 757 qeydiyyat nömrəsi ilə buraxılmış, nominal dəyəri 2 manat təşkil edən, 19.360 ədəd sənədsiz adlı adi səhmə (qiymətli kağız sertifikatının verilmə tarixi xx.xx.2011, nömrəsi AA № ********) vəz amin X11 yönəldilməsi, girov predmeti olan qiymətli kağızlar Bakı fond birjasında satışa çıxarılması, "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və ona xx.xx.2011-ci il tarixdə edilmiş 01 saylı Əlavə üzrə Cavabdeh ASC-yə olan borcu girov predmetinin satışdan əldə edilmiş pul vəsaitinin və zamin X10 hesabına ödənilməsi, girov predmetlərinin satışından artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, girov predmetinin satışından əldə edilmiş məbləğin borcun ödənilməsinə kifayət etmədikdə, ümumi qaydada "xxxx" ASC-dən və X8 tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlyas Cəfərov tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(004)-49/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

9. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Biləsuvar rayonu Səmədabad kəndi ünvanında 30 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 50404,5 kv.m. olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən - "xxxx" ASC-nin balansında olan (Biləsuvar rayonu Səmədabad) 25198.2 kv.m. olan 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transformator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi, 1 ədəd inzibati idarə binası və 1 ədəd keçid buraxılış məntəqəsini icarəçi İddiaçı icarəyə vermişdir. İcarə müddəti xx.xx.2030-cu ilədək, aylıq icarə haqqı 1000 manat müəyyən edilmişdir. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi 0 olan arayışa əsasən müqavilə bağlananadək Biləsuvar rayonu Səmədabad kəndində yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır.

10. İş üzrə "xxxx" ASC ilə «İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsində dəyişiklikdən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 43 saylı notarial ofisində 3M-2183 reyestri icarə müqaviləsi rəsmiləşdirmişdir. Qarşılıqlı razılaşma əsasında icarə müqaviləsinə dəyişiklik olaraq icarə müqaviləsinin 7-ci bəndində qeyd edilmiş «İcarəçi» icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə yerə bilməz» hüquqi və fiziki şəxslərə verilə bilər qeyd edilmiş, icarəçiyə maliyyə ödənişlərini qəbul edə bilər hüququ verilmişdir.

11. İş üzrə «İcarəçi» qismində "xxxx" ASC ilə «İcarəyə verən» İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, «İcarəyə verən» Babazadə X9 rayonu Səmədabad kəndi "xxxx" ASC-nin mülkiyyətində olan icarə müqaviləsin qeyd olunan aşağıdakı əmlaklar: 25198,2 kv.m. olan 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transformator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi, 1 ədəd inzibati idarə binası və 1 ədəd keçid buraxılış məntəqəsini "xxxx" ASC-yə icarəyə verilmişdir. Müqavilə şərtlərinə əsasən İcarəçi tərəfindən İcarəyə verənə ayda 6000 manat məbləğində icarə haqqı ödənilməsi nəzərdə tutulmuş, müqavilənin müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin X6 Şöbəsi tərəfindən «Alyans» Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh ASC ilə bağlanmış müqaviləyə əsasən "xxxx" ASC-nin əmlakı xx.xx.2021-ci il tarixdə tərəflərdən mühafizəyə qəbul olunmuşdur. Cavabdeh ASC-nin digər müraciətə əsasən isə həmin müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, qanuni qüvvəyə minmiş Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin "xxxx" ASC-yə və qeyrilərinə qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası təmin edilmiş, 2.848.996,91 manat kredit borcunun cavabdehdən tutulması və tələbin digər cavabdehlər tərəfindən girov qoyulmuş səhmlərə yönəldilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı ilə "xxxx" ASC arasında icarə müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən “ünvan 1i ünvanda 30 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 50404,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 25198.2 kv.m. olan 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transformator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi, 1 ədəd inzibati idarə binası və 1 ədəd keçid buraxılış məntəqəsini iddiaçıya aylıq icarə haqqı 1000 manat olmaqla, xx.xx.2030-cu il tarixədək icarəyə vermişdir. xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsində dəyişiklik edilmiş, 7-ci bəndində qeyd edilmiş «İcarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə yerə bilməz» hüquqi və fiziki şəxslərə verilə bilər qeyd edilmiş, icarəçiyə maliyyə ödənişlərini qəbul edə bilər hüququ verilmişdir. xx.xx.2021-ci il tarixli iddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış icarə müqaviləsinə əsasən iddiaçı Biləsuvar rayonu Səmədabad kəndi ünvanda 30 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 50404,5 kv.m. olan qeyri-yaşayış sahəsinin 25198,2 kv.m. olan 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transformator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi, 1 ədəd inzibati idarə binası və 1 ədəd keçid buraxılış məntəqəsini "xxxx" ASC-yə iddiaçıya aylıq icarə haqqı 6000 manat olmaqla, xx.xx.2023-cü il tarixədək icarəyə vermişdir. Hazırda iddiaçı cavabdehin icarəyə götürülmüş əmlaka daxil olmaqla hərəkətlərinin və hazırki fəaliyyətlərinin qanunsuz hesab edilməsi, Cavabdeh ASC-nin icarəyə götürülmüş əmlakdan məcburi çıxarılması, cavabdehdən əldən çıxmış fayda olaraq 36.000 manatın, 5.000 manat işgüzar nüfuza vurulmuş zərərin, 213 manat ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.2-ci maddəsinə əsasən aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır.

15. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır.

16. Eyni Məcəllənin 107-10.7-ci maddəsinə əsasən cəmiyyətin səhmlərinin iyirmi faizinə malik olan səhmdar cəmiyyətinin icra orqanının üzvü seçilə bilməz.

17. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur.

18. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

21. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericiliyin mütləq tələbləri pozulmuş və həmin pozuntular əsasında icarə müqaviləsi bağlanmışdır. Bu halda məhkəmə hesab edir ki, Mülki Məcəllə ilə nəzərdə tutulmuş qaydaları pozmaqla bağlanmış əqd qanunsuz hesab edilməli və heç bir hüquqi nəticə doğura bilməz.

22. Məhkəmə həmçinin qeyd edir ki, sözügedən əmlakın qanuni sahibliyi və istifadəçisi, həmçinin mülkiyyətçisi Cavabdeh ASC olmuş, onun razılığı olmadan icarə müqaviləsi bağlanmışdır. Bu halda iddiaçının hərəkətlərin qanunsuz hesab edilməsi, icarəyə götürülmüş əmlakdan məcburi çıxarılma tələbi əsassız və qanunsuz olduğun üçün təmin edilməməlidir.

23. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda olaraq 36.000 manatın, 5000 manat işgüzar nüfuza vurulmuş zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir.

24. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

27. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

28. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

29. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

30. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin hərəkətləri nəticəsində ona hər hansı bir zərərin vurulmasını təsdiq edən sübutlar təqdim olunmadığından, iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilməməlidir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi- törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü- mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır.

34. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.

35. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «hərəkətlərin qanunsuz hesab edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və s» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməli və bu səbəbdən cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 213 (iki yüz on üç) manat tutulması hissəsində tələb təmin edilməməlidir.

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı Cavabdeh ASC-yə qarşı «hərəkətlərin qanunsuz hesab edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və s.» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar