Məhkəmə qərarları › İş №e-2(006)-266/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-266/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-266/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı LPO İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 27419.84 (iyirmi yeddi min dörd yüz on doqquz dollar səksən dörd sent) ABŞ dolları, bundan 10760.15 (on min yeddi yüz altmış dollar on beş sent) ABŞ dolları əsas, 8310.30 (səkkiz min üç yüz on dollar otuz sent) ABŞ dolları faiz, 7360.03 (yeddi min üç yüz altmış dollar üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 989.36 (doqquz yüz səksən doqquz dollar otuz altı sent) ABŞ dolları faiz borcun və iş üzrə ödənilmiş 229.84 (iki yüz iyirmi doqquz manat səksən dörd qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq LPO İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh2 arasında bağlanmış 90005359 nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 48 ay müddətinə illik 25 % dərəcəsi ilə 14200 (on dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 90005359/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14871.8 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 27419.84 (iyirmi yeddi min dörd yüz on doqquz ABŞ dolları 84 sent) ABŞ dolları təşkil edir. Bundan 10760.15 (on min yeddi yüz altmış ABŞ dolları 15 sent) ABŞ dolları əsas, 8310.30 (səkkiz min üç yüz on ABŞ dolları 30 sent) ABŞ dolları faiz, 7360.03 (yeddi min üç yüz altmış ABŞ dolları 03 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 989.36 (doqquz yüz səksən doqquz ABŞ dolları 36 sent) ABŞ dolları faiz borcu təşkil edir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, iddiaçı LPO İddiaçı1 ASC-nin nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh1 isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh2 ekspert rəyində bəzi ödənişlərin nəzərə alınmadığını bildirib, etdiyi bütün ödənişlərin nəzərə alınmaqla qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini mülki işin materialları və ekspert rəyləri ilə birgə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İddiaçı1 ASC (Bank) ilə Cavabdeh2 (Kredit alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 90005359 nömrəli kredit müqaviləsindən görünür ki, bank ümumi məbləği 14200 (on dörd min iki yüz) USD olan borc pulu illik faiz dərəcəsi 25 % olmaqla 48 ay müddətinə kredit alana verir. Kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür.

7. İddiaçı1 ASC (Bank), Cavabdeh2 (Kredit alan) və Cavabdeh1 (Zamin) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 90005359/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır (zaminlik müqaviləsinə əlavə № 1-də kredit müqaviləsinin mühüm şərtləri öz əksini tapmışdır).

8. xx.xx.2015-ci il tarixli 90005359 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 14.871,80 USD təşkil edir və ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD = 1,4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir.

9. xx.xx.2015-ci il tarixli 90005359 nömrəli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə sazişdən görünür ki, zamin bu əlavə sazişi imzalamaqla xx.xx.2015-ci il tarixli 90005359 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. Zamin sazişi imzalamaqla yanaşı, səhifənin sonunda əlyazma ilə “müqavilə ilə tanış oldum, etiraz etmirəm” məzmununda qeyd də etmişdir.

10. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 90005359 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 10760,15 USD əsas bоrc, 8310,30 USD faiz bоrcu, 7360,03 USD cərimə borcu, 989,36 USD gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 27419.84 USD borcu yaranmışdır.

11. LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, onlara müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 229,84 manat rüsum ödənilmişdir.

13. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 ilə LPO İddiaçı1 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5570 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları; 02 mart 2015-ci il tarixli, 90005359 №-li kredit müqaviləsi və 30 mart 2017-ci il tarixli, 01 №-li Əlavə Sazişin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı1 ASC-yə olan borcu 18020, 54 USD məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 10 444, 09 USD, faiz borcu üzrə 7576,45 USD.

15. Ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 50 (əlli) manat təşkil edir.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2024-cü il tarixli 9/8674 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları; 02 mart 2015-ci il tarixli, 90005359 №-li kredit müqaviləsi və 30 mart 2017-ci il tarixli, 01 №-li Əlavə Sazişin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı1 ASC-yə olan borcu 18020, 54 USD məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 10 444, 09 USD, faiz borcu üzrə 7576,45 USD.

17. Ekspertiza xərclərinə dair 25 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, ekspertiza təqdiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.

18. İş materiallarında hesabdan çıxarışlar, kassa məxaric orderi, İddiaçı1 ASC-nin müflis elan edilməsi və Əmanətlərin Sığortalanması Fondunun bankın ləğvedicisi təyin edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı və s. də vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 mart 2015-ci il tarixli, 90005359 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 25 % ödəmək şərti ilə 14.200 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdehin öhdəliklərinin təminatı kimi isə bank ilə digər Cavabdeh1 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış və müqaviləyə görə digər Cavabdeh1 Cavabdeh2 bank qarşısında yaranmış öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımağa razılıq vermişdir.

20. Müqavilə qüvvədə olduğu vaxt – xx.xx.2017-ci il tarixdə Cavabdeh2la bank arasında kreditin qalıq məbləği üzrə manatla edilən ödənişlərin dollara məzənnəsi müəyyən edilməklə restrukturizasiya edilməsinə və müqavilə müddətinin xx.xx.2022-ci il tarixədək uzadılmasına dair əlavə saziş imzalanmış, həmin restrukturizasiya şərtlərinə uyğun əlavə saziş digər Cavabdeh1 ilə də bağlanmış, o, yeni şərtlərə etiraz etmədiyini yazılı qaydada ifadə etmişdir.

21. Müqavilə müddəti ərzində - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı1 ASC müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir.

22. Müqavilə müddəti ərzində cavabdehlər banka olan borclarını gecikdirmiş, müddət bitdikdən sonra bankın ləğvedicisi – hazırkı iş üzrə iddiaçı tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq, cavabdehlər yenə də müqavilə üzrə banka yaranmış borcu tam ödəməmişlər. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

23. Məhkəmə araşdırmaları zamanı müqavilə üzrə yaranmış borcun məbləği mübahisələndirildiyindən, məhkəmənin müvafiq qərardadları ilə iş üzrə ilkin və təkrar məhkəmə ekspertizaları təyin edilmiş, təqdim edilmiş ekspert rəyləri ilə müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun olması faktı öz təsdiqini tapmışdır.

24. Həmçinin, məhkəmə araşdırmaları zamanı cavabdehlər müqavilənin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsini iddia etsə də, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəmə sorğusuna əsasən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktub ilə sözügedən kredit müqaviləsinin müvafiq Fərmanın təsir dairəsinə düşməməsi müəyyən edilmişdir.

25. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixli maliyyə arayışına istinadən cavabdehlərin xx.xx.2024-cü il tarixinə banka yaranmış 10760,15 USD əsas, 8310,30 USD faiz, 7360,03 USD cərimə, 989,36 USD gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 27419.84 USD məbləğində pulun onlardan müştərək qaydada tutularaq banka ödənilməsini, cavabdehlər isə müqavilənin Fərmanın təsir dairəsinə düşməsini və edilmiş bütün ödənişlərin nəzərə alınmasını məhkəmədən xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

26. Məhkəmə iddiaçının Cavabdeh2 qarşı olan iddia tələbi ilə əlaqədar qeyd edir ki, banka ilə Cavabdeh2 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuş, bank müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etsə də, cavabdeh öz öhdəliyini tam və vaxtında icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirildiyindən məhkəmə hesab edir ki, məhkəmə qərarı ilə bankın ləğvedicisi təyin edilmiş iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur.

27. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmış, müqavilənin qüvvədə olduğu müddətdə imzalanmış 2017-ci il tarixli Əlavə Sazişin şərtləri ilə müqavilənin son tarixinin xx.xx.2022-ci il olması razılaşdırılmışdır. Mülki qanunvericiliyin tələbinə görə isə iddiaçının məhz müqavilənin qüvvədə olduğu müddət ərzində hesablanmış annuitet borcu və müqavilə müddəti bitəndən sonra illik 5 % məbləğində pulu cavabdehdən tələb etməyə hüququ vardır. Çünki qanunun tələbinə görə, müqavilə müddəti bitəndən sonra həmin müqavilə üzrə annuitet ödənişlərə görə əlavə borc hesablamalarının aparılması düzgün deyildir. Müqavilənin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər iki ekspert rəyində həmin tarixə yaranması müəyyən edilən 10.444,09 (on min dörd yüz qırx dörd dollar doqquz sent) ABŞ dolları əsas, 7.576,45 (yeddi min beş yüz yetmiş altı dollar qırx beş sent) ABŞ dolları faiz, o cümlədən müqavilə müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan 961,72 (doqquz yüz altmış bir dollar yetmiş iki sent) ABŞ dolları faiz borcu Cavabdeh2 tutularaq banka verilməlidir. Göstərilən məbləğdə əsas və faiz borcunun yaranması faktı həm də işdə olan digər sübutlarla da (kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarışlar, ekspert rəyləri və s.) öz təsdiqini tapır. İddia tələbinin “cərimə borcunun ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, müqavilə üzrə tələb edilən cərimənin miqdarı məhkəmə tərəfindən tənasübsüz surətdə yüksək kimi qiymətləndirildiyindən, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 7360,03 ABŞ dolları cərimənin məbləği 500 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Cavabdeh müqavilənin müvafiq Fərmanın təsir dairəsinə düşməsini, dolayısı ilə faiz və cərimə borclarının nəzərə alınmamalı, silinməli olmasını mübahisələndirsə də, bu dəlilini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən edilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktub ilə kredit müqaviləsinin müvafiq Fərmanın təsir dairəsinə düşməməsi, bir sözlə, cavabdehin bu dəlilinin formal şifahi mülahizə olması müəyyən edilmişdir.

28. İddiaçının Cavabdeh1 qarşı olan iddia tələbi ilə əlaqədar isə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələrinə görə borcun 48 ay müddətinə verilməsi, həmçinin, xx.xx.2017-ci il tarixli Əlavə Saziş ilə müqavilənin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi razılaşdırılmışdır. Deməli, iddiaçı zamin Cavabdeh1 qarşı xx.xx.2023-cü il tarixinədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, yəni əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmiş, bu hüququnu yalnız xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.

29. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, bu müddətin tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur, çünki bu müddət kəsici müddətdir və müddətin keçməsi özlüyündə hüququn xitamına səbəb olur. Kəsici müddətlərin xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyinə görə, kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; bu müddətin keçməsi hüququn özünün xitamı ilə nəticələnir; cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz; bu müddət hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir; kəsici müddət üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir).

d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (kredit müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyada). Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1-739.2. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (kredit müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyada). Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (kredit müqaviləsinin bağlandığı tarixdə qüvvədə olan redaksiyada).

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarı: Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

34. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

35. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

36. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 10.444,09 (on min dörd yüz qırx dörd dollar doqquz sent) ABŞ dolları əsas, 7.576,45 (yeddi min beş yüz yetmiş altı dollar qırx beş sent) ABŞ dolları faiz, 500 (beş yüz) ABŞ dolları cərimə, 961,72 (doqquz yüz altmış bir dollar yetmiş iki sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 19.482,26 (on doqquz min dörd yüz səksən iki dollar iyirmi altı sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) LPO İddiaçı1 ASC-yə ödənilməli, iddia qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

37. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 163 (bir yüz altmış üç) manat hissəsi Cavabdeh2 alınaraq LPO İddiaçı1 ASC-yə verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçı LPO İddiaçı1 ASC-yə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 (əlli) manat məbləğində pulun 107 (bir yüz yeddi) manat hissəsi Cavabdeh2, qalan 43 (qırx üç) manat hissəsi isə LPO İddiaçı1 ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 10.444,09 (on min dörd yüz qırx dörd dollar doqquz sent) ABŞ dolları əsas, 7.576,45 (yeddi min beş yüz yetmiş altı dollar qırx beş sent) ABŞ dolları faiz, 500 (beş yüz) ABŞ dolları cərimə, 961,72 (doqquz yüz altmış bir dollar yetmiş iki sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 19.482,26 (on doqquz min dörd yüz səksən iki dollar iyirmi altı sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) LPO İddiaçı1 ASC-yə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 163 (bir yüz altmış üç) manat hissəsi Cavabdeh2 alınaraq LPO İddiaçı1 ASC-yə ödənilsin, dövlət rüsumunun qalan hissəsi LPO İddiaçı1 ASC-yə aid edilsin. İddia qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 (əlli) manat məbləğində pulun 107 (bir yüz yeddi) manat hissəsi Cavabdeh2, qalan 43 (qırx üç) manat hissəsi isə LPO İddiaçı1 ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar