Məhkəmə qərarları › İş №e-2(006)-2663/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2663/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2663/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyeva Yavər Məcid qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 465.66 manat əsas borcu və vəfat etdiyi tarixə qədər hesablanmış 0.02 manat faiz borcu olmaqla, cəmi 465.68 manat borcunun, və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Səbail filialı ilə Əliyeva Yavər Məcid qızı arasında bağlanmış BPM**********72 nömrəli xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən Əliyeva Yavər Məcid qızına illik 20 faizlə 30 ay müddətinə 2300 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 292608 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Əliyeva Yavər Məcid qızı xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 1521 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Şen X1 Yavər Məcid qızının vərəsəsi kimi tanınmışdır. Bankın Səbail filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Əliyeva Yavər Məcid qızının xx.xx.2024- cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 465.66 manat əsas borcu və vəfat etdiyi tarixə qədər hesablanmış 0.02 manat faiz borcu olmaqla, cəmi 465.68 manat borcu qalmışdır. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhumƏliyeva Yavər Məcid qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-35959/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdi. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********72 saylı Kredit müqaviləsinə əsasən, Əliyeva Yavər Məcid qızına 30 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 2300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan AZ-İİ 292608 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyeva Yavər Məcid qızı xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 1372 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən təqdim edilmiş məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Əliyeva Yavər Məcid qızınin adına xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələri dairəsi müəyyən olunmuşdur və xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan «Azərbaycan Beynəlxalq Bankı”» ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Əliyeva Yavər Məcid qızının xx.xx.2024-cü il tarixinə «Azərbaycan Beynəlxalq Bankı”» Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 465.66 manat əsas, 0.02 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 465.68 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzindən (№1********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Əliyeva Yavər Məcid qızı arasında bağlanmış BPM**********72 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Əliyeva Yavər Məcid qızına 30 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 2300 manat məbləğində kredit verilmişdir. Əliyeva Yavər Məcid qızı krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. 292608 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Əliyeva Yavər Məcid qızı xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 1521 saylı, xx.xx.2023cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Şen X1 Yavər Məcid qızının vərəsəsi kimi tanınmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Əliyeva Yavər Məcid qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2022-ci il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. Əliyeva Yavər Məcid qızının mirasını vərəsəsi Cavabdeh qəbul etdiyindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsəsi miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıdığından iddiaçı cavabdehdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********72 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 465.66 manat, faiz borcu üzrə 0.02 manat, cəmi 465.68 manat məbləğində vəsait və ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 465.66 manat əsas və 0.02 manat faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat olmaqla, cəmi 496.08 (dörd yüz doxsan altı manat, səkkiz qəpik) manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar