Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2693/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqından akseptsiz qaydada 50%-dən artıq həcmdə tutulmanın cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqından akseptsiz qaydada 50%-dən artıq həcmdə tutulmanın cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında X3 xx.xx.2023-cü il tarixdə KBAK1502314B143 №li müqavilə əsasında ayrılmış kreditin təminat vasitəsi kimi eyni tarixli, ZM-KBAK1502314B143 №li zaminlik müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 2.4.4-cü bəndinə əsasən əsas borc, faiz və digər ödənişlər üzrə hesablanan məbləğlər əlavə razılıq olmadan iddiaçıya məxsus hesablardan bankın xeyrinə akseptsiz qaydada silinə bilər. Hazırda zaminlik müqaviləsi ilə təminat altına alınan kredit borcları əmək haqqı aldığı hesabdan onun tam həcmində tutulur ki, bu da Azərbaycan Respublikası Konstitusiyası ilə tanınan hüquqların təminatını mümkünsüz edir. Hesab edilllir ki, iddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ZMKBAK1502314B143 №li zaminlik müqaviləsi ilə təminat altına alınan, X3 KBAK1502314B143 №li müqavilə əsasında ayrılmış kredit üzrə hesablanan borcların əmək haqqının ödənildiyi hesabdan onun 50%-dən artıq olan həcmdə akseptsiz qaydada silinməsi qanunsuz hesab edilməli və cavabdehə qadağan olunmalıdır. Odur ki, qeyd edilənlərə əsasən İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ZM-KBAK1502314B143 №li zaminlik müqaviləsi ilə təminat altına alınan, X3 KBAK1502314B143 №li müqavilə əsasında ayrılmış kredit üzrə hesablanan borcların əmək haqqının ödənildiyi hesabdan onun 50%-dən artıq olan həcmdə akseptsiz qaydada silinməsinin qanunsuz hesab edilməsi və göstərilən hərəkətlərin cavabdehə qadağan olunması haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi Bankla zamin arasında bağlanan zaminlik müqaviləsinin 2.4.4-cü bəndində qeyd edilib ki, kredit müqaviləsi üzrə borclunun öhdəliklərinə görə zaminin vəsaitlərindən akseptsiz qaydada borc tutula bilər. Bu səbəbdən də iddia təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə əmək haqqının 100% həcmində tutulduğunu, əsas borclunun onun iş yoldaşı olduğunu, Bankdan 20.000 manat kredit götürəcəyini və 1 il ərzində həmin borcu bağlayacağını qeyd edərək ondan zamin durmasını istədiyini, özünün buna etiraz etmədiyini bildirmişdir. 5.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 6.Məhkəmə hazırki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Zamin İddiaçı Böyükkişi qızı tərəfindən Cavabdeh ASC-nin Salyan rayon filialına ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Rəna X1 ilə bağlanmış xx.xx.2023cü il tarixli, Kbak1502314B143 saylı kredit müqaviləsinin şərtlərinə əsasən gecikdirildikdə ödənilməli olan gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. 9.Cavabdeh ASC ilə «borcalan» qismində X5 və «Zamin» qismində İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ZM-KBAK1502314B143 nömrəli zaminlik müqaviləsinin surətinə əsasən zaminlərin hər biri borcalanın Bank qarşısında yaranmış, bu müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, hər bir zamin Bank qarşısında borcalanla birgə qaydada məsuliyyət daşıyır. 10.Cavabdeh ASC tərəfindən verilən 31 yanvar 2025-ci il tarixli, 7 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində Salyon rayon filialında X3 rəsmiləşdirilən 20.000 manat məbləğində KBAK1502314B143 saylı kredit müqaviləsi üzrə zaminlik öhdəliyi mövcuddur. 11.Cavabdeh ASC tərəfindən verilən İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, iddiaçıya məxsus kart hesabına hər ay üzrə oturulan aylıq əmək haqqı tam həcmdə kredit borcu üzrə silinir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə borcalan X2 cavabdehlə bağladığı kredit müqaviləsinin təminatı olaraq zaminlik müqavilələri bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı kredit alan X2 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə zamin durmuşdur. Eyni zamanda zaminlik müqaviləsinin 2.4.4-cü bəndinə əsasən Bank kredit müqaviləsi üzrə əsas, faiz və digər borcları zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun Cavabdeh ASC-dəki bank hesabından tuta (silə) bilər. Kredit alan Həsənov Elvin tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən Cavabdeh ASC zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq borcun akseptsiz qaydada iddiaçının hesabından (əmək haqqından) tutulmasına başlamışdır. Hazırda iddiaçı, Cavabdeh ASC tərəfindən müqavilə üzrə hesablanan borcun əmək haqqının ödənildiyi hesabdan 50%-dən artıq olan həcmdə akseptsiz qaydada silinməsinin cavabdehə qadağan edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. 14.Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 175.1-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. 175.6-cı maddəsinə əsasən işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. 176.1-ci maddəsinə əsasən hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. 176.2-ci maddəsinə əsasən əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır. 15.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. 16.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 iyul 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 35-ci maddələrinin, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək haqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, “İşəgötürənin sərəncamı ilə tutmanın həddi iyirmi faiz, məhkəmə qərarı üzrə isə əlli faiz həcmində təsbit edilmişdir. Odur ki, məhkəmə qərarı ilə hər hansı mülki müqavilə, eləcə də kredit müqaviləsi üzrə kreditorun tutmanın borclunun əmək haqqına yönəldilməsi barədə tələbi əlli faizədək həcmdə təmin edilə biləcəyi halda, müvafiq münasibətlər üzrə işçinin könüllü iradə ifadəsi əsasında belə tutmanın daha az həddə məhdudlaşdırılması Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi təyinatı və yerinə yetirdiyi funksiya ilə uzlaşmır. Bu həddin müəyyən edilməsi digər şəxslərin, o cümlədən mülki müqavilələr üzrə kreditorların mənafeyinə və qanuni maraqlarına xələl yetirmədən işçiyə yaşayış üçün minimum təminat imkanı vermək və bununla da əmək haqqının sosial-iqtisadi funksiyasının həyata keçirilməsinin təmin edilməsi məqsədini daşıyır. 17.Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın yuxarıda göstərilən normalarının, habelə Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin məzmununun və hüquqi mahiyyətinin təhlili əsasında hesab edir ki, kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutma zamanı tutmanın həddi müəyyənləşdirilərkən qanunvericiliyin “əmək haqqının əlli faizinin saxlanması” barədə imperativ tələbi tətbiq edilməlidir. 18.Hazırki iş üzrə cavabdeh Bank tərəflər arasında bağlanan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin 2.4.4-cü bəndinə istinad edərək zaminə, yəni hazırki iş üzrə iddiaçıya məxsus əmək haqqının tam həcmdə akseptsiz qaydada tutulmasını həyata keçirsə də, bu, qanunsuz olmuşdur. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi borclunun əmək haqqından akseptsiz qaydada tutulma zamanı onun əmək haqqının 50% hissəsinin saxlanılması qanunvericiliyin imperativ tələbidir. Odur ki, iddiaçı hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. 19.Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ZM-KBAK1502314B143 №li zaminlik müqaviləsi üzrə İddiaçı əmək haqqından 50%-dən artıq həcmdə akseptsiz qaydada tutulma cavabdehə qadağan edilməlidir. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 21.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış ZM- KBAK1502314B143 №li zaminlik müqaviləsi üzrə İddiaçı əmək haqqından 50%-dən artıq həcmdə akseptsiz qaydada tutulma cavabdehə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2693/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2693/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver