Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2700/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X3 nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X3 Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X8 Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X5 vurulmuş 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyanın Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ əsasında X9 məxsus “Naz Lifan” minik markalı **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində idarə edərkən törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" X5 məxsus 1 ədəd “Klassik” tipli 2 konsullu işıq dirəyinin tumba hissəsini sıradan çıxararaq iddiaçıya 2500 manat məbləğində maddi ziyan vurmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsində xx.xx.2020-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara və Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmış, qeyd edilən nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Göstərilənlərə əsasən, iddia qanuni və əsaslı olduğundan xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan Cavabdeh tutularaq "xxxx" X5 ödənilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazlar və etiraza əlavə təqdim edərək, “Naz Lifan” minik markalı **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qardaşına məxsus olduğunu və hadisə baş verən gün maşını qardaşının idarə etdiyini, lakin sükan arxasında vəziyyəti pisləşdiyindən qəzanın baş verdiyini və hadisə nəticəsində dünyasını dəyişdiyini, özünün sürücülük hüququ olmadığını, həmin gün maşını özünün deyil, qardaşının idarə etdiyini vurğulayaraq, qəza nəticəsində əmək qabiliyyətini itirdiyini, hazırda işləmədiyini və tələb olunan maddi ziyanı ödəməyə imkanının olmadığını bildirmişdir. Bundan başqa, təhqiqatçı tərəfindən tərtib edilən izahatın uydurma olduğunu və təhqiqatçının səmimiyyətinə inandığından həmin izahatı imzaladığını qeyd etmişdir. Cavabdeh və ailə üzvləri tərəfindən 400 manat məbləğində cərimə isə ümumiyyətlə heç vaxt ödənilməmişdir. Göstərilənlərə əsasən, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X3 nümayəndəsi X6 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iddia ərizəsini və etirazları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" X3 baş mühəndisi A.Paşayev tərəfindən təsdiq edilmiş, Nərimanov TİR-nin rəisi E.Əjdərov, iş icraçısı M.Qafarov, elektrik montyorları E.Quliyev, R.Babayev və M.Alyarov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 137 №-li aktdan görünür ki, H.Əliyev prospekti 36 ünvanında xx.xx.2020-ci il tarixində “Naz Lifan” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil Dayaq “Klassik” 2 konsullu işıq dirəyinin tumba hissəsinə vurmuş və nəticədə 2500 manat məbləğində ziyan dəymişdir. Mülki işin materiallarında olan Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Əli Sevdimovun 26 noyabr 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, 31 oktyabr 2020-ci il tarixdə 1 saylı TTYS-dan Nərimanov rayonu H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh və X7 xəsarət alması barədə məlumat daxil olmuşdur. Həmin məlumat üzrə Nərimanov RPİ-nin Tədqiqat Şöbəsində araşdırma aparılmış, X10 01 noyabr 2020-ci ildə yaşadığı mənzildə öldüyündən xx.xx.2020-ci il tarixdə İstintaq Şöbəsinə göndərilmiş və Əli Sevdimov tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, 31 oktyabr 2020-ci ildə səhər saatlarında qardaşı X10 idarə etdiyi özünə məxsus “Naz Lifan” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yaşadığı ünvan 1 ünvanına gəlmiş, az sonra səhhətində narahatlıq hiss etdiyindən onun avtomobilini idarə etməklə yaşadığı Bakıxanov qəsəbəsinə aparmasını xahiş etmişdir. O, həmin avtomobili idarə etməklə qardaşı Vüsal Babayev isə sərnişin qismində qabaq sağ oturacaqda olmaqla Bakıxanov qəsəbəsinə yola düşmüşlər. Nərimanov rayonu H.Əliyev prospekti ilə hərəkətdə olarkən, qarşıda eyni istiqamətə hərəkət edən avtomobili ötmə əməliyyatı keçirərkən sükanı sərt sola burmuş və idarəetməni itirdiyindən avtomobil yolun orta zolağının bordürünə və daha sonra elektrik dirəyinə çırpılmışdır. Hər ikisi xəsarət aldığından hadisə yerinə gələn təcili yardım avtomobili onları 3 saylı ŞKX-na aparmış, orada tibbi yardım göstərilmişdir. Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, X7 meyiti üzərində olan xəsarətlər sol diz oynağının və sol baldırın qançırları həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, xx.xx.2020-ci ildə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə əlaqəsi yoxdur. Cavabdeh ölümünə səbəb isə ürəyin xroniki işemiya xəstəliyinin kəskinləşməsi nəticəsində inkişaf edən kəskin ağciyər-ürək çatışmamazlığı olmuşdur. Bundan başqa, araşdırma zamanı "xxxx" X2 daxil olmuş müraciətdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində elektrik dirəyinin sıradan çıxması ilə bağlı müəssisəyə 2500 manat maddi ziyan dəyməsi qeyd edilmişdir. Toplanmış materialdan göründüyü kimi, X7 ölümü baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlə əlaqəli deyil və onun yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan sürücü Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh sürücülük hüququ olmadan avtomobili idarə edərək manevr qaydasını pozub yol nəqliyyat hadisəsi törətməklə "xxxx" X5 maddi ziyan vurduğundan barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti Nərimanov RPİ DYPŞ-nə göndərilmişdir. Mülki işin materiallarında olan TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində, saat 09:00-da Nərimanov rayonu ərazisində “Lifan LF 7132/2 320” minik markalı **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan məhkəmə tərəfindən edilmiş sorğu üzrə daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 078-18174-1222 nömrəli cavab məktubundan görünür ki, yol-nəqliyyat hadisəsində təqsirkar olan “Lifan” minik markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə AP 199374 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə TP ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 400 manat məbləğində cərimə edilmişdir. DİN BDYPİ X4 əsasən cərimə bu günə kimi (xx.xx.2022-ci il tarixinə kimi) ödənilməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli 9/4761 saylı ekspert rəyindən görünür ki, internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət mərkəzlərində mövcud olan qiymətlərə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara və mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X8 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 137 saylı akta əsasən, istismara 2009-cu ildə buraxılan 1 ədəd “klassik” tipli 2 konsullu işıq dirəyinin tumba (dayaq) hissəsinin köhnəlmə dərəcəsi 0 %-lə nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti 2500,0 manat müəyyən edilir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ X9 məxsus “Naz Lifan” minik markalı **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, idarə etmək üçün idarə etmə hüququ olmadan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində idarə edərkən törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X5 məxsus 1 ədəd “Klassik” tipli 2 konsullu işıq dirəyinin tumba hissəsini sıradan çıxararaq, iddiaçıya 2500 manat məbləğində maddi ziyan vurmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsində xx.xx.2020-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara və Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “Naz Lifan” minik markalı **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti "xxxx" X8 qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində balansında olan əmlaka dəymiş maddi zərərin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraqq yaranır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Beləliklə, işdə olan materiallara və məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsinə əsasən belə qənaətə gəlinir ki, iddiaçıya 2500 manat məbləğində maddi ziyan dəymiş və iddiaçının ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi olaraq 2500 (iki min beş yüz) manat alınaraq iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X5 verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X5 vurulmuş maddi ziyanın əvəzi olaraq 2500 (iki min beş yüz) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2700/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2700/2022
26.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver