Məhkəmə qərarları › İş №e-2(006)-2719/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2719/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2719/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli, RGRR6768346A299 saylı kredit müqaviləsinə əsasən ona müddəti 48 ay, illik 28 faiz dərəcəsi ilə 12000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Nəticədə, cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 9930.33 AZN əsas, 1397.89 AZN faiz, cəmi 11328.22 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9930.33 AZN əsas; 1397.89 AZN faiz; cəmi 11328.22 AZN pul vəsaitinin və 123.98 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Əvvəlki məhkəmə icasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, o, iddiaçı bankdan həqiqətən şəxsi istehlak məqsədi ilə kredit götürmüşdür. Bu zaman işləyirdi və vaxtlı-vaxtında ödənişlərini edirdi. O, 2023-cü ilin noyabr ayınadək gecikdirmədən iddiaçı banka ödənişlər etmişdir. Lakin daha sonra işdən çıxarıldığından maddi cəhətdən pis vəziyyətə düşdü və krediti ödəyə bilmədi. 4.Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər gəlməmişlər. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddia tələbini müdafiə etdiyini bildirmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGRR6768346A299 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 12000 AZN məbləğində kredit verilmiş, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun Banka borcu yaranmışdır. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə iddia tələbini qəbul edərək, maddi vəziyyəti aşağı olduğu üçün krediti ödəyə bilmədiyini qeyd etmişdir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGRR6768346A299 saylı kredit müqaviləsinə əsasən bank müştəriyə 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 12000 AZN məbləğində kredit verməyi, müştəri isə həmin kredit məbləğini müəyyən olunmuş müddətdə hesablanacaq faizlər ilə birlikdə qaytarmağı öhdələrinə götürmüşlər. 9.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü kredit məbləğini hər ay 418.23 manat, sonuncu ay isə 429.43 manat ödəməlidir. 10.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən 23 aprel 2024-cü il tarixli, 2024/104/10618 nömrəli maliyyə arayışına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli, RGRR6768346A299 saylı kredit müqaviləsi üzrə 9930.33 AZN əsas, 1397.89 AZN faiz, cəmi 11328.22 AZN borcu yaranmışdır. 11.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, onun xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 9930.33 manat, faiz borc məbləği 1397.89 manat olmaqla, 11328.22 manat məbləğində ümumi borcu, gecikmə günü 128 gün olmaqla 2332.62 manat məbləğində gecikmə yaranmışdır. 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5568 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, RGRR6768346A299 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 04 aprel 2024-cü il tarixə (sual üzrə tarixə): əsas borc üzrə 9899.72 manat, faiz borcu üzrə 1016.37 manat, 11 oktyabr 2024-cü il tarixə (rəyin tərtib edildiyi tarixə): əsas borc üzrə 9899.72 manat, faiz borcu üzrə 2456.23 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. 13.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli 123.98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 15.Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 16.Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 17.Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 18.Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 19.Həmin Məcəllənin 739-cu maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 20.Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. 21.İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 9930.33 manat və faiz borc üzrə 1397.89 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqe (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır). Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2022-ci il tarixli, RGRR6768346A299 saylı kredit müqaviləsinə əsasən borc məbləği cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan (əqdin ləğv edilməsi barədə iradə ifadəsinin bildirilməsi ilə bağlı) hesablanmalıdır. 23.Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 9899.72 manat, faiz borcu 1016.37 manat təşkil edir. 24.Hazırki iş üzrə ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. 25.Belə ki, «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. 26.Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 27.Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 30.Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 31.Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin ediməli və cavabdehdən bankın xeyrinə xx.xx.2022-ci il tarixli, RGRR6768346A299 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 9899.72 manat əsas borc, 1016.37 manat faiz borcu tutulmalıdır. 32.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində əsaslıdır və qismən təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, RGRR6768346A299 saylı kredit müqaviləsinə əsasən 9889.72 AZN (doqquz min səkkiz yüz səksən doqquz manat, yetmiş iki qəpik) əsas, 1016.37 AZN (min on altı manat, otuz yeddi qəpik) faiz borcu olmaqla, cəmi 10.906,09 AZN (on min doqquz yüz altı manat, doqquz qəpik) borc alınaraq İddiaçı ASC-yə ödənilməlidir. 33.Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 123,98 AZN-nin 122,72 AZN-i Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. 35.Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, RGRR6768346A299 saylı kredit müqaviləsinə əsasən 9889.72 AZN (doqquz min səkkiz yüz səksən doqquz manat, yetmiş iki qəpik) əsas, 1016.37 AZN (min on altı manat, otuz yeddi qəpik) faiz borcu olmaqla, cəmi 10.916,09 AZN (on min doqquz yüz on altı manat, doqquz qəpik) borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, eyni zamanda iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 123,98 AZN-nin 122,75 AZN-i Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 36.Həmçinin, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 AZN (bir yüz) məbləğinin iddia tələbi qismən təmin edildiyindən 94 AZN-i (doxsan dörd manat) Cavabdeh, digər hissəsi 6 AZN-i (altı manat) isə iddiaçıdan tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 39.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 40.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 42.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, RGRR6768346A299 saylı kredit müqaviləsinə əsasən 9899.72 AZN (doqquz min səkkiz yüz doxsan doqquz manat, yetmiş iki qəpik) əsas, 1016.37 AZN (min on altı manat, otuz yeddi qəpik) faiz borcu olmaqla, cəmi 10.916,09 AZN (on min doqquz yüz on altı manat, doqquz qəpik) borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 123,98 AZN-nin (yüz iyirmi üç manat, doxsan səkkiz qəpik) 122,75 AZN-i (yüz iyirmi iki manat, yetmiş beş qəpik) Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 AZN (bir yüz) məbləğin 94 AZN-i (doxsan dörd manat) Cavabdeh, digər hissəsi 6 AZN-i (altı manat) isə İddiaçı ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar