Məhkəmə qərarları › İş №e-2(006)-2724/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2724/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2724/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 25 iyun 2019-cu il tarixli KFP-018/2019 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 638 manat 89 qəpik əsas borc, 18 manat 40 qəpik faiz olmaqla, cəmi 657 manat 29 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq "xxxx" BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 25 iyun 2019-cu il tarixli KFP-018/2019 saylı güzəştli kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-yə olan ödənilməmiş 638,89 manat qalığının kreditdən istifadənin 5 il müddətinə uzadılmaqla, bir il əsas borc məbləğinin ödənişinə möhlətlə, illik 1 % ödənişlə, ödəniş cədvəli üzrə güzəştli ödənişin gecikdirilməsinə görə ödənişin gecikdirilən borc məbləğinin hər gecikdirilən günə 0,1 % hesabı ilə dəbbə (peniya) ödəniş şərtləri ilə restrukturizasiya edilmişdir. Cavabdeh borcalan Cavabdeh borc üzrə ödəniş etməməsi telefon əlaqələrində bildirilmiş və sonuncu dəfə xx.xx.2022-ci il tarixli 003/2022 saylı məktubla ona xəbərdarlıq edilmişdir. Lakin bu günə kimi cavabdeh kredit üzrə heç bir ödəniş etməmişdir. Ona görə də, xx.xx.2022-ci il tarixə ödənişi gecikdirilmiş 18,40 manat faiz, 254,92 manat əsas borc məbləği və ümumilikdə 657,29 manat borcu vardır. Kredit müqaviləsinin 7-ci bəndinin şərtlərinə müvafiq olaraq kreditor - iddiaçı pul öhdəliyinin icrasını vaxtından əvvəl tələb edə bilər. Qeyd olunan kredit müqaviləsinin şərtlərinə və maddi hüquq normalarının tələblərinə müvafiq olaraq verilən bu iddia ərizəsinin əsası olan iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2019-cu il tarixli KFP-018/2019 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən aşağıdakı məbləğlər üzrə borc tələbi verilir: əsas borc 638,89 mana; faiz 18,40 manat; ümumi borc 657,29 manat. Bu iddia tələbi üzrə cavabdehin kreditor qarşısında məsuliyyəti tam sübutludur və iddia tələbi tam təmin edilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi pozmuş, onları lazımınca icra etməmiş, kredit təşkilatına ödənilməli olan əsas borc, əsas borc məbləğindən istifadəyə görə hesablanmış faizləri, eləcə də dəbbəni (peniyanı) ödəməmişdir. İddiaçının iddia tələbində istinad etdiyi halların təstiqli olunmasına, təqdim olunan sənədlərə əsasən məhkəmə tərəfindən sübuta yetirmiş hesab edilə bilər. İddiaçı "xxxx" BOKT MMC 21 iyun 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iş həcminin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin edə bilməyəcəklərini qeyd etmiş, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməmələrinin nəzərə alınaraq, mülki işə nümayəndənin iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsində baxılmışdır. Orada qərar elan olunduqdan sonra 2019-cu ildə çağırmışlar bu müqaviləni imzalamışdır. Ondan sonra demişlər ki, sənədləri baş ofisə göndərəcəklər, cədvəl veriləcək və ona əsasən ödənişlər olunacaqdır. Amma çağırılmamışdır və ona görə də heç bir ödəniş etməmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 20 iyun 2014-cü il tarixdə K-083/2014 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən cavabdehə 4.000 manat kredit verilmişdir. Sonradan, həmin kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiyası həyata keçirilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq "xxxx" BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 25 iyun 2019-cu il tarixli KFP- 018/2019 saylı güzəştli kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-yə olan ödənilməmiş 638,89 manat qalıq borcu müqavilədə qeyd olunan şərtlər daxilində restrukturizasiya edilmişdir. Təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" BOKT MMC-yə 638 manat 89 qəpik əsas borc, 18 manat 40 qəpik faiz olmaqla, cəmi 657 manat 29 qəpik borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" BOKT MMC-dən borc almış, ayrılmış borc məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair BOKT qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 25 iyun 2019-cu il tarixli KFP-018/2019 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 638 manat 89 qəpik əsas borc, 18 manat 40 qəpik faiz olmaqla, cəmi 657 manat 29 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 25 iyun 2019-cu il tarixli KFP-018/2019 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 638 manat 89 qəpik əsas borc, 18 manat 40 qəpik faiz olmaqla, cəmi 657 manat 29 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar