Məhkəmə qərarları › İş №e-2(006)-2735/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2735/2024

17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2735/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Yusifova (Kələntərova) Nərminə İbrahim qızına qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yusifova (Kələntərova) Nərminə İbrahim qızına qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Alı Mustafayev küçəsi 5 saylı evin 22 saylı mənzilinə su sızması nəticəsində vurulmuş maddi zərərin əvəzi tam həcmdə 2000 manat, ödənilmiş dövlət rüsumun əvəzi 40 manat məbləğində cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və Cavabdeh mülkiyyətində olan mənzilindən su sızmasının səbəblərin aradan qaldırması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Alı Mustafayev küçəsi 5 saylı evin 22 saylı mənzili onun xüsusi mülkiyyətidir. Cavabdeh onunla qonşuluqda, üst mərtəbədə yaşayır və 25 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh uzun illər ərzində mülkiyyətində olan mənzilini kirayə verir və qazanc əldə edir. Buna baxmayaraq, cavabdeh öz mənzilini təmir etmir və mütəmadi olaraq onun mənzilinə su axıdaraq, mənzilini yararsız vəziyyətə salmışdır. Ona məxsus Bakı şəhəri Nəsimi rayonu Alı Mustafayev küçəsi 5 saylı evin 22 saylı mənzilinin mətbəxi, hamamı və dəhlizi tamamilə yararsız vəziyyətə salınmışdır. Cavabdehin mənzilindən su sızması nəticəsində mənzilində elektrik xətləri yararsız vəziyyətə düşmüşdür və həyati təhlükəsi olduğu üçün elektrik xətlərindən istifadə edə bilmirdi. Bir neçə gün işıqsız qalmışdır. O, Nəsimi rayonu MKİS-nə müraciət etmişdir. MKİS-nin əməkdaşları gəlib mənzilinə baxış keçirmiş və Cavabdeh bildirmişlər ki, mənzili təmir etmək lazımdır. Lakin cavabdeh təmir etməkdən imtina edir. Hal-hazırda Cavabdeh təqsirli hərəkətləri nəticəsində ona məxsus mənzilin tavan hissəsi, divarları, döşəməsi və avadanlıqları yararsız vəziyyətə düşmüşdür. Artıq mənzilində yaşamağı acınacaqlı hal almışdır və o, çox böyük əziyyətə düçar olmuşdur. Cavabdeh təqsirli hərəkətləri nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. O, dəfələrlə cavabdehə öz iradlarını bildirmişdir. Lakin cavabdeh vurduğu ziyanın ödənilməsindən boyun qaçırır və öz məsuliyyətini dərk etmir. Onun 73 yaşı var, tək yaşayır və pensiyadan başqa digər gəliri yoxdur. Maddi durumu imkan vermir ki, özü təmir etsin. Buna görə də, bu günə kimi mənzili yararsız vəziyyətdədir. Beləliklə, qanunvericiliyin tələblərinə əsasən Cavabdeh öz təqsirli hərəkətləri nəticəsində ona məxsus əmlakın zədələnməsinə və zərər vurulmasına görə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Yusifova (Kələntərova) Nərminə İbrahim qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Yusifova (Kələntərova) Nərminə İbrahim qızının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışa, eləcə də məhkəmənin sorğusu əsasında daxil olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Məhkəmənin sorğusu əsasında daxil olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil xx.xx.2004-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Nəsimi rayonu 33 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli akta əsasən 3-cü mkr A.Mustafayev küçəsi 5 saylı evin 22 saylı mənzilinin sahibi İddiaçı xx.xx.2023-cü il tarixdə yazmış olduğu ərizəsinə əsasən həmin ünvanda olmuş, 22 saylı mənzilə baxış keçirmişlər. Baxış keçirilən zaman məlum olmuşdur ki, Cavabdeh məxsus 25 saylı mənzilin hamamından 22 saylı mənzilin hamamına su axıdılmışdır. - Məhkəmənin qərardadı əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5149 saylı rəyinə əsasən Nəsimi rayonu 33 saylı MKİS-nin rəisi M.Əliyev, mühəndis Ə.Rüstəmov, sahə nəzarətçisi C.İbrahimovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktında qeyd olunanları nəzərə alaraq, İddiaçı mülkiyyətində olan ünvan 1, 22 saylı mənzilinə həmin obyektin üst mərtəbəsində olan ünvan 1, 25 saylı mənzildən su axıdılması müəyyən olunur. Lakin 25 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından su sızmanın konkret olaraq hansı texniki səbəbdən baş verməsini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı 22 saylı mənzilin sanitar qovşağında kafellərin qopması, qabarması, dəhlizin divarlarına vurulan divar kağızlarının qopması, divarda sarımtıl nəmlənmə izlərinin olması, döşəməyə vurulan laminat təbəqəsində qabarmaların olması, sanitar qovşağında tavanda lambirin təbəqənin üst hissəsində betonun üzərində su sızması nəticəsində əmələ gəlməyə xarakterik izlərin olması müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı iddiaçı bildirmişdir ki, su sızma hadisəsi baş verəndən sonra mənzilin dəhlizində, mətbəx və sanitar qovşağında elektrik xətləri zədələnmiş, sonradan müvəqqəti bərpa olunmuşdur. ünvan 1, 22 saylı mənzilə hal-hazırda su axıdılmasının davam edilmədiyi müəyyən olunur. İddiaçı bildirmişdir ki, son 2 ay ərzində su sızması halı baş verməmişdir. Baxış zamanı əldə olunmuş məlumatlar əsasında aparılmış hesablamalar nəticəsində İddiaçı mülkiyyətində olan ünvan 1, 22 saylı mənzildə su sızması nəticəsində tikinti üzrə yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir işlərinin dəyəri təqribən 1500 manat məbləğində müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. - ********** nömrəli qəbzə əsasən iddia tələbinin irəli sürülməsi üçün ididaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil İddiaçı mülkiyyətindədir. Qeyd edilən mənzilə maddi ziyan dəymişdir. İddiaçının bildirdiyinə görə ziyan məhz üst qonşunun mənzilindən su axıdılması nəticəsində dəymişdir. İddiaçı mənzilinin yerləşdiyi ərazi üzrə fəaliyyət göstərən 33 saylı MKİS-nin aktını da əlavə etmişdir. Bununla da mənzilə vurulmuş olan maddi ziyanın ödənilməsinə dair iddia tələbi irəli sürülmüşdür. İddiaçıya məxsus mənzilə maddi zərər vurulması, zərərə görə məsul şəxsin təqsirinin müəyyən edilməsindən ötrü ekspertizanın müvafiq növü təyin edilmiş, daxil olmuş rəy nəticəsində mənzilə ziyan dəydiyi və ziyanın məhz üst (25 saylı) mənzildən su axıdılması nəticəsində əmələ gəldiyi öz təsdiqini tapmışdır. Lakin iddia tələbində vurulmuş zərər 2000 manat məbləğində qiymətləndirilsə də, ekspert rəyinə görə mənzildə su sızması nəticəsində tikinti üzrə yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir işlərinin dəyəri təqribən 1500 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə daxil olmuş ekspert rəyinə münasibətdə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5149 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə olan halda məhkəmənin qənaətinə görə maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilərək mənzilə vurulmuş ziyana görə 1500 manat pul vəsaiti cavabdeh Yusifova (Kələntərova) Nərminə İbrahim qızından tutularaq iddiaçıya ödənilməlidir. Maddi zərərin ödənilməsinə dair iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə məhkəmənin yuxarıda qeyd edilən mövqeyinin nəzərə alınması ilə yanaşı məhkəmə iddia tələbinin digər hissəsinə də münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, iddiaçının digər bir tələbi də üst mənzildən su sızmasının səbəblərinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətidr. Lakin hazırki işdə sübut növü olan ekspert rəyində su axıdılması hallarının artıq müşayiət olunmadığını, rəyin davamında da iddiaçının 2 aydan çox müddətdir ki, bu hallarının baş vermədiyini bildirməsini nəzərə alıb, məhkəmə iddia tələbinin qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə isə qeyd edilməlidir ki, iddia tələbinin qismən təmin edildiyi nəzərə alınaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, bundan başqa mənzilə zərər vurulmasında cavabdeh təqsirli hesab edildiyindən, ekspertiza xərci tamamilə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün vurulmuş maddi zərərə görə 1500 manat və ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdeh Yusifova (Kələntərova) Nərminə İbrahim qızından tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Yusifova (Kələntərova) Nərminə İbrahim qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün vurulmuş maddi zərərə görə 1500 manat və ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdeh Yusifova (Kələntərova) Nərminə İbrahim qızından tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Yusifova (Kələntərova) Nərminə İbrahim qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar