Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2740/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 1100,73 ABŞ dolları, bundan 169,51 ABŞ dolları əsas, 179,51 ABŞ dolları faiz, 730,21 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 21,50 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 38,72 manat dövlət rüsumunun tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 90002776 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə illik 28 % dərəcəsi ilə 2540 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1816,34 ABŞ dolları məbləğində hesablanmış, kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış digər xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən, kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1847,54 ABŞ dolları (1 USD=1.40 AZN) məbləğində hesablanmış, kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, öhdəliyini yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə cəmi borcu 1100,73 ABŞ dolları, bundan 169,51 ABŞ dolları əsas, 179,51 ABŞ dolları faiz, 730,21 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 21,50 ABŞ dolları məbləğində faiz borcu təşkil etmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********613 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəməyə gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iddia tələblərini müdafiə etdiklərini, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən zaman Cavabdeh qeyd etmişdir ki, iddianı qəbul etmir, bank bağlanana qədər bütün ödənişləri etmişdir. Bank bağlandıqdan sonra ödənişləri dayandırmışdır. Banka borcunun olub-olmamasına əmin deyildir. Ümumilikdə iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutların işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli 90002776 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 2540 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və ona hesablanmış faizləri kreditora ödəmək barədə öhdəlik götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, 90002776 saylı müqaviləyə əsasən Cavabdeh 2540 ABŞ dolları məbləğində pul verilmişdir. Mülki işin materiallarında olan 90002776 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 №-li Əlavə Sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1,816.34 (bir min səkkiz yüz on altı dollar otuz dörd sent) ABŞ dolları təşkil etmiş, kreditin müddəti 30 (otuz) ay təyin edilmişdir. Mülki işin materiallarında olan 90002776 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 1847.54 (bir min səkkiz yüz qırx yeddi dollar əlli dörd sent) ABŞ dolları təşkil etmişdir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1228.11 (bir min iki yüz iyirmi səkkiz dollar on bir sent) ABŞ dolları əsas borc, 532.25 (beş yüz otuz iki dollar iyirmi beş sent) ABŞ dolları faiz borcu və 87.18 (səksən yeddi dollar on səkkiz sent) ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilir. Mülki işin materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli **********613 nömrəli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 90002776 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" ASC-yə 169,51 ABŞ dolları əsas, 179,51 ABŞ dolları faiz, 730,21 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 21,50 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1100,73 ABŞ dolları məbləğində borcu mövcuddur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 38,72 (otuz səkkiz manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4635 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 90002776 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC-yə maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2022-ci il tarixə olan borcu 1.562,59 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 194,07 ABŞ dolları, faiz borcu üzrə 1.368,52 ABŞ dolları. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ekspertiza təyin edilməsi barədə qərardad təkrar icra edilməsi üçün göndərilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6678-9/6744 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 90002776 saylı kredit müqaviləsi və əlavə sazişin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2019-cu il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 833,30 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2019-cu il tarixə əsas borc üzrə 640,65 ABŞ dolları, faiz borcu üzrə 192,65 ABŞ dolları. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 90002776 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, bank cavabdehə şəxsi istehlak məqsədilə 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 2540 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və ona hesablanmış faizləri banka ödəmək barədə öhdəlik götürmüşlər. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə həmin kredit müqaviləsi üzrə 01 nömrəli Əlavə Saziş bağlanmış və Sazişə əsasən, bankın cavabdehə verdiyi kreditin qalıq məbləği 1816,34 ABŞ dolları hesablanmış, kreditin müddəti isə xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. xx.xx.2017-ci il tarixdə tərəflər arasında sözügedən müqavilə üzrə 02 nömrəli Əlavə Saziş bağlanmış, həmin Sazişə əsasən isə kredit restrukturizasiya edilmişdir. Cavabdehin bank qarşısındakı kredit öhdəliyinin qalığı 1847,54 ABŞ dolları (1 USD=1.40 AZN) hesablanmış, kreditin müddəti isə xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Bank tərəfindən götürülmüş öhdəlik tam şəkildə yerinə yetirilsə də, iddiaçı tərəfindən edilmiş xəbərdarlığa baxmayaraq, cavabdeh öz öhdəliklərini tam yerinə yetirməmiş, nəticədə onun banka xx.xx.2022-ci il tarixinə cəmi 1100,73 ABŞ dolları, bundan 169,51 ABŞ dolları əsas, 179,51 ABŞ dolları faiz, 730,21 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 21,50 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Məhkəmə tərəfindən cavabdehin müqavilənin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə (02 nömrəli əlavə sazişə əsasən) banka əsas və faiz borcunun olub-olmaması, olduğu təqdirdə məbləğinin müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, lakin ekspert tərəfindən verilən 9/4635 saylı xx.xx.2022-ci il tarixli rəy qərardadda göstərilən suallar üzrə düzgün tərtib edilməmişdir. Belə ki, məhkəmə ekspert qarşısında “1. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış “90002776 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə Saziş üzrə iş materiallarında olan hesabdan çıxarışlar və ödəniş çekləri nəzərə alınmaqla Cavabdeh müqavilənin bitdiyi tarixə ödənilməmiş borcu mövcuddurmu? 2. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış “90002776 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə Saziş üzrə edilmiş bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh müqavilənin bitdiyi tarixə əsas və faiz borcu nə qədər təşkil edir?” məzmununda suallar qoysa da, ekspert tərəfindən maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2022-ci il tarixə olan borc məbləği müəyyən edilərək rəy verilmişdir. Bundan başqa qeyd edilməlidir ki, həmin rəydə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 1227,00 ABŞ dolları məbləğində ödəniş edilməsi göstərilsə də, mülki işin materiallarında olan xx.xx.2016-xx.xx.2019-cu il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, ölkə başçısının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən, xx.xx.2019-cu il tarixdə Cavabdeh hesabına 1227,28 AZN məbləğində kompensasiya ödənişi edilmiş və onun qalıq borcuna silinmişdir (1227,28 AZN / 1,70 = 721,93 USD). Qərardad düzgün icra edilmədiyindən, məhkəmə tərəfindən yeni qərardad qəbul edilmədən, əlavə və ya təkrar ekspertiza təyin edilmədən, həmin qərardad təkrarən icra olunması üçün yenidən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və xx.xx.2022-ci il tarixli rəydə yuxarıda qeyd olunan qüsurlar aradan qaldırılmış, belə ki, suallar düzgün cavablandırılmış və kompensasiya ödənişi konvertasiya edilərək nəzərə alınmışdır. Bu səbəbdən də xx.xx.2022ci il tarixli ekspert rəyi mötəbər sübut qismində məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə burada “əsas və faiz borcuna dair” iddia tələblərinə münasibətdə qeyd edir ki, iddia bu hissədə tam təmin edilməli, belə ki, mötəbərliyi mübahisəsiz olan xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilən əsas və faiz borcu iddiaçı tərəfindən tələb edilən məbləğdən artıq olduğundan, cavabdehdən iddiaçı tərəfindən iddia edilən 169,51 ABŞ dolları əsas borc, 179,51 ABŞ dolları məbləğində isə faiz borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sözügedən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Sözügedən Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sözügedən Məcəllənin 739.2-ci maddəsində qeyd edilmişdir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri tam icra etməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməyərək müqavilənin və ona əlavə edilən sazişlərin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu banka ödəməlidir. Məhkəmə “kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 21,50 ABŞ dolları məbləğində faiz borcu” tələbinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, bank cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, “90002776 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə Saziş üzrə 730,21 ABŞ dolları cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 17 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sözügedən Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı, Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulunun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “90002776 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə Saziş üzrə 169,51 (yüz altmış doqquz dollar əlli bir sent) ABŞ dolları əsas borc, 179,51 (yüz yetmiş doqquz dollar əlli bir sent) ABŞ dolları faiz borcu, 17 (on yeddi) ABŞ dolları cərimə borcu, 21,50 (iyirmi bir dollar əlli sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 387.52 (üç yüz səksən yeddi dollar əlli iki sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 38,72 (otuz səkkiz manat yetmiş iki qəpik) manat dövlət rüsumunun 14 (on dörd) manat hissəsi Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, qalan 24.72 (iyirmi dörd manat yetmiş iki qəpik) manat hissəsi isə ləğv prosesində olan "xxxx" ASC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən 9/4635 saylı xx.xx.2022-ci il tarixli və 9/6678-9/6744 saylı xx.xx.2022-ci il tarixli rəylər verilmişdir. Hər bir ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat olmaqla, ümumilikdə 200 manat təşkil etmişdir. Lakin nəzərə alınmalıdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 9/4635 saylı xx.xx.2022-ci il tarixli rəyi ekspertin diqqətsizliyi səbəbindən yanlış tərtib olunmuş, beləliklə, məhkəmənin qərardadı düzgün icra edilmədiyindən, yeni qəradad qəbul edilmədən (təkrar və əlavə ekspertiza təyin edilmədən) həmin qərardad təkrar icra olunması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qeyd edilən qərardad müvafiq qaydada icra edilərək, 9/6678- 9/6744 saylı xx.xx.2022-ci il tarixli rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2 (iki) dəfə rəy verilməsinə baxmayaraq, yalnız sonuncu, yəni 9/6678-9/6744 saylı xx.xx.2022-ci il tarixli rəylə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2740/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilən suallara tam və düzgün şəkildə cavab verilmişdir. Ona görə də yalnız həmin rəyin verilməsi üçün aparılmış ekspertiza tədqiqatının dəyərinin ödənilməsi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat pulun 35 (otuz beş) manat hissəsi Cavabdeh, qalan 65 (altmış beş) manat hissəsi isə ləğv prosesində olan "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “90002776 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə” xx.xx.2017-ci il tarixli 02 №-li Əlavə Saziş üzrə 169,51 (yüz altmış doqquz dollar əlli bir sent) ABŞ dolları əsas borc, 179,51 (yüz yetmiş doqquz dollar əlli bir sent) ABŞ dolları faiz borcu, 17 (on yeddi) ABŞ dolları cərimə borcu, 21,50 (iyirmi bir dollar əlli sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 387.52 (üç yüz səksən yeddi dollar əlli iki sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 38,72 (otuz səkkiz manat yetmiş iki qəpik) manat dövlət rüsumunun 14 (on dörd) manat hissəsi Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin, qalan 24.72 (iyirmi dörd manat yetmiş iki qəpik) manat hissəsi isə ləğv prosesində olan "xxxx" ASC-yə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat pulun 35 (otuz beş) manat hissəsi Cavabdeh, qalan 65 (altmış beş) manat hissəsi isə ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2740/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2740/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver