Məhkəmə qərarları › İş №e-2(006)-2762/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2762/2023

02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2762/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2013-cü il təvəllüdlü X2 alimentinin artırılaraq 220 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, iddia ərizəsində texniki səhvə yol verildiyi qeyd edilmiş və X5 təvəllüdünün xx.xx.2010-cu il kimi nəzərə alınması xahiş edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və xx.xx.2010-cu il təvəllüdlü X5 onun yanında qalması barədə qətnamə çıxmışdır. Nəsimi Rayon Məhkəməsi xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən övladı xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 103 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsini qət etmişdir. Övladı – xx.xx.2010cı təvəllüdlü X7 orta məktəbdə təhsil alır. Lakin cavabdeh valideyn olaraq övladı ilə maraqlanmır və heç bir xərcini ödəmir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, iddia ərizəsini müdafiə etdiyi bildirilmiş və mülki işə iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-3229/2014 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-208/2016 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə X6 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış və Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 690 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X5 anası X3 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, birgə nikahdan 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-3229/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-3229/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 220 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar