Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2785/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi və sair" tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250.000 manat (iki yüz əlli min) məbləğində borcun və 540 manat dövlət rüsmunun İddiaçı xeyrinə tutulması, tələbin ünvan 1 ünvanına yönəldilməsi, ünvan 2 açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun İddiaçı ödənilməsi, Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi Ev 29, 207-ci mənzildən çıxarılmaqla istifadə hüquqlarına xitam verilməsi və öz hesablarına mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, 3M-3175 reyestr nömrəli Borc Müqaviləsinə əsasən 250000 manat məbləğində pul cavabdehə verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən borc xx.xx.2025-ci il tarixədək qaytarılmalı idi. Bu günədək şifahi danışıqlar nəticə verməmişdir. xx.xx.2024-cü il tarixli, 3M-3176 reyestr nömrəli İpoteka Müqaviləsinin 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı Bakı şəhəri, 14 saylı notariat ofisində bağlanılmış 3M-3175 reyestr nömrəli Borc Müqaviləsinə əsasən yaranmış borcun icrasının təmin edilməsi məqsədi ilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2024-cü il tarixli İpoteka Müqaviləsinin2.3-cü bəndinə əsasən İpoteka predmetinin dəyəri 270000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli Pretenziya ərizəsi ilə müraciət olunaraq Borc öhdəliyinin yerinə yetirilməsi tələb edilsə də bu günədək icra edilməmişdir. xx.xx.2024-cü il tarixli İpoteka Müqaviləsinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixli, 3M- 3175 reyestr nömrəli Borc Müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən mənzili İpoteka saxlayan İddiaçı xeyrinə yüklü etmişdir. Daha sonra İddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə müraciət edərək, Cavabdeh 250.000 manat (iki yüz əlli min) məbləğində borcun, 5208 manat faizin və 546 manat dövlət rüsmunun İddiaçı xeyrinə tutulması, tələbin ünvan 1 ünvanına yönəldilməsi, ünvan 2 açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun İddiaçı ödənilməsi, Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi Ev 29, 207-ci mənzildən çıxarılmaqla istifadə hüquqlarına xitam verilməsi və öz hesablarına mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddianın tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Bakı şəhəri 14 saylı notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 3M-3175 reyestr nömrəli Borc Müqaviləsindən görünür ki, Borc verən İddiaçı tərəfindən borclu İddiaçı xx.xx.2025-ci il tarixinədək 250000 manat (iki yüz əlli min yüz) məbləğində borc verilmişdir. - Bakı şəhəri 14 saylı notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 3M- 3176 reyestr nömrəli İpoteka Müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi Ev 29, 207 saylı mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət İddiaçı xeyrinə yüklü edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanan bildirişdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 3M-3175 reyestr nömrəli Borc Müqaviləsinə əsasən borclu İddiaçı 250000 manat (iki yüz əlli min yüz) məbləğində borc verilmişdir. Borcun təminatı qismində ipoteka saxlayan İddiaçı ilə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli, 3M- 3176 reyestr nömrəli İpoteka Müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi Ev 29, 207 saylı mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka Müqaviləsinə əsasən yüklülük xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Borc Müqaviləsində göstrərilən müddət ərzində qaytarılmalı olan borc qaytarılmamış və müəyyən olunmuş ödəmə müddəti ötürülmüşdür. xx.xx.2024cü il tarixli, 3M-3175 reyestr nömrəli Borc Müqaviləsinə əsasən borclu Cavabdeh borcu 250000 manat (iki yüz əlli min) məbləğində əsas borc təşkil edir. Borc ödənilmədiyi halda öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi Ev 29, 207 saylı Mənzilə tutmanın yönəldilməsi proseduruna başlanılacaqdır. Bu zaman qeyd edilən məbləğlərdən əlavə cərimə və dəbbə pulu da tələb ediləcək. -"xxxx" MMC-nin MB 18/0615 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi Ev 29 ünvanında yerləşən 207 saylı mənzilin 12 iyun 2025-ci il tarixində hesablanmış bazar dəyəri 415.000 AZN, likvid dəyəri isə 394.000 AZN təşkil edir. a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. - 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. - 34.1 və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. - 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. - 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Borc müqaviləsinə əsasən iddiaçı borclu İddiaçı 250000 manat (iki yüz əlli min yüz) məbləğində borc verilmişdir. Borc müqaviləsinin təminatı olaraq tərəflər arasında xx.xx.2024-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi Ev 29, 207 saylı mənzili iipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh borc müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə borcu ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Hazırda iddiaçı cavabdehin öhdəliklərini lazımınca icra etməməsi səbəbindən tərəflər arasında bağlanmış borc və ipoteka müqavilələrinə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 250.000 manat əsas borcu ödənilməsi tələbi hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 5208 manat ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına əsasən kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış borcun tutulması tələbi əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Göründüyü kimi, Cavabdeh borc müqaviləsinin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə borcu ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş, əsas öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. İpoteka predmeti olan əmlakın satış qiymətinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Son olaraq məhkəmə iddia tələbinin “Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi Ev 29, 207-ci mənzildən çıxarılmaqla istifadə hüquqlarına xitam verilməsi və öz hesablarına mənzilin boşaldılmasına dair” hissəsi ilə bağlı qeyd edir ki, mənzil Cavabdeh mülkiyyətində olmuş, xx.xx.2024-cü il tarixli, 3M-3176 reyestr nömrəli İpoteka Müqaviləsinə əsasən yalnız borc öhdəliyinin icrasının təminatı məqsədi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin mahiyyəti əmlakın mülkiyyət hüququnun ipoteka saxlayana keçməsini nəzərdə tutmur və ipoteka saxlayana ipoteka predmetindən istifadəyə, onu idarə etməyə və ya orada yaşayan şəxsləri çıxarmağa hüquq vermir. Qanunvericiliyə görə, ipoteka müqaviləsi üzrə borcun icra edilməməsi halında ipoteka saxlayan yalnız İpoteka predmeti hesabına tələbinin ödənilməsini tələb edə bilər. Bu isə yalnız məhkəmə qaydasında və ya İpoteka haqqında Qanunun müəyyən etdiyi qaydada – ipoteka predmetinin açıq hərracda satılması yolu ilə həyata keçirilə bilər. Hərrac keçirilmədən və əmlakın alıcıya satılması barədə qanuni qərar qəbul edilmədən ipoteka qoyanın və ya onun ailə üzvlərinin mənzildən çıxarılması üçün hüquqi əsas yaranmır. Bundan əlavə, ipoteka qoyan və onun ailə üzvləri ipoteka müqaviləsi qüvvədə olduğu müddətdə həmin mənzildən faktiki yaşayış məqsədi ilə istifadə edirlər və bu hal onların yaşayış hüququnu qanunsuz saymaq üçün əsas vermir. İddiaçı tərəfindən cavabdehin mənzildən çıxarılmasının zəruriliyini təsdiqləyən hər hansı hüquqi və ya faktiki sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin satışı həyata keçirilmədən, yalnız borc öhdəliyinin icra olunmaması faktına əsasən cavabdehin və ailə üzvlərinin mənzildən çıxarılması barədə tələb hüquqi əsasdan məhrumdur. Bu baxımdan, Cavabdeh və ailə üzvlərinin ünvan 3 ünvanlı mənzildən çıxarılmaqla istifadə hüquqlarına xitam verilməsi və öz hesablarına mənzilin boşaldılması barədə iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin borc müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 250.000 manat məbləğində borc, 5208 manat faiz borcu, cəmi 255.208 (iki yüz əlli beş mn iki yüz səkkiz manat) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 546 manat (beş yez qırx altı manat) İddiaçı xeyrinə tutulmalı, tutma likvid (ilkin satış) qiyməti 394.000 (üç yüz doxsan dörd min manat) manat müəyyən edilməklə Cavabdeh tərəfindən girov qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, AK.Mirqasımov küçəsi, ev 29, 207 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq girov qoyan Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, hazırki iş üzrə iddia təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi və sair" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 250.000 manat məbləğində borc, 5208 manat faiz borcu, cəmi 255.208 (iki yüz əlli beş mn iki yüz səkkiz manat) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 546 manat (beş yez qırx altı manat) İddiaçı xeyrinə tutulsun. Tutma likvid (ilkin satış) qiyməti 394.000 (üç yüz doxsan dörd min manat) manat müəyyən edilməklə Cavabdeh tərəfindən girov qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, AK.Mirqasımov küçəsi, ev 29, 207 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq girov qoyan Cavabdeh qaytarılsın. 300 (üç yüz) manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2785/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2785/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver