Məhkəmə qərarları › İş №e-2(006)-2793/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2793/2021

27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2793/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona dəyən maddi zərərə görə 20.700 (iyirmi min yeddi yüz) manat, 5.000 (beş min) manat mənəvi zərərə görə, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu hesabına pul, 160 (bir yüz altmış) manat vəkilə ödənilən haqq, ümumilikdə 25.890 (iyirmi beş min səkkiz yüz doxsan) manat pul Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil qızı iddianı müdafiə etdi və izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh arasında 06.11.2018-ci il tarixdə Bakı şəhərində 19 saylı Dövlət Notariat Kontorunda podrat müqaviləsi imzalanmışdır. Podrat müqaviləsinə görə podratçı Cavabdeh Şabran rayonu Pirəbədli kəndi ərazisində ümumi sahəsi 120 kv.m-dən ibarət fərdi yaşayış evinin tikintisini həyata keçirməyi öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh həmin müqavilənin 1-ci maddəsinin 2.3.3-cü bəndinə əsasən evin tikintisinə 12.11.2018-ci il tarixdən gec olmayaraq başlamağı və evi 3 ay ərzində tam hazır şəkildə sifarişçiyə təhvil verməyi öhdəlik götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinin 3.1- ci bəndinə əsasən ümumilikdə görülən işlərə görə muzd haqqı 39.000 AZN təşkil edir. İlkin olaraq Sifarişçi tərəfindən Podratçıya 19.000 AZN notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödənilir. Qalan məbləğ isə hissə-hissə ödəniləcək idi. İddiaçı cavabdehə 06 noyabr 2018- ci il tarixdə 19.000 manat bank vasitəsi ilə pul ödəmişdi. 24.11.2018- ci il tarixdə isə 1700 manat pul ödəyib. Lakin cavabdeh heç bir iş görmədi. 3 ay beləcə keçdi. Bununla bağlı iddiaçı narazılığı bildirdi və pulu geri tələb etdi. Lakin o, ona yenidən şans verməyi müəyyən səbəblərdən işi başlaya bilməməsini bildirirək, ona yenidən vaxt verilməsini, işi tezliklə təhvil verəcəyini demişdir. Buna görə də cavabdehin xahişini nəzərə alaraq, müqaviləyə dəyişiklik edilməsi barədə 13 fevral 2019cu ildə saziş imzalamışlar. Həmin sazişə əsasən 06.11.2018- ci il tarixdə bağlanmış podrat müqaviləsinə dəyişiklik edilmiş orada tikintinin başlama tarixi 01.04.2019-cu il 30.07.2019cu il tarix isə tikilinin təhvil verilməsi tarixi kimi razılığa gəlmişlər və imzalanmışlar. Qeyd edilən saziş də Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmişdir. Vaxt bitdikdən sonra yenidən cavabdeh heç bir hərəkət etməmişdi. Tikinti işlərini heç başlamamışdır. Artıq 2 ildən çoxdur ki, cavabdeh pulu mənimsəmiş, müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Bununla da ona 20.700 (iyirmi min yeddi yüz) manat maddi zərər, 5.000 (beş min) manat da mənəvi zərər dəymişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını Məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, tərəflər arasında 06.11.2018-ci il tarixdə Bakı şəhərində 19 saylı Dövlət Notariat Kontorunda podrat müqaviləsi imzalanmışdır. İş materiallarında olan 06.11.2018-ci il tarixli Podrat müqaviləsindən görünür ki, podratçı Cavabdeh Şabran rayonu Pirəbədli kəndi ərazisində ümumi sahəsi 120 kv.m-dən ibarət fərdi yaşayış evinin tikintisini həyata keçirməyi öz öhdəsinə götürür, sifarişçi (birinci tərəf) isə Podratçıya (ikinci tərəf) razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan sazişin surətindən görünür ki, tərəflər arasında 13.02.2019cu il tarixdə podrat müqaviləsinə dəyişiklik edilməsi barədə saziş imzanlanmışdır. İş materiallarına əlavə edilmiş 24.11.2018-ci il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 17.000 manat pul almasını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 06.11.2018-ci il tarixdə Bakı şəhərində 19 saylı Dövlət Notariat Kontorunda podrat müqaviləsi imzalanmisdir. Podrat müqaviləsinə görə podratçı Cavabdeh Şabran rayonu Pirəbədli kəndi ərazisində ümumi sahəsi 120 kv.m-dən ibarət fərdi yaşayış evinin tikintisini həyata keçirməyi öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh həmin müqavilənin 1ci maddəsinin 2.3.3-cü bəndinə əsasən evin tikintisinə 12.11.2018-ci il tarixdən gec olmayaraq başlamağı və evi 3 ay ərzində tam hazır şəkildə sifarişçiyə təhvil verməyi öhdəlik götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinin 3.1- ci bəndinə əsasən ümumilikdə görülən işlərə görə muzd haqqı 39.000 AZN təşkil edir. İlkin olaraq Sifarişçi tərəfindən Podratçıya 19.000 AZN notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödənilir. Beləliklə göründüyü kimi, iddiaçı öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nın 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 20.700 manat məbləğində pul, 160 manat vəkilə ödənilən haqq alınıb İddiaçı verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi ücün 160 manat məbləğində nümayəndəyə çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair tələb irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-nin 107 və 121-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, həmin tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 20.700 manat məbləğində pul, 160 manat vəkilə ödənilən haqq və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natəvan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar