Məhkəmə qərarları › İş №e-2(006)-282/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-282/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-282/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" QSC-nin cavabdeh Əlı̇ canova Təranə Əvəz qızına qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" QSC cavabdeh Əlı̇ canova Təranə Əvəz qızına qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard KB” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/5243/12 saylı kredit müqaviləsi üzrə cavabdehdən 501.39 (beş yüz bir manat, 39 qəpik) manat məbləğində əsas borc, 401.68 (dörd yüz bir manat, 68 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1317.08 (min üç yüz on yeddi manat, 08 qəpik) manat məbləğində cərimə borcu, 227.08 (iki yüz iyirmi yeddi manat, 08 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2448.23 (iki min dörd yüz qırx səkkiz manat, 23 qəpik) manat məbləğində pulun, 44.49 (qırx dörd manat, 49 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO "xxxx" QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2012-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/5243/12 saylı müqavilə (bundan sonra – kredit müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 921 (doqquz yüz iyirmi bir) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 501.39 (beş yüz bir manat, 39 qəpik) manat məbləğində əsas borc, 401.68 (dörd yüz bir manat, 68 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1317.08 (min üç yüz on yeddi manat, 08 qəpik) manat məbləğində cərimə borcu, 227.08 (iki yüz iyirmi yeddi manat, 08 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2448.23 (iki min dörd yüz qırx səkkiz manat, 23 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixli, 1xx/xx/5243/12 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 25% ödənilməsi şərti ilə 921 (doqquz yüz iyirmi bir) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh LPO "xxxx" QSC-yə xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən 502,39 manat əsas, 401,68 manat faiz və 1317,08 manat cərimə borcu, 227.08 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2448.23 manat məbləğində borcunun olması qeyd edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən borcun bir qismi ödənilmiş, xx.xx.2023-cü il tarixdə əsas borcundan 400 manat məbləğində azalma müşahidə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə LPO "xxxx" QSC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, xx.xx.2012-ci il tarixli, 1xx/xx/5243/12 saylı kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında icra edilməmiş borcu vardır. Cavabdeh ekspertizanın keçirilməsini tələb etmədiyindən, mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur, iddiaçının təqdim etdiyi sübutlardan əsas və faiz borcun düzgün hesablandığı müəyyən olunur. Xəbərdarlıq məktubundan görünür ki, LPO "xxxx" QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 44,49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 101,39 manat əsas borc, 401,68 manat faiz borcu, 50 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla 227,08 manat faiz borcu olmaqla, cəmi 780,15 manat borc və ödənilmiş dövlət rüsumunun 14 manatı Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Digər tərəfdən 44,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun 14 manatının Cavabdeh tutulması tələbin məbləğinə mütənasibdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 101,39 manat əsas borc, 401,68 manat faiz borcu, 50 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla 227,08 manat faiz borcu olmaqla, cəmi 780,15 manat borc və ödənilmiş dövlət rüsumunun 14 manatı Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar