Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2821/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK5990011A111 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2022-ci il tarixli, Z-RGTK5990011A111 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə, cavabdehlərin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 5917.73 AZN əsas; 674.46 AZN faiz; cəmi 6592.19 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5917.73 manat əsas; 674.46 manat faiz; cəmi 6592.19 manat borcun və ödənilmiş 85.92 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə yazılı ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırki işə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK5990011A111 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 20%-lə ödəmək şərtilə 6100.59 manat məbləğində kredit verilmiş, borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z-RGTK5990011A111 saylı zaminlik müqaviləsinə əsasən, zamin xx.xx.2022-ci il tarixli, RGTK5990011A111 saylı kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşımışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanan razılıq ərizəsindən görünür ki, K.Ağaşərif kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC-nin müştərisi olan X1 xx.xx.2023-cü il tarixinə onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5917,73 manat əsas, 674,46 manat faizi, cəmi 6592,19 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı 30 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK5990011A111 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 (borc alan) illik 20 (faktiki illik dərəcəsi 20.49%) faiz hesablanmaqla müəyyən müddətə 6.100.59 manat məbləğində kredit verilmişdir. «İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 19 iyul 2022-ci il tarixli, RGTK5990011A111 saylı zaminlik müqaviləsinə əsasən zamin həmin kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşlər. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona 5.917.73 manat məbləğində əsas borc, 674.46 manat faiz borcu hesablanmışdır. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Mədaxil qəbzindən (№**********) görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 85,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırda Bank iddiaçı məhkəməyə müraciət edərək, borclular tərəfindən müqavilələr üzrə ödənilməyən borc pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5917,73 (beş min doqquz yüz on yeddi qəpik, yetmiş üç qəpik) manat əsas, 674,46 (altı yüz yetmiş dörd manat, qırx altı qəpik) manat faiz, cəmi 6592,19 (altı min beş yüz doxsan iki manat, on doqquz qəpik) manat borc və ödənilmiş 85,92 (səksən beş manat, doxsan iki qəpik) manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5917,73 (beş min doqquz yüz on yeddi qəpik, yetmiş üç qəpik) manat əsas, 674,46 (altı yüz yetmiş dörd manat, qırx altı qəpik) manat faiz, cəmi 6592,19 (altı min beş yüz doxsan iki manat, on doqquz qəpik) manat borc və ödənilmiş 85,92 (səksən beş manat, doxsan iki qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2821/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2821/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver