Məhkəmə qərarları › İş №e-2(006)-284/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-284/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-284/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kreditin və kredit faizlərinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «kreditin və kredit faizlərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.800 ABŞ dolları məbləğində əsas borc, 3.882 ABŞ dolları faiz borcu, 885 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.567 ABŞ dolları və ödənilmiş 149 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli PKSTN-0593 saylı kredit müqaviləsinə əsasən sonuncuya şəxsi məqsədlər üçün 6 ay müddətinə, illik 20% ödəmək şərti ilə 7.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli Əlavə razılaşma protokolu bağlanmış və sözügedən protokola əsasən xx.xx.2016-cı il tarixli PKSTN-0593 saylı kredit müqaviləsinə əsasən 10.682 ABŞ dolları qalıq borcun müddəti əlavə olaraq 24 ay müddətinə, illik 1.5 % olmaqla əsas borc və ona hesablanmış faizlərin müddət sonunda ödəmək şərti ilə uzadılmış və son ödəniş günü olaraq xx.xx.2021-ci il tarixi müəyyənləşdirilmişdir. Bununla da işə əlavə edilmiş maliyyə arayışına əsasən, Cavabdeh iddiaçı "xxxx" ASC-yə 6.800 ABŞ dolları məbləğində əsas borcu, 3.882 ABŞ dolları faiz borcu, 885 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.567 ABŞ dolları məbləğində qalıq borc yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli PKSTN- 0593 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 6 ay müddətinə, aylıq faiz dərəcəsi 20 % olmaqla, 7.100 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli, PKSTN-0593 saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavədən (razılaşma protokolundan) görünür ki, razılaşma əsasında xx.xx.2016-cı il tarixli, PKSTN-0593 saylı kredit müqaviləsinə əsasən qalıq 10.682 ABŞ dolları borcun müddəti əlavə olaraq 24 ay müddətinə, illik 1,5% olmaqla, əsas borcu və hesablanmış faizləri müddət sonunda ödəmək şərti ilə uzadılmış və son ödəniş günü olaraq xx.xx.2021-ci il tarix müəyyənləşdirilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 6.800 ABŞ dolları əsas borc, 3.882 ABŞ dolları faiz, 885 ABŞ dolları cərimə olmaqla, cəmi 11.567 ABŞ dolları borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə işə obyektiv, hərtərəfli baxılması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspert qarşısında zəruri suallar qoymuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7748 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2016-cı il tarixli, PKSTN-0593 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh xx.xx.2022-ci il tarixinə (sual üzrə tarixə) "xxxx" ASC-yə olan borcu 10.380,45 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə – 6.800 ABŞ dolları; - faiz borcu üzrə – 3.580,45 ABŞ dolları. Həmçinin qeyd edilir ki, iş materiallarında bank tərəfindən xx.xx.2016-cı il tarixli, PKSTN-0593 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən, hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 149 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 6.800 ABŞ dolları əsas borc, ekspert rəyinə əsasən 3.580,45 ABŞ dolları faiz, 88 ABŞ dolları cərimə olmaqla, cəmi 10.468,45 ABŞ dolları məbləğində borc ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 149 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Ekspertiza xərci olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 88 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 88 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6.800 ABŞ dolları əsas borc, 3.580,45 ABŞ dolları faiz, 88 ABŞ dolları cərimə olmaqla, cəmi 10.468,45 ABŞ dolları məbləğində borc ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 149 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ekspertiza xərci olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar