Məhkəmə qərarları › İş №e-2(006)-2841/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2841/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2841/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO QSC "xxxx" KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO QSC "xxxx" KB Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, LPO QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 14 may 2015-ci il tarixli 1xx/xx/106475/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 5698,82 (beş min altı yüz doxsan səkkiz manat səksən iki qəpik) manat məbləğində əsas borc, 1145,45 (min yüz qırx beş manat qırx beş qəpik) manat məbləğində faiz borcu, 1354,95 (min üç yüz əlli dörd manat doxsan beş qəpik) manat məbləğində cərimə borcu, 774,99 (yeddi yüz yetmiş dörd manat doxsan doqquz qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 8974,21 (səkkiz min doqquz yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat məbləğində pulun, 109,75 (yüz doqquz manat yetmiş beş qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 14 may 2015-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/106475/15 saylı kredit müqaviləsi bağlanmı, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərtilə 48 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 5698,82 (beş min altı yüz doxsan səkkiz manat səksən iki qəpik) manat məbləğində əsas borc, 1145,45 (min yüz qırx beş manat qırx beş qəpik) manat məbləğində faiz borcu, 1354,95 1354,95 (min üç yüz əlli dörd manat doxsan beş qəpik) manat məbləğində cərimə borcu, 774,99 (yeddi yüz yetmiş dörd manat doxsan doqquz qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 8974,21 (səkkiz min doqquz yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat məbləğində borcu qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Mülki iş üzrə iddiaçı LPO QSC "xxxx" KB-nin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabacaqdan heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Mülki iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli məktub təqdim edərək, xx.xx.2015-ci il tarixli 1xx/xx/106475/15 saylı kredit müqaviləsi üzrə onun bank qarşısında borcunun olmamasını nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh yazılı ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb, iddianın rədd edilməsi barədə yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185 və 259-cu maddələrini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 1xx/xx/106475/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, bank tərəfindən Cavabdeh illik 24% dərəcəsilə 48 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan LPO QSC "xxxx" KB tərəfindən məhkəməyə təqdim etməkçün verilən 01 fevral 2022-ci il tarixli Çıxarışdan görünür ki, LPO QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 14 may 2015-ci il tarixli 1xx/xx/106475/15 saylı kredit müqaviləsi üzrə 19 yanvar 2022-ci il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc-5698.82 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər-1145.45 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə-1354.95 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 8974.21 manat təşkil edir. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli LPO QSC "xxxx" KB tərəfindən Cavabdeh ünvanlanan "xxxx" məktubdan görünür ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/94063/15 saylı kredit müqaviləsinə əsasən, borcalana 24 ay müddətinə qaytarılmaq şərtilə 5.000 manat məbləğində və xx.xx.2015-ci il tarixli 1xx/xx/106475/15 saylı kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə qaytarılmaq şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixinə xx.xx.2015-ci il tarixli 1xx/xx/94063/15 saylı kredit müqaviləsi üzrə LPO QSC "xxxx" KB qarşısında 779.51 manat məbləğində faiz borc öhdəliyi və əlavə olaraq digər öhdəliklər üzrə 176.28 manat məbləğində borc mövcuddur. xx.xx.2022-ci il tarixinə xx.xx.2015-ci il tarixli 1xx/xx/106475/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında borc öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı LPO QSC "xxxx" KB ilə Cavabdeh arasında 1xx/xx/106475/15 saylı 14 may 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, bank tərəfindən borcalana 48 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktuba əsasən isə göründüyü kimi borcalan Cavabdeh bank qarşısında xx.xx.2022-ci il tarixinə heç bir borc öhdəliyi qalmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmiş, onun 1xx/xx/106475/15 sayı, 14 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya borcu qalmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəsini alır. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar