Məhkəmə qərarları › İş №e-2(006)-2842/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2842/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2842/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, 1850 manat məbləğində verilmiş sığorta ödənişinin və 38,90 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə əlavə araşdırma aparılmasına zərurət olduğundan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2842/2024 saylı qərardadı ilə mülki işə ümumi iddia icraatı qaydasında baxılması mümkün hesab edilmişdir. İddiaçı LPO "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 03 mart 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Ford Fusion” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 30 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 tərəfindən idarə olunan “VAZ 21110” markalı T882MH 163 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Sumqayıt şəhər DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 1850 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, iddianı müdafiə etdikləri bildirilmiş və bütün məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə PGU********** saylı sığorta müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə “Ford Fusion” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İcbari sığorta müqaviləsi 1 il müddətinə bağlanmış, müqavilənin qüvvədə olma müddətinin başa çatma tarixi xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib barəsində cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC-nin dəymiş ziyanın hesablanmasına dair xx.xx.2023-cü il tarixli aktından görünür ki, Cavabdeh törətdiyi inzibati xəta nəticəsində zərər dəymiş “VAZ 21110” markalı T882MH 163RUS markalı avtomobilin təmiri üçün ehtiyyat hissələrinə görə 1210 manat, işçilik üçün 640 manat olmaqla, cəmi 1850 manat məbləğində vəsait tələb olunur. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən baş vermiş sığorta hadisəsi ilə əlaqədar ziyan dəymiş “VAZ 21110” markalı T882MH 163RUS markalı avtomobilin sahibinə 1850 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı daha öncədən də cavabdehə qarşı eyni iddia tələbi ilə müraciət etmiş, həmin icraat çərçivəsində məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin müvafiq rəyi daxil olmuş, lakin təyin edilmiş məhkəmə iclasında tərəflərin iştirak etməməsi səbəbilə mülki iş məhkəmənin 02 aprel 2024-cü il tarixli, e- 2(006)-133/2024 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Məhkəmə eyni tərəflər arasında baxılan eyni mübahisə üzrə daha öncədən keçirilmiş ekspertiza nəticəsində əldə edilmiş rəyi şübhə altına ala biləcək hər hansı halın olmamasını əsas götürüb, qeyd edilən rəyin hazırki icraat zamanı sübut kimi qiymətləndirilib nəzərə alınmasını mümkün hesab etmişdir. Belə ki, qeyd edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli 9/05 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında oln "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2003-cü il buraxılışlı “VAZ 21110” markalı T882MH163 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə, yəni 2022-ci ilin dekabr ayına olan təmir-bərpa xərci təxminən 1720 manat müəyyən edilir, o cümlədən: - dəyişilməli hissələrin qiyməti – 1110 manat; - təmir-bərpa işlərinin qiyməti – 610 manat. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədəmüvafiq hesab olunduğundan, 2003-cü il buraxılışlı “VAZ 21110” markalı T882MH163 dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı iş materiallarında olan qüsur aktı əsasında hesablanır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə PGU********** saylı sığorta müqaviləsinə əsasən “Ford Fusion” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə sığortalanması razılaşdırılmışdır. Cavabdeh “Ford Fusion” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra, Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib barəsində cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC-nin dəymiş ziyanın hesablanmasına dair xx.xx.2023-cü il tarixli aktına əsasən zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin dəyəri 1850 manat müəyyən edilmiş və yuxarıda qeyd edilən sığorta aktına əsasən "xxxx" ASC tərəfindən həmin sığorta hadisəsi ilə əlaqədar 1850 manat zərərçəkən şəxsə sığorta ödənişi ödənilmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, hadisənin baş verməsində Cavabdeh oğliu təqsirli bilinmiş və onun “Ford Fusion” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı idarə etmək üçün etibarnaməsinin olmadığı sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinin tələblərinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinin tələblərinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 926.2-ci maddəsinin tələblərinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcələsinin 927.1-ci maddəsinin tələblərinə görə əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinin tələblərinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1-ci və 23.1.6-cı maddələrinin tələblərinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüquqlarından biridir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələblərinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən tələblərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərək, həmin sığorta hadisəsinin törədilməsində təqsirli hesab edildiyindən, iddiaçı ona qarşı subroqasiya qaydasında hazırkı iddia tələbini qaldırmaqda haqlı olmuşdur. Yalnız qeyd edilməlidir ki, iddiaçının tələbi özü-özlüyündə əsaslı olsa da, aparılmış ekspertiza tədqiqatı nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21110” markalı T882MH163 dövlət qeydiyyat nişanlı avtomobilə 1850 manat deyil, ümumilikdə 1720 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. Bununla da 1720 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1720 manat sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun 36 manatı və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar ödənilmiş 0,40 manat xidmət haqqı Cavabdeh iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 1720 manat sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun 36 manatı və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar ödənilmiş 0,40 manat xidmət haqqı Cavabdeh iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar