Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-285/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi İddiaçı, İddiaçının vəkili X2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi və avtonəqliyyat vasitəsinin qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi və avtonəqliyyat vasitəsinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11.715 manat məbləğində avtonəqliyyat vasitəsinə dəymiş zərərin, 45.000 manat məbləğində əldən çıxmış faydanın, ümumilikdə 56.715 manat məbləğində zərərin, iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciətlə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və 110 manat hüquqi yardım xərcinin əvəzinin müştərək qaydada tutulması və cavabdehlərin üzərinə öz hesablarına «X12» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində yol verilmiş yanlışlığın nəzərə alınaraq iddiaçının "xxxx" MMC qismində tanınması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11.715 manat məbləğində avtonəqliyyat vasitəsinə dəymiş zərərin, 59.400 manat məbləğində əldən çıxmış faydanın, ümumilikdə 71.115 manat məbləğində zərərin, iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciətlə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və 110 manat hüquqi yardım xərcinin əvəzinin müştərək qaydada tutulması və cavabdehlərin üzərinə öz hesablarına «X12» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, X6 və X3 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 12.01.2018-ci il tarixli 691 nömrəli müqaviləyə əsasən iddiaçı «X12» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı sedan tipli ağ rəngli avtonəqliyyat vasitəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 idarə etmək üçün vermişdir. Avtonəqliyyat vasitəsi təhvil verilərkən istifadəyə tam yararlı olmuş, hər hansı qeyd-şərt irəli sürməmişdir. Cavabdeh1 15.01.2018-ci il tarixdə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində 4-cü Köndələn küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş və nəticədə qarşıdan düzünə hərəkət edən «Hyundai H1 Yük» markalı ** VS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə Azərbaycan Respublikası İXMin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin şəxs barəsində 15.01.2018-ci il tarixli TP 103309 saylı inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Qərar qanuni qüvvəyə minmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «X12» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəymişdir. Bundan sonra, Cavabdeh1 yaxın tanışı olan Cavabdeh2 ilə birlikdə nəqliyyat vasitəsini müvafiq qaydada təmir etdirəcəyini bildirmişdir. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində maddi zərər dəymiş avtonəqliyyat vasitəsinin təmiri ilə bağlı hər hansı tədbir görməmişdir. Bundan əlavə, digər Cavabdeh2 avtonəqliyyat vasitəsini təmir adı ilə ünvan 1 ünvana aparmış, lakin təmirlə bağlı hər hansı iş görməyərək sözügedən nəqliyyat vasitəsini qanunsuz olaraq həmin ünvanda saxlamışdır. Bu fakt iddiaçının nəqliyyat vasitəsindən qanuni əsaslarla istifadə hüququnu məhdudlaşdırır. Təmirin vaxtında aparılmaması nəticəsində avtonəqliyyat vasitəsinə dəyən ziyanın məbləği daha da artmışdır. Lənkəran ŞRPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 avqust tarixli qərarından göründüyü kimi, hazırda nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 11.715 manatdır. Hazırda cavabdehlər nəqliyyat vasitəsinə ona qanuni əsaslarla istifadə hüququ olan "xxxx" MMCyə qaytarmaqdan və vurulmuş zərərin əvəzini ödəməkdən boyun qaçırırlar. "xxxx" MMC avtonəqliyyat vasitələrinin kirayəsi ilə məşğul olur. 2018-ci ilin 15 yanvarından etibarən cavabdehlərin ucbatından «X12» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə edə bilməməsi şirkətin gəlirlərinə də mənfi təsir göstərmişdir. Sözügedən avtonəqliyyat vasitəsinin günlük kirayə haqqı 60 manat təşkil edir və pozuntu törədilən gündən bu günə kimi keçən 750 gün ərzində şirkət 45.000 manat gəlirdən məhrum olmuşdur. Göründüyü kimi, cavabdehlər qanunvericiliyin tələblərini pozmaqla nəqliyyat vasitəsinə təqsirli hərəkətləri nəticəsində zərər vurmuş, zərərin əvəzinin ödənilməsindən yayınmış, avtonəqliyyat vasitəsini qanunsuz olaraq saxlamış və iddiaçını əldə edəcəyi gəlirlərdən məhrum etmişlər. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında izahatında bildirdi ki, o, bankda işləyir. Orada işlədiyi üçün onun və Zamin Əşrəfovun adına etibarnamə verilmişdir. Həmin maşınla bağlı hər hansı bir tələbi yoxdur. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, avtomobili etibarnamə ilə Vasif Yuifovdan almışdır. Hadisə baş verən günü sığorta şirkəti tərəfindən çağırılmışdır. Onların icbari sığortası mövcud olduğundan, qarşı tərəfin avtomobili təmir edilmişdir. Sığorta şirkəti tərəfindən 5.000 manat məbləğində sığorta pulu ödənilmişdir. Hadisə zamanı avtomobili Cavabdeh1 idarə edirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və 3-cü şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, "xxxx" MMC avtonəqliyyat vasitələrinin kirayəsi ilə məşğul olan hüquqi şəxsdir. "xxxx" MMC ilə Cavabdeh1 arasında 12.01.2018-ci il tarixli 691 nömrəli müqavilə bağlanmış və iddiaçı «X12» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı sedan tipli ağ rəngli avtonəqliyyat vasitəsini idarə etmək üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vermişdir. Avtonəqliyyat vasitəsi təhvil verilərkən istifadəyə tam yararlı olmuş, hər hansı qeydşərt irəli sürülməmişdir. Cavabdeh1 15.01.2018-ci il tarixdə yol-hərəkəti qaydalarını kobud şəkildə pozmuş, Bakı şəhəri Nərimanov rayonu ərazisində 4-cü Köndələn küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş və nəticədə qarşıdan düzünə hərəkət edən «Hyundai H1 Yük» markalı ** VS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hadisə ilə bağlı Cavabdeh1 barəsində 15.01.2018-ci il tarixli TP 103309 saylı inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Qərar qanuni qüvvəyə minmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «X12» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəymişdir. Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 31 avqust 2019-cu il tarixli HK-1/№ 2282 saylı metarial üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 11.715 manatdır. İddiaçı 15 yanvar 2018-ci il tarixdən etibarən cavabdehlərin ucbatından «X12» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə edə bilməmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 yaxın tanışı olan Cavabdeh2 ilə birlikdə nəqliyyat vasitəsini müvafiq qaydada təmir etdirəcəyini bildirmişdir. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində maddi zərər dəymiş avtonəqliyyat vasitəsinin təmiri ilə bağlı hər hansı tədbir görməmişdir. Bundan əlavə, digər Cavabdeh2 avtonəqliyyat vasitəsini təmir adı ilə ünvan 1 ünvana aparmış, lakin təmirlə bağlı hər hansı iş görməyərək sözügedən nəqliyyat vasitəsini qanunsuz olaraq həmin ünvanda saxlamışdır. Hazırda cavabdehlər nəqliyyat vasitəsini ona qanuni əsaslarla istifadə hüququ olan "xxxx" MMC-yə qaytarmaqdan və vurulmuş zərərin əvəzini ödəməkdən boyun qaçırırlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, cavabdehlər həmin avtomobili qanunsuz olaraq özlərində saxlayırlar və iddiaçının hüquqlarını kobud şəkildə pozurlar. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək vəsaitləri hesabına «X12» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini "xxxx" MMC-yə təhvil verməlidirlər. Avtomobilə vurulmuş maddi ziyanın məbləği qərarda 11.715 manat göstərilmişdir. Məhkəmə mülki işə obyektiv, hərtərəfli və tam şəkildə baxılması üçün müvafiq məhkəmə ekspertizası təyin edərək, ekspert qarşısında avtomobilə vurulmuş ziyanın məbləği ilə bağlı zəruri suallar qoymuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2021-ci il tarixli 9/1083 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «X11»in 07.04.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı «X12» markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8.615 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, avtomobilə vurulmuş 8.615 manat maddi ziyan da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Əldən çıxmış faydanın həcminə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əldən çıxmış faydanı hesablayarkən ədalətli olmamış, avtomobil hər gün icarəyə verilirmiş kimi riyazi hesablama apararaq, cavabdehlərdən 59.400 manat məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir. Halbuki, əldən çıxmış fayda hesablanarkən əvvəlki dövrlərin real gəlirləri nəzərə alınmaqla düzgün, ədalətli riyazi hesablama aparılmalıdır. İddiaçı öncəki dövrlər ərzində mübahisə predmeti olan avtomobilin hər gün icarəyə verilməsinə dair sübutları, ciddi hesabat sənədlərini və ödənilmiş vergilərlə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu səbəbdən hesab edir ki, əldən çıxmış fayda qismində cavabdehlərdən iddiaçının xeyrinə ağlabatan həddə pul vəsaiti tutulmalıdır. Məhkəmə qeyd edilən əldən çıxmış faydanı 4.000 manat həcmində qiymətləndirir. Məhkəmənin qənaətinə görə, iddia - əldən çıxmış fayda hissəsində qismən təmin edilməlidir. Hüquqi yardıma görə tələb edilən məbləğlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzdə hüquqi yardıma görə mədaxil edilən məbləğ 110 manat təşkil etdiyindən, həmin məbləğ göstərilmiş hüquqi yardıma ekvivalent və ədalətli olduğundan, qeyd olunan məbləğ də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 8.615 manat məbləğində avtonəqliyyat vasitəsinə dəymiş zərər, 4.000 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 12.615 manat məbləğində zərər, iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciətlə bağlı ödənilmiş 30 manat dövlət rüsumu və 110 manat hüquqi yardım xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməli, öz hesablarına «X12» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmalıdır. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 8.615 manat məbləğində avtonəqliyyat vasitəsinə dəymiş zərər, 4.000 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 12.615 manat məbləğində zərər, iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciətlə bağlı ödənilmiş 30 manat dövlət rüsumu və 110 manat hüquqi yardım xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Öz hesablarına «X12» markalı 2010-cu il buraxılışlı ** OC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulsun. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-285/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-285/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver