Məhkəmə qərarları › İş №e-2(006)-2856/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2856/2024

15.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2856/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-4204/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı iki övladları var. Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə nikahları məhkəmə qaydasında pozulmuşdur. Həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli 2(006)-4923/2014 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə 105 manat olmaqla, hər ay 210 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-4204/2021 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə 175 manat olmaqla, hər ay 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Uşaqlar artıq elə bir yaş dövrünə çatmışlar ki, onların adi məişət ehtiyaclarının (geyim, qida, və s.) ödənilməsinə ayda hər birinə ən azı 250-300 manat pul lazımdır. Cavabdeh tərəfindən ödənilən aliment uşaqların ehtiyaclarını ödəmir. Həyat səviyyəsinin dəyişməsi ilə əlaqədar qiymətlər də artdığı üçün qətnamə üzrə müəyyən edilmiş aliment uşaqların saxlanılması üçün kifayət etmir. Ona görə də həmin aliment məbləğinin artırılması zərurəti yaranmışdır. 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən cari il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyasılar üçün 222 manat, uşaqlar üçün 235 manat təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, bir neçə ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Bu bəd diaqnoz ona 13 dekabr 2021-ci il tarixdə qoyulmuşdur. Cərrahiyyə əməliyyatına məruz qalmışdır. O, övladlarına baxmaqdan imtina etmir. Amma maddi imkanları məhduddur. Ona görə də, hər uşağa görə əlavə olaraq 25 manat, cəmi 50 manat ödəniş edə bilər. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-4204/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə tutulması, 30 manat dövlət rüsumunun Cavabdeh dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının 15 mart 2024-cü il tarixli MŞB/8/2024-00466 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə saat 14:30-15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. İddiaçı 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci ödəmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsinin 5 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli, 169 nömrəli məktubundan görünür ki, Bakı şəhərində anadan olmuş, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh 1993-cü ildən RƏXD-nin qeydiyyatındadır. Diaqnoz:epilepsiya, generalizə olunmuş tez-tez olan qıcolma tutmaları və şəxsiyyət dəyişiklikləri ilə. Milli Onkologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli L0139290 nömrəli xəstəlik tarixindən çıxarış (Epikriz) sənədindən görünür ki, Cavabdeh “Sol xayanın xərçəngi” diaqnozu qoyulmuşdur. “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi A.H.Kazımov adına 1 nömrəli şəhər poliklinikası tərəfindən təsdiq edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh xx.xx.2021-ci il tarixdə “enmiş xayanın bədxassəli yenitörəməsi” diaqnozu qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh valideyni X3 saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən o, alimentin hər uşağa görə 25 manat olmaqla, 50 manat artımını qəbul edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni qərarın 8.7-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması,eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqını ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsi, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Belə ki, cavabdeh müxtəlif xəstəliklərdən (bu xəstəliklərdən biri ciddi xəstəlik olan xərçəngdir (bədxassəli törəmə)) əziyyət çəkir, maddi imkanları iddiaçının tələb etdiyi həddə aliment tutulmasına imkan vermir. Bundan başqa, vurğulanmalıdır ki, uşaqlara baxılması və qayğı ilə əhatə olunması vəzifəsi hər iki valideynin üzərinə düşür. Uşaqların tələbatlarının təmin edilməsi üçün maddi vəsaitin yalnız bir valideyndən tutulması ədalətli deyil. İddiaçı əmək qabiliyyətlidir, uşaqlar kifayət qədər böyümüşlər və iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasına əngəl olan hər hansı məqam yoxdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-4204/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (400-350=50 manat, 50 x 12 = 600 manat) 1000 manatadək olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-4204/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar