Məhkəmə qərarları › İş №e-2(006)-2883/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2883/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2883/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 60/RES/09.19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 60/RES/09.19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 3460.26 (üç min dörd yüz altmış manat, iyirmi altı qəpik) manat əsas, 40.13 (qırx manat on üç qəpik) manat faiz borcu olmaqla, cəmi 3500.39 (üç min beş yüz manat, otuz doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 55.01 (əlli beş manat, bir qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia ərizəsinə əlavə təqdim edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 60/RES/09.19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 60/RES/09.19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 3460.26 (üç min dörd yüz altmış manat, iyirmi altı qəpik) manat əsas, 42.45 (qırx iki manat, qırx beş qəpik) manat faiz, 1.30 (bir manat, otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3504.01 (üç min beş yüz dörd manat, bir qəpik) manat məbləğində borc və ödənilmiş 55.01 (əlli beş manat, bir qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə əlavəni Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Tovuz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 60/RES/09.19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1% 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 3945.16 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 460.26 manat əsas, 40.13 manat faiz borcu olmaqla, cəmi borcu 3500.39 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə, tərəflərin mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir.Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 60/RES/09.19 saylı kredit müqaviləsinin 2.6cı bəndinə əsasən, borcalan kredit müqaviləsi əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0,1 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndində əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndində əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kredit verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalan digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları vardır. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcaln zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndinə əsasən borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin cavabdeh məhkəməyə qabaqcadan heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. -İş materiallarında olan xx.xx.2019-cu il tarixli, İK № 60/RES/09.19 saylı Güzəştli Kredit Müqaviləsinin surətindən görünür ki, Bank xx.xx.2014-cü il tarixli, 983/R saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə qaytarmaq şərti ilə 7000 ABŞ dolları məbləğində kredit vermişdir və tərəflər hazırki müqaviləni bağlamaqla vaxtı keçmiş həmin kredit borcunun redtrukturizasiyası barədə razılığa gəlirlər. Bu məqsədlə Bank 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə qaytarmaq şərtilə 3945.16 manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edib bu Müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür. Borcalan bu kreditdən istifadəyə görə illik 1% olmaqla faiz ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, tərəflər razılaşırlar ki, hazırki kredit müqaviləsi üzrə borcalana veriləcək kredit məbləği xx.xx.2014-cü il tarixli, 983/R saylı kredit müqaviləsi üzrə 360 gündən çox müddətə vaxtı keçmiş 2320.68 ABŞ dolları məbləğində kredit borcunun silinməsinə yönəldiləcəkdir və hazırki kreditin məqsədi məhz qeyd edilən kredit müqaviləsi üzrə qalıq kredit borcun restrukturizasiya edilərək ödənilməsindən ibarətdir. -İş materiallarında olan xx.xx.2019-cu il tarixli X3 də görünür ki, Cavabdeh aid hesaba 3945.16 manat məbləğində pul xx.xx.2019-cu il tarixli Fərmana əsasən restruktruzasiya edilmişdir. -İş materiallarında olan Cavabdeh aid olan kredit üzrə cədvəldən görünür ki, 3945.16 manat məbləğində verilən kredit üzrə Cavabdeh cəmi 3460.26 manat məbləğində qalıq borcu qalmışdır. -İş materiallarında olan Cavabdeh ünvanlanan Bildirişdən görünür ki, kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixə 405.32 manat əsas borc və əsas borca hesablanmış 14.58 manat faiz borcu, 1.19 manat cərimə faizi olmaqla, ümumilikdə 421.09 manat borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci bəndinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdərməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh Əşraf oğlunun hərəkətləri öhdəliyin lazmınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur: “nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.” Göründüyü kimi, ASC cavabdehin qarşısında müqavilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Məhkəmə hesab edir ki, 03 sentyabr 2019-cu il tarixli, İK № 60/RES/09.19 saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqaviləyə əsasən, ödənilməmiş 3460.26 manat məbləğində əsas borc, 42.45 manat məbləğində faiz borcu və 1.30 manat məbləğində cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddi tələbi təmin edilməli, İddiaçı ASCnin “Tovuz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 60/RES/09.19 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli, İddiaçı ASC-nin “Tovuz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 60/RES/09.19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 3460.26 (üç min dörd yüz altmış manat, iyirmi altı qəpik) manat əsas, 42.45 (qırx iki manat, qırx beş qəpik) manat faiz, 1.30 (bir manat, otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3504.01 (üç min beş yüz dörd manat, bir qəpik) manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, iş üzrə ödənilmiş 55.01 (əlli beş manat, bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC-nin “Tovuz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 60/RES/09.19 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. İddiaçı ASC-nin “Tovuz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 60/RES/09.19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 3460.26 (üç min dörd yüz altmış manat, iyirmi altı qəpik) manat əsas, 42.45 (qırx iki manat, qırx beş qəpik) manat faiz, 1.30 (bir manat, otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3504.01 (üç min beş yüz dörd manat, bir qəpik) manat məbləğində borc və ödənilmiş 55.01 (əlli beş manat, bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar