Məhkəmə qərarları › İş №e-2(006)-2909/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2909/2023

01.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2909/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Arif oğlunun iştirakları ilə İddiaçı X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailə qurub evlənmiş, rəsmi nikahları xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsində 1331 saylı qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə X12 adlı uşağı olmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)- 8317/2017 saylı qətnaməsi ilə nikah pozulmuş və uşaq iddiaçının himayəsinə verilmişdir. Həmin qətnamə ilə cavabdehdən xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay 137 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-9040/2023 saylı məktubuna əsasən cavabdehin xx.xx.2014-cü il tarixdən müddətsiz əmək müqaviləsinə əsasən "xxxx" QSC-də tikinti departamentinin layihələrin idarə edilməsi üzrə mühəndis vəzifəsində işləməsi və yüksək işləməsi miqdarda əmək haqqı və digər ödəmələr alması barədə məlumat əldə etmişlər. Cavabdeh 2017-ci ildə işə məhkəmədə baxılarkən həm iddiaçıdan, həm də məhkəmədən işləməsini və yüksək əmək haqqı almasını gizlətmiş, nəticədə hal-hazıradək uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi üzrə vəzifələrinin lazımi şəkildə icrasından qəsdən yayınmış və qanunvericiliklə müəyyənləşdirilmiş məbləğdən az aliment ödəməyə nail olmuşdur. İddiaçı isə uşağın təhsilinə, qidalanmasına, istirahətinə və geyiminə çəkilən xərcləri təkbaşına qarşılayır. Cavabdehin ödədiyi 137 manat aliment məbləği uşağın təhsil aldığı yerə aparılması üçün yol xərclərinə də kifayət etmir. Hətta «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu da 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən etmişdir ki, 137 manat aliment məbləği həmin yaşayış minimumunda da xeyli azdır. Buna görə də xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-8317/2017 saylı qətnaməsi ilə təyin olunmuş 137 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək cavabdehin əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment hesablanıb cavabdehdən tutulmalıdır. Cavabdehlə Bakı 15 saylı mediasiya vasitəsilə razılığa gəlməyə çalışsa da, bu mümkün olmadı. Həmin təşkilatın mediatoru X3 xx.xx.2023-cü il tarixli, MTB/MT015/2023- 00224/03 saylı mediasiya prosesinə xitam verilməsi barədə protokolu mediasiya təşkilatı tərəfindən onlara təqdim etmişdir. Mediasiya təşkilatına 50 manat məbləğində rüsumu ödəmişdir. Göstərilənlərə əsasən xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-8317/2017 saylı qətnaməsi ilə təyin olunmuş 137 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək Cavabdeh əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin hər ay tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı məhkəməni cavabdeh və onun hazırki həyat yoldaşı Şahbazova Natavan Davud qızının hüquqdan sui-istifadə edərək başladıqları aliment sazişinin uydurma əqd olmasını görməyə çağırır, çünki onlar məhkəməni aldatmağa və vəziyyəti öz xeyrinə manipulyasiya etməyə çalışırlar. Təəssüf doğuran həqiqətdir ki, cavabdeh iddiaçı ilə boşanma məhkəməsi zamanı əsl gəlirini məhkəmədən bilərəkdən gizlədib və buna nail olub. Cavabdehin bu hərəkəti onun uzun illər daha çox pul yığmasına səbəb olsa da, lakin azyaşlı uşağı Leylanın rifahına, təlim-tərbiyəsinə, qabiliyyətinin inkişaf etdirilməsinə, onun maddi və mənəvi tələbatlarının təmin edilməsinə, hüquq və mənafelərinin mühafizəsinə ciddi anlamda mənfi təsir göstərib. Cavabdeh yüksək miqdarda maaşını qəsdən gizlətməklə öz övladı üçün verməli olduğu dəstəyi haqsız yerə azaldıb, uşağı haqqından məhrum edib. Cəmi 137 manat miqdarında alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı məhkəmənin qətnaməsi həmin vaxt mövcud olan məlumatlara əsaslanıb. Lakin artıq cavabdehin əsl maliyyə vəziyyətini ortaya qoyan mötəbər sübutlar oraya çıxıb. Məhkəmənin bu faktları nəzərə alması və ədalətli bərpa etməsi mütləqdir. İndi cavabdeh iddia edir ki, o, yeni ailə həyatı qurub, xx.xx.2019-cu il təvəllüdlü Milana və xx.xx.2021-ci il təvəllüdlü Leysan adlı iki övladı var və bu uşaqları saxlamaq üçün indiki həyat yoldaşı ilə aliment sazişi bağlayıb. Cavabdehin yeni ailəsi qarşısında öhdəlikləri olsa da, onun əvvəlki nikahdan olan azyaşlı övladına qarşı mövcud öhdəliklərindən yayınması üçün əsas ola bilməz. Uşağın alimenti, sonrakı hər hansı ailə nizamından asılı olmayaraq övladlarının rifahını təmin etmək üçün valideynlərin ayrılmaz məsuliyyətidir. Cavabdehin və onun hazırki həyat yoldaşının bağladığı uydurma əqd olan aliment sazişi iddiaçının haqlı tələbini rədd etmək üçün sipər kimi istifadə edilə bilməz. Bu müqavilənin məqsədi yalnız məhkəməni aldatmaq və cavabdehin əvvəlki nikahdan olan övladı Leylaya qarşı maddi məsuliyyətindən yayınmaqdır. Cavabdehin əvvəlki uşağına ödəməli olduğu aliment ödənişlərini yeni ailəsinə yönəltməyə icazə verilsə, sadəcə məhkəmə bilmədən vicdansızlığa göz yumacaq. Leylanın ən yüksək maraqlarının qorunmasını təmin edərək ədalətli qorumaq məhkəmənin borcudur. Məhkəmədən xahiş edir ki, cavabdehin və onun hazırki həyat yoldaşının məhkəməni aldatmaq və manipulyasiya etmək cəhdlərini görsün. Məhkəmədən xahiş edir ki, iddiaçının övladına qarşı maddi öhdəliklərini yerinə yetirməkdən yayınmaq istədiyi üçün cavabdehin etirazını rədd etsin. Yalnız bundan sonra ədalətin təmin olunmasını və Leylanın maraqlarının təmin edilməsini təmin edə bilərlər. Göstərilənlərə əsasən xx.xx.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)- 8317/2017 saylı qətnaməsi ilə təmin olunmuş 137 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək Cavabdeh əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında və eyni zamanda hər ay sabit pul məbləğində 500 manat alimentin hər ay tutularaq İddiaçı ödənilməsi, Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə iddiaçı ailə qurub evlənmiş, rəsmi nikahları xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə X12 adlı övladları doğulmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və uşaq iddiaçının himayəsinə verilmişdir. Həmin qətnamə ilə cavabdehdən xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay 137 manat alimentin iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Lakin cavabdeh 2014-cü ildən yüksək vəzifədə çalışmış və kifayət qədər yüksək əmək haqqı almışdır. Ancaq cavabdeh 2017-ci ildə işə məhkəmədə baxılarkən həm iddiaçıdan, həm də məhkəmədən işləməsini və yüksək əmək haqqı almasını gizlətmiş, nəticədə hal-hazıradək uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi üzrə vəzifələrinin lazımi şəkildə icrasından qəsdən yayınmış və qanunvericiliklə müəyyənləşdirilmiş məbləğdən az aliment ödəməyə nail olmuşdur. Bundan əlavə adıçəkilən məhkəmə qətnaməsi qəbul ediləndən bu günə qədər cavabdeh öz uşağı ilə maraqlanmamış və onun maddi ehtiyaclarının ödənilməsində aliment xaric olmaqla iştirak etməmişdir. Bu səbəbdən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Arif oğlu iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı tərəf öz iddia tələbində yüksək məbləğdə aliment tələb edir və həmin məbləğdə alimentin cavabdeh tərəfindən ödənilməsi mümkün deyildir. Belə ki, cavabdehin hazırda rəsmi əmək haqqısı vergilər və s.ödənişlər daxil olmaqla 1540 manat təşkil edir. Cavabdehin iddiaçı ilə birgə nikahdan doğulmuş uşaqdan başqa, ikinci nikahdan doğulmuş iki azyaşlı övladı da vardır. Onların da maddi ehtiyaclarının ödənilməsi cavabdehin vəzifəsidir. Həmçinin cavabdehlə onun ikinci həyat yoldaşı X4 hər hansı gəlir mənbəyi yoxdur. Bundan əlavə onunla cavabdeh arasında bağlanmış sazişə uyğun olaraq cavabdeh onunla birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün hər iki uşaq üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsində aliment ödəməyi öz üzərinə götürmüşdür. Bu sazişin bağlanılmasında səbəb isə hazırki mülki iş üzrə iddiaçının cavabdehə qarşı yüksək aliment iddiasının olması ilə bağlı N.Şahbazovanın öz uşaqlarının saxlanılması ilə əlaqədar narahatlığından qaynaqlanmışdır. Bu mediasiya prosesində aylıq 250 manat məbləğində aliment ödəyə biləcəkləri bildirsələr də, iddiaçı tərəfi bu qane etmədiyindən qəbul etməlidir. Həmçinin onu da nəzərinə çatdırır ki, iddiaçı da hazırda işləyir və aylıq 670 manat əmək haqqı alır. Göstərilənlərə əsasən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X8 qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X8 izahatında göstərmişdir ki, o, cavabdehin hazırki həyat yoldaşıdır. Onların cavabdehlə birgə nikahlarından iki övladları vardır. O, hazırda analıq məzuniyyətindədir. Gəlir mənbəyi yoxdur. Həyat yoldaşı, yəni hazırki mülki iş üzrə cavabdeh də sadəcə aylıq əmək haqqı alır və bundan başqa gəliri yoxdur. Böyük övladları bir il hazırlığa başlayacaq və buna görə də onun xərcləri çoxalacaq. O, bir ana kimi öz övladlarının gələcəyi üçün narahatdır. Aliment təyin edərkən bu halları nəzərə almasını xahiş etmişdir.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 21 iyul 2018-ci il tarixdə verilmiş AZ-İİ № 281387 seriya nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Şahbazova Natavan Davud qızı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 iyul 2018-ci il tarixdə 1937 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Şahbazova soyadı verilmişdir.

9. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 397616 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X5r.

10. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 692239 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X5r.

11. İş materiallarında olan «Nadir Akademi» rəhbəri X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X12 xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi və xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi akademiyanın məktəbəqədər hazırlıq qrupunda təhsil alıb.

12. İş üzrə "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, "xxxx" QSC-nin İnşaat və proqram təminatı departamentinin Layihəçi mühəndisi Şahbazova Natavan Davud qızı sosial məzuniyyətdə olduğuna görə halhazırda şirkətdə çalışmamaqdadır, analıq və sosial məzuniyyətdə olduğu tarixlər aşağıdakı qeyd olunmuşdur: 1-ci uşaq – xx.xx.2019-xx.xx.2022-ci il tarixləri, 2-ci uşaq – xx.xx.2021-xx.xx.2024-cü il tarixləri.

13. İş materiallarında olan «Aliment ödəyən» qismində Cavabdeh ilə digər tərəfdən «Aliment alan» qismində Şahbazova Natavan Davud qızı arasında bağdanmış və Bakı şəhəri 29 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alimentin ödənilməsi barədə müqavilənin surətindən görünür ki, «Aliment ödəyən» birgə nikahdan olan övladlarının saxlanılması üçün hər ay «Aliment alan»a qazancının və/ ya ya başqa gəlirlərinin üçdə bir hissəsində aliment ödəyəcək (bənd 2.1). Sazişin 1.1-ci bəndində adları qeyd ediən Cavabdeh ilə Şahbazova Natavan Davud qızının birgə nikahdan olan övladlarının 18 yaşına çatmasına qədər davam edəcək. xx.xx.2019-cu il təvəllüdlü X6 18 yaşına çatdığı gündən etibarən «Aliment ödəyən» xx.xx.2021-ci il təvəllüdlü X1 üçün «Aliment alan»a qazancının və/ və ya başqa gəlirlərinin dörddə bir hissəsində aliment ödəyəcək (bənd 2.2). Saziş üzrə aliment məbləği «Aliment ödəyən» tərəfindən «Aliment alan»ın bank hesabına ödəniləcək (bənd 2.3).

14. İş üzrə "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən bugünədək "xxxx" QSC-də Tikinti departamentinin Layihələrin idarə edilməsi üzrə mühəndis vəzifəsində işləyir, vəzifə maaşı 1540 manat təşkil edir.

15. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-8317/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaq iddiaçının himayəsinə verilmişdir. Həmin qətnamə ilə cavabdehdən xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay 137 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci ildə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü Leyla adlı uşağı anadan olmuşdur. Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşağın ananın yanında saxlanılmış və cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə 137 manat məbləğində aliment tutulmuşdur. xx.xx.2018-ci il tarixdə cavabdeh ilə Şahbazova Natavan Davud qızı arasında nikah bağlanılmış, birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Milana və xx.xx.2021-ci il təvəllüdlü Leysan adlı uşaqları var. Cavabdehin rəsmi iş yeri var, müntəzəm əmək haqqı alır və onun aylıq əmək haqqısı 1540 manat təşkil edir. Cavabdeh ilə onun ikinci həyat yoldaşı arasında bağlanmış sazişə uyğun olaraq cavabdeh onunla birgə nikahdan doğulmuş 2 uşaqların saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsində aliment ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı, yəni 137 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı məhkəmədən alimentin miqdarının dəyişdirilərək cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və eyni zamanda hər ay sabit pul məbləğində 500 manat alimentin tutulmasını xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

18. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği 137 manatdır.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşağını saxlamağa borcludurlar.

22. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın və ya başqa gəlirlərin dörddə bir hissəsi miqdarında aliment tutulur.

23. Göstərilən Məcəllənin 76.1.3-cü maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 3 və daha çox uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın və ya başqa gəlirlərin yarısı miqdarında aliment tutulur.

24. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır (bənd 8.13).

27. Məhkəmə araşdırılması zamanı iddiaçının işləyib 670 manat əmək haqqı və cavabdehin işləyib 1540 manat əmək haqqı alması, cavabdehin yeni ailə qurduğu, cavabdehin yeni ailədən öhdəsində 2 azyaşlı uşaqların olması, həmçinin cavabdehin ikinci həyat yoldaşı ilə arasında bağlanmış sazişə əsasən onunla birgə nikahdan doğulmuş hər iki uşağın saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsində aliment ödəməyi öz üzərinə götürməsi müəyyən edilmişdir.

28. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsini, cavabdehin yeni ailəsində anadan olan digər 2 övladının saxlanılması üçün hər iki uşaq üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsində aliment öhdəliyinin mövcud olmasını, cavabdehin Leyla adlı uşağın saxlanılması üçün hər ay 250 manat məbləğində alimentin ödənilməsinə etirazın olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-8317/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən, iddiaçı ilə birgə nikahından olan uşağı yetkinlik yaşına çatmayan X2 üçün hər ay qazancının və başqa gəlirlərinin beşdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə onuda qeyd edir ki, cavabdeh ilə ikinci nikahdan olan həyat yoldaşı arasında bağlanmış sazişə əsasən cavabdehin əmək haqqından tutulmalı məbləğ 513 manat təşkil edir (1540 : 3 = 513). Bu məbləğ isə hər bir uşağı nəzərə aldıqda 256 manat təşkil edir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin 3 övladından ikisinə 256 manat ödəməsi, digərinə isə 308 manat (1540: 5 = 308) ödəməsi ağlabatan olmaqla uyğun hesablamadır. Digər xüsusat isə ondan ibarətdir ki, cavabdehin hazırda nikahda olan həyat yoldaşı X4 rəsmi iş yeri ("xxxx" QAPALİ SƏHMDAR CƏMİYYƏTİ-mühəndis konstruktor) ) olmaqla 640 manat əmək haqqının olması müəyyən edilmişdir.

29. Məhkəmə iddianın hissəvi alimentin tutulmasından başqa əlavə olaraq 500 manat sabit pul məbləğinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bununla bağlı həqiqətən cavabdehin zəruri imkana malik olması barədə sübutları məhkəməyə təqdim edə bilməməsindən iddia tələbi bu hissədə təmin edilə bilməz.

30. Məhkəmə həmçinin hesab edir ki, alimentin dəyişdirilməsi ilə bağlı cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan hər ay qazancının və başqa gəlirlərinin beşdə bir hissəsi miqdarında aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

32. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz.

33. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

34. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

35. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı qaldırılan tələblə bağlı mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yanlız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-8317/2017 saylı, 19 oktyabr 2017ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 23 avqust 2016-cı il təvəllüdlü X2 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin beşdə bir hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulsun. Alimentin dəyişdirilməsi ilə bağlı Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin beşdə bir hissəsi miqdarında aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar