Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2913/2025 18.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alğı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı "alğı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-865-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 3294 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 987 manat dəbbə pulu, “Changan UNİ-V” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 116,64 manat və nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə hesablanmış 9107 manat pul vəsaiti olmaqla, ümumilikdə 13.504,64 (on üç min beş yüz dörd manat, 64 qəpik) manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 233,09 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-865 AAE-23 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı “Changan UNİ-V” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək annuitet ödənişlərin edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Avtomobil xx.xx.2024-cü il tarixində cavabdehdən təhvil alındıqdan sonra avtomobilin həmin günə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Lakin cavabdeh qeyd olunan tarixdə keçirilmiş baxışda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktı xx.xx.2024-cü il tarixli məktubla ünvanına göndərilmiş və razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. İddiaçı tərəfindən “Changan UNİ-V” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılmasına çəkilmiş xərclərin ümumi dəyəri 116,64 manat təşkil etmiş, eyni zamanda, vergi qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 9107 manat zərər hesablanmışdır. Eyni zamanda, B-865-AAE-23 nömrəli alğı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2023-cü il tarixindən müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 3294 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 987 manat dəbbə pulu hesablanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-865-AAE-23 nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X3 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Pretenziya qaydasında müqavilə öhdəliklərinin icrası tələbinə baxmayaraq Cavabdeh tərəfindən hər hansı pul vəsaiti ödənilmədiyinə görə iddiaçının alğı-satqı müqaviləsinin müddəalarına və Azərbaycan Respublikası MM-nin 21.2, 399.4, 424.5, 445.7 və 600.5-ci maddələrinə uyğun olaraq, cavabdehdən müqavilənin ləğvi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmunun uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizədə bildirmişdir ki, ilkin ödəniş 4290 manat olub. 8 ay 1098 manatdan ödəniş olub. 2024-cü ilin noyabr ayında maşını təhvil vermişdir. Maşına dəymiş ziyana görə 116 manat tələb edilir. Maşını təhvil verəndə hər hansı ziyanı olmamışdır. Maşının dəyərindən düşməsinə görə hesablanan və Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsaslanan 9107 manat tələb ümumiyyətlə əsassızdır. Qeyd olunan avtomobil istifadə edilməsi üçün alınmışdır və hər bir halda o amortizasiya olunmalı idi. Belə olan təqdirdə dəyərindən düşmənin cavabdehdən tələb olunması tam əsassızdır. Cavabdeh məhkəmə iclası barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Changan UNİ-V” markalı, **- AV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-865-AAE-23 nömrəli alğısatqı müqaviləsindən görünür ki, satıcı “Changan UNİ-V” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci maddəsinə əsasən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 70.170 (yetmiş min yüz yetmiş) Azərbaycan Manatı müəyyən edilir. Alıcı 4,290 (dörd min iki yüz doxsan) Azərbaycan Manatı məbləğində ilkin ödəniş edir. Qalıq borc sayılacaq 65.880 (altmış beş min səkkiz yüz səksən) Azərbaycan Manatı məbləği isə Alıcı xx.xx.2024 tarixindən etibarən 60 (altmış) ay müddətində, ayda 1.098 (bir min doxsan səkkiz) Azərbaycan Manatı ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür. Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada Satıcıya tam və vaxtında ödəməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X3 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Changan UNİ-V” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İcra edilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli servis aktından görünür ki, “Changan UNİ- V” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin yağı dəyişdirilmiş, ehtiyat hissələr quraşdırılmış və icra edilmiş xidmətlərin dəyəri olaraq İddiaçı tərəfindən 116.64 manat vəsait ödənilmişdir. Təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-865- AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə qalıq borcu 57.006 manat, qalıq cərimə borcu 987 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixindən etibarən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Ödənişin həyata keçirilməsi məsələsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Lakin sözügedən müraciətlər heç bir müsbət nəticə verməmiş və borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, “Azərbaycan Avtomobil Evi" MMC-nin müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ yaranmışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixindən etibarən xx.xx.2023-cü il tarixli, B-865-AAE-23 №-li "xxxx" üzrə Müqaviləyə MMC tərəfindən birtərəfli qaydada xitam verilir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 09 Dekabr 2024-cü il tarixində "xxxx" MMC-nın rəsmi servis (texniki xidmət) mərkəzində Changan UNİ V markalı, buraxılış ili 2023 olan (VİN: LS5A2DKE7PA346496) avtonəqliyyat vasitəsinə texniki baxış keçiriləcəyi, nəqliyyat vasitəsinin geri qaytarılma tarixinə mövcud olan texniki vəziyyətinin müəyyən ediləcəyi və texniki yoxlanışın nəticəsinə uyğun olaraq müvafiq Akt tərtib ediləcəyi bildirilmiş, Cavabdeh 09 Dekabr 2024-cü il tarixində, saat 10:00-da "xxxx" MMC-nin rəsmi servis mərkəzinə (Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 40 B) gəlməyi və nəqliyyat vasitəsinə texniki baxış keçirilən zaman iştirak etməyi xahiş edilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı aktda göstərilən məbləğ, habelə müqavilə üzrə öhdəliklərin icra edilməməsi səbəbindən nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə 9107 (doqquz min yüz yeddi) manat məbləğində dəymiş zərərin əvəzinin cavabdehdən tələb ediləcəyi barədə sonuncunu xəbərdar etmiş və tərtib edilmiş aktın surətini təqdim etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, B-865-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh istifadəsinə verilən "Changan UNİ-V" markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə (icra edilmiş xidmətlərə dair xx.xx.2024-cü il tarixli akt da nəzərə alınmaqla) hansı məbləğdə ziyan dəyməsinin müəyyən edilməsi məqsədilə ekspert rəyinin alınması zərurəti yaranmış və məhkəmənin 14 avqust 2025-ci il tarixli qərardadı ilə qiymətləndirmənin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş UNİ/D 73-964/2025 saylı 09 dekabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli xidmət aktına əsasən nəqliyyat vasitəsinə dəyən ziyan 116,00 (yüz on altı) manat təşkil etmişdir. Bununla yanaşı, avtomobilin faktiki istismar müddəti, yürüş göstəricisi, geri qaytarılma tarixi və bazar şərtləri nəzərə alınmaqla aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi istismar dövrü ərzində bazar dəyəri itkisinə məruz qalmışdır və xx.xx.2024-cü il tarixinə avtomobilin bazar dəyəri 35 000,00 (otuz beş min) manat olaraq müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim edilməsi üçün 132 manat dövlət rüsumu ödənilmiş və 1 manat komissiya haqqı tutulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülkİ-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında alğı-satqı (nisyə) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş nəqliyyat vasitəsini cavabdehin istifadəsinə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh nəqliyyat vasitəsinin dəyərini tərəflərin razılaşdırdığı qaydada, müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmişdir. Cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçı qabaqcadan xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Nəqliyyat vasitəsi müqaviləyə xitam verildikdən sonra iddiaçının istifadəsinə qaytarılsa da, cavabdeh avtomobilin onun istifadəsində olduğu müddət ərzində ödəməli olduğu vəsaiti iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh müqavilə üzrə ödənişlərini vaxtında ödəməmiş, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixinə gecikdirilən məbləğ 3.294 manat təşkil etmişdir. Nə qədər ki, məhkəmə araşdırması zamanı cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi halı müəyyən edilmişdir, bu səbəbdən iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixli, B-865-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 3294 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Odur ki, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 987 manat dəbbə pulu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “Changan UNİ-V” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 116,64 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində iddianı əsaslı sayır. Belə ki, nəqliyyat vasitəsinin iddiaçının istifadəsinə qaytarılmasından sonra iddiaçı avtomobilin ehtiyat hissələrinin dəyişdirilməsi üçün xərc çəkmiş və tərtib edilmiş akta əsasən 116.64 manat ödəniş etmişdir. Həmçinin aparılmış qiymətləndirmə əsasında da avtomobilin zədələnməsi ilə əlaqədar çəkilmiş xərləcin 116 manat təşki etməsi öz təsdiqini tapmışdır.Bu səbəbdən həmin vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin nəqliyyat vasitəsinin dəyərdən düşməsinə görə hesablanmış 9107 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, işin hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, müqavilə predmeti olan nəqliyyat vasitəsi həmin tarixdə cavabdehə təhvil verilmişdir. Müqaviləyə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, nəqliyyat vasitəsi 1 ildən az bir müddətdə cavabdehin istifadəsində olmuşdur. Məhkəmə avtomobilin həmin müddətdə amortizasiya olunaraq iddiaçının tələb etdiyi məbləğdə - 9.107 manat dəyərdən düşməsini ağlabatan hesab etmir. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş UNİ/D 73-964/2025 saylı 09 dekabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, eyni modeldən olan avtomobilin yeni vəziyyətdə orta bazar qiyməti təxminən 42.900 manatdır. Avotomobilin nisyə satışı zaman isə onun dəyəri 70170 manat müəyyən edilmişdir. Göründüyü kimi avtomobilin yeni vəziyyətdə real bazar dəyəri 42900 manat müəyyən edildiyi halda, satıcı tərəfindən isə dəyəri 70170 manat müəyyən edilməsi də mülki hüquq münasibətlərinin prinsiplərinə və bu sahədə təşəkkül tapmış işgüzar adətlərə uyğundur. Avtomobilin iddiaçının istinad etdiyi həcmdə dəyərdən düşməsi 1 illik istismarının nəticəsindən birbaşa asılı olmamaqla bazar qaydalarından irəli gəlir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı saymır. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün ilik 5% həcmində hesablanması yolu ilə 233,09 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində iddianı qismən əsaslı sayır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Hazırkı iş üzrə cavabdeh öhdəliyini tam şəkildə icra etməmişdir. Bu səbəbdən, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etməkdə haqlıdır. Lakin məhkəmə xatırladır ki, gecikdirilmiş vaxt üçün illik 5%-in tələb edilərkən həmin məbləğ məhz əsas borca münasibətdə hesablanır. Məhkəmə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək borcun 127 gün gecikdirilməsini nəzərə alaraq hesab edir ki, gecikdirilmiş üçün illik 5% məbləği 58,42 manat (3294*0,05=164,7; 164,7/365=0,46; 0,46*127=58,42) müəyyən edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Odur ki, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 58,42 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, B-865-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 3294 manat əsas borc, məhz müqavilə üzrə borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış (3 ay üçün günlük 1% hesablanmaqla, 1098x1%=10,98, 10,98x30=329, 329x3=987) 987 manat dəbbə pulu, "Changan UNİ-V" markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 116 manat olmaqla, ümumilikdə 4.397 manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 58,42 manat pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Həmçinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 132 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiya da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş qiymətləndirmə ekspertizasının dəyəri olan 300 manat vəsait iddianın təmin edilmiş hissəsinə tərəflərdən müştərək qaydada tutularaq qiymətləndirici "Uniprice” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, B-865-AAE-23 nömrəli alğı-satqı müqaviləsi üzrə 3294 (üç min iki yüz doxsan dörd) manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 987 (doqquz yüz səksən yeddi) manat dəbbə pulu, "Changan UNİ-V" markalı, **-AV- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 116 (bir yüz on altı manat) manat olmaqla, ümumilikdə 4.397 (dörd min üç yüz doxsan yeddi manat) manat pul vəsaiti, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 58,42 (əlli səkkiz manat qırx iki qəpik) manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 132 (bir yüz otuz iki) manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 (bir) manat komissiya "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş qiymətləndirmə ekspertizasının dəyəri olan 300 (üç yüz) manat vəsait iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçı "xxxx" MMC və Cavabdeh müştərək qaydada tutularaq qiymətləndirici "Uniprice” MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2913/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2913/2025
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver