Məhkəmə qərarları › İş №e-2(006)-292/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-292/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-292/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər X6 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər X6 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında BPM**********95(120KANL1********) nömrəli, xx.xx.2019-cu il tarixli, məbləği 10000 AZN olan kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı uzun müddət kredit ödənişini həyata keçirtmiş, daha sonra iddiaçı Vətən Müharibəsində iştirak etdiyi üçün, həmçinin sonrakı tarixlərdə xəstəxanada müalicə aldığı üçün ödənişlər həyata keçirə bilməmişdir. Bir müddət sonra cavabdeh banka yaxınlaşaraq faizlərin və cərimələrin silinməsini, kredit borcunun yenidən formalaşdırılmasını xahiş etmiş, lakin bugünədək bank tərəfindən cavab verilməmişdir. İddiaçı tərəfindən bugünədək 5802,03 AZN kredit ödənişi həyata keçirilmişdir. Buna baxmayaraq hal-hazırda bank iddiaçıdan əsassız olaraq əlavə 12273,97 AZN ödəniş tələb edir. İddiaçı tərəfindən kredit ödənişi həyata keçirilmədiyi üçün 32 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 8 may 2024-cü il tarixli icra qeydi çıxarılmış və icra olunması üçün Binəqədi İcra Şöbəsinə göndərilmişdir. İddiaçı icra şöbəsi tərəfindən dəvət edildikdən sonra icra qeydi barədə məlumatı olmuşdur. Notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Göründüyü kimi qeyd edilən qanunun tələbinə görə kredit verən bank icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. Həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlar mövcud deyil. Cavabdeh bank tərəfindən kredit borcu əsassız olaraq şişirdilmişdir. Belə ki, iddiaçı özündən asılı olmayaraq üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməməsi nəticəsində cavabdeh bank əsas borcdan yaranan faiz və cərimə pulunun miqdarı süni şəkildə artırılmış və bank tərəfindən iddiaçıya hesablanmış faiz və cərimə pulu tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Həmçinin, kreditlər üzrə faiz düzgün hesablanmamış, ödənən pullar əsas borcdan çıxılmamış, əsassız olaraq faiz borcundan silinmişdir. Göstərilənlərə əsasən BPM**********95 (120KANL1********) nömrəli kredit müqaviləsinə əsasən 32 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 8 may 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış BPM**********95(120KANL1********) nömrəli kredit müqaviləsi üzrə əsassız olaraq hesablanmış 3000 AZN faiz və 2512,03 AZN cərimə borcunun silinməsi haqqında qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh X6 məhkəmə iclasına gəlməmiş, səbəblərini məhkəməyə bildirməmişdir. 6.Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanan xx.xx.2019-cu il tarixli, BPM**********95 saylı kredit müqaviləsinə əsasən Bank iddiaçıya 60 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 10.000 manat məbləğində kredit verməyi, iddiaçı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdələrinə götürmüşlər. Daha sonra iddiaçı tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmədiyinə görə Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən 08 may 2024-cü il tarixli, 8İ-4306 nömrəli İcra qeydi aparılmışdır. Hazırda iddiaçı sözügedən icra qeydinin qanunvericiliyin tələbləri pozularaq verildiyini və icra qeydində nəzərdə tutulan borcun əsassız olaraq Bank tərəfindən hesablandığını iddia edərək, həmin icra qeydinin ləğv edilməsini və Bank tərəfindən əsassız olaraq hesablanmış borcun silinməsini tələb edir. Cavabdeh Bank isə iddiaçının Banka ödənilməmiş borcu qaldığına görə iddia tələbinin rədd edilməsini tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan 08 may 2024-cü il tarixli, 8İ-4306 nömrəli İcra qeydindən görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X1 Şahin Şakir oğlundan BPM**********95 (120KANL1********) nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12.274 manat 37 qəpik tutulmasını, bundan əlavə borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12.299 manat 37 qəpik pul tutulması təklif etmişdir. 10.Mülki işin materiallarında olan 07 may 2024-cü il tarixli notariat icra qeydi haqqında ərizədən görünür ki, BPM**********95 (120KANL1********) nömrəli kredit müqaviləsi üzrə İddiaçı ödənilməmiş əsas borcu 8303.87 manat, ödənilməmiş faiz borcu 3970.10 manat, tutulmalı olan cəm məbləğ 12.274,37 manat təşkil edir. 11.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, BPM**********95 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən borc verən borc alana 60 ay müddətinə (xx.xx.2024-cü il tarixədək) 10.000 manat məbləğində kreditdən istifadəyə görə illik 19 faiz ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. 12.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2019-cu il tarixli məxaric orderindən görünür ki, Bank tərəfindən 10.000 manat məbləğində pul vəsaiti İddiaçı verilmişdir. 13.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı göndərilən bildirişdən görünür ki, İddiaçı Bank tərəfindən ona verilən kreditdən istifadə etmiş, lakin hesablanmış 8303.87 manat məbləğində əsas kredit borcunu və bu borca müvafiq olaraq hesablanmış faiz borcunu ödəməmiş, bununla da müqavilə şərtlərini və AR Mülki Məcəlləsinin bir sıra müddəalarını pozmuşdur. Yuxarıdakıları nəzərə alaraq bildirilir ki, borc 20 gün müddətində ödənilmədiyi təqdirdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. 14.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən icra qeydinin aparılmasına dair 25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 15.Mülki işin materiallarında olan 186732 nömrəli poçt qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş İddiaçı göndərilmiş və “Əhmədov” adlı şəxs tərəfindən qəbul edilmişdir. 16.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 120KANL191490501 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək ödənilmiş əsas borcu 1696.13 manat, ödənilmiş faizləri 4018.24 manat, ödənilməmiş əsas borcu 8303.87 manat, ödənilməmiş faizləri 3970.1 manat, bank tərəfindən ödənilmiş dövlət rüsumu 25 manat, borc üzrə tələb olunan məbləğ 12273.97 manat təşkil edir. 17.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 12 dekabr 2024-cü il tarixli, 9/8676 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********95 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı Banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 8303,82 manat, faiz borcu üzrə 4000,45 manat, müqavilə bitən müddətə, yəni xx.xx.2024-cü il tarixə əsas borc üzrə 8303,82 manat, faiz borcu üzrə 4092,49 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, BPM**********95 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün yuxarıda göstərilən tarixlər üzrə cavabdeh İddiaçı cərimə borcu hesablanmadı. Aparılan tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 18.Məhkəmə ilk öncə iddia tələbinin “32 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 8İ-4306 reyestr nömrəli 08 may 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. 19.«Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. 20.Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. 21.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. 22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. 23.Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl (xx.xx.2024-cü il tarixdə) sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, sözügedən bildiriş “Əhmədov” adlı şəxs tərəfindən qəbul edilmişdir. İddiaçı bildirişin onun rəsmi qeydiyyatda olduğu hərbi hissəyə göndərildiyini, lakin həmin vaxtı orduda xidmət etmədiyi üçün bildirişin başqa şəxs tərəfindən qəbul edildiyini bildirsə də, bununla bağlı sübutlarını (alan şəxsi tanımaması və s.) əlavə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi sözügedən hissədə əsassızdır. Bundan əlavə isə məhkəmə qeyd edir ki, tələbkarın tələb edilən məbləğ ilə bağlı bildirişi rəsmi poçt vasitəsilə borclunun rəsmi (məlumat verilən) ünvanına göndərməsi tələbkarı digər risklərdən azad etmiş hesab etməlidir. 24.Məhkəmə iddia tələbinin "xxxx" ASC tərəfindən əsassız olaraq İddiaçı hesablanmış 3000 manat faiz və 2512,03 manat cərimə borcun silinməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. 25.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 27.Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 28.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. 29.Məhkəmə qeyd edir ki, silinməsi tələb edilən borc tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********95 (120KANL1********) saylı kredit müqaviləsindən irəli gəlmişdir. İddiaçı tərəf isə sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən əsassız olaraq borcun hesablandığını iddia etmişdir. Məhkəmə tərəfindən bu məsələyə aydınlıq gətirilməsi üçün işin məhkəmədə baxılması zamanı məhkəmə tərəfindən mühasibat ekspertizası təyin edilmişdir. 30.Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən iddiaçının xx.xx.2024-cü il tarixə əsas borc üzrə 8303,82 manat, faiz borcu üzrə 4000,45 manat, müqavilə bitən müddətə, yəni xx.xx.2024-cü il tarixə əsas borc üzrə 8303,82 manat, faiz borcu üzrə 4092,49 manat olduğu müəyyən edilmişdir. 31.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 32.Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 33.Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 34.Beləliklə də müvafiq ekspert rəyi ilə də iddiaçının həqiqətən Banka borcunun olması öz təsdiqini tapdığından və bunun əksi iddiaçı tərəfindən sübut olunmadığından qeyd edilən hissədə də iddia əsaslı olmadığından, təmin edilməməlidir. 35.Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdehlər X6 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməlidir. 36.Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 37.Hazırda iddia tələbi təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 38.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 40.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 41.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 43.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X6 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar