Məhkəmə qərarları › İş №e-2(006)-2920/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2920/2024

16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2920/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Musayev X11, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması və əlavə xərclərə cəlb edilmə» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması və əlavə xərclərə cəlb edilmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-921/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment və uşaqların səhhətinə görə hər uşağa görə 150 manat əlavə xərclərə görə pulun, mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat xərcin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 14 yanvar 2017-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 13 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Tərəflərin bu nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X8 adlı övladları var. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-921/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 13 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6 İddiaçı yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat, xx.xx.2022-ci il təvəllüdlü X3 üç yaşına çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi, Cavabdeh 65,60 manat məbləğində rüsumun alınaraq dövlət büdcəsinə keçirilməsi, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi qət edilmiş, tərəflərə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı üç illik iddia müddətinin müəyyən edildiyi izah edilmiş, qətnamənin icrası iddiaçı Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Həmin qətnamə ilə hər ay hər uşağa görə 150 manat məbləğində təyin edilmiş aliment iddiaçının uşaqlarının tələbatlarını ödəmir. Uşaqların səhhətində ciddi xəstəliklər olmaqla, onların hər zaman məcburi müalicəyə ehtiyacları vardır. X1 boşluğu və rəxitliyə meyillilik xəstəliyi, X7 «ağ qan qırmızı qanı yeyir» xəstəliyi vardır. İddiaçının da böyrəyində və bağırsağında problemlər olmaqla, məcburi müalicəyə ehtiyacı vardır. Göründüyü kimi, uşaqların bundan əlavə fiziki həyat və sağlamlığı ilə bağlı məsrəfləri artmışdır. Həmçinin iddiaçı 05 oktyabr 2020-ci il tarixdən ünvan 1 ünvanda yaşayır və hər ay 250 manat kirayə haqqı ödəyir. Cavabdeh əmək qabiliyyətlidir, sağlamdır. Cavabdeh övladlarının xərclərini qarşılamaq imkanına malikdir. Belə ki, cavbadeh fərdi qaydada tikinti sahəsində işləyir və aylıq qazancı kifayət qədərdir. Uşaqların bütün qayğılarını, ehtiyaclarını iddiaçı qarşılayır. Hal-hazırda uşaqların ehtiyac və tələbatları artmışdır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, maddi tələbatlarını ödəmək, həm özünün, həm də uşaqların səhhəti ilə əlaqədar müalicə xərclərini qarşılamaq tək qadın olaraq iddiaçıya çox çətindir. Nəzərə almaq lazımdır ki, qiymətlərdə mütəmadi artım müşahidə olunur. İddiaçı bütün bu xərclərin öhdəsindən təkbaşına gələ bilmir və uşaqları əvvəlki təminat səviyyəsində saxlamaq mümkünsüz olmuşdur. Ona görə də, öncə mediasiya təşkilatına, daha sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Musayev X13 iddia tələbini müdafiə etdi, bildirdi ki, uşaqların səhhətində problemlər var, onların müalicəsinu maddi cəhətdən həll etməyə iddiaçının təkbaşına gücü çatmır və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, cavabdeh hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Həmçinin qeyd etdi ki, hazırda bütün ölkədə icbari tibbi sığorta tətbiq olunur, uşağın hansı xəstəlikdən əziyyət çəkməsinə dair arayış, epikriz yoxdur. Bu səbəbdən, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-921/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 13 №-li akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X9 İddiaçı yanında saxlanılmış, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2018ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat, xx.xx.2022-ci il təvəllüdlü X3 üç yaşına çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 65,60 manat məbləğində rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatının 03 may 2024-cü il tarixli MŞB/13/2024-00451 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni qərarın 8.7-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması,eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqını ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə nəzərə çatdırır ki, 235 manat məhz ölkə üzrə yaşayış minimumu xərcidir, bu hal tərəfləri uşaqların saxlanması üçün daha artıq məbləğdə aliment ödənilməsi barədə razılığa gəlməkdən azad etmir.İddiaçı uşaqların saxlanması üçün 235 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etmiş, cavabdehin nümayəndəsi də öz növbəsində yalnız hər uşaq üçün 200 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin hər uşağın saxlanması üçün 200 manat məbləğində aliment ödənilməsinə dair razılığı məhkəmə tərəfindən məhz həmin məbləğdə aliment tutulmasını mütləq edən hal deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tələbində uşaqların səhhəti ilə əlaqədar 150 manat məbləğində pulun tutulmasını da tələb etsə də, bu tələbin əsaslılığını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər həkim müayinələri və laboratoriya analizlərinin cavablarından ibarətdir ki, hazırda ölkədə səhiyyə sahəsində tətbiq olunan icbari tibbi sığorta nəzərə alınmaqla, hər uşağa görə 150 manat məbləğində tibbi xərclərin zəruri olmasına əsas verən sübutlar deyildir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-921/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (470-300=150 manat, 150 x 12 = 1800 manat, 1800-1000=800; 800 x 1% = 8; 30+8 = 38 manat) 1000 manatdan çox olduğundan, cavabdehdən 38 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Cavabdeh 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)- 921/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş mediasiya xərcinə görə 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar