Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2940/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X19 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7485/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında olan nikah Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X14 iddiaçının yanında saxlanılmış, bundan əlavə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7485/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir. Tərəflərin arasında olan nikaha xitam verildikdən sonra uşaqlar anası ilə birlikdə ünvan 1 ünvanında yaşamağa davam etmiş, bu müddətdə uşaqların bütün ehtiyacları iddiaçı tərəfindən qarşılanmışdır. Hazırda uşaqların ikisi də məktəbdə təhsil alır, müxtəlif məşğələlərə gedirlər. Qeyd olunanlarla bağlı bütün xərcləri isə iddiaçı tək başına qarşılayır. Beləliklə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. İddiaçı hazırda məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği ilə uşaqları saxlamaqda əziyyət çəkir. Bundan başqa, iddiaçı tərəf mediasiya prosesində iştirak etmiş, cavabdeh tərəf iştirak etmədiyindən təşkilat tərəfindən müvafiq arayış verilmişdir. Hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda göstərilən əsaslara görə iddiaçı hesab etmişdir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 (iki yüz iyirmi) manat olmasını nəzərə alaraq, tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, ölkə xaricində olacağı üçün təyin edilmiş məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, iclasın iddiaçının və onun iştirakı olmadan keçirilməsini, verdikləri izahat və təqdim edilmiş iddia ərizəsi əsasında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh başqa bir şəxsdən də iki uşağının olduğunu və həmin uşaqlar üçün 130 manat aliment ödədiyini bildirdi. Hazırda iddiaçıya barışıq sazişi ilə müəyyən edilmiş cəmi 300 manat məbləğində alimenti ödəməyə imkanının olduğunu və elə həmin qədər aliment ödədiyini, daha artıq məbləğdə ödəməyə imkanının olmadığını qeyd etdi. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş üzrə toplanmış materialları tədqiq edib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2492/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2008-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləği həcmində aliment tutulub xx.xx.2003-cü ildə doğulmuş Nəzrin və xx.xx.2005-ci ildə doğulmuş Nərminənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün X7 verilməsi qət edilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş nikah haqqında AZ-İ seriyalı, 773638 №-li şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 nikahı 604 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Xələfova” soyadı verilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş doğum haqqında AZ-İİİ seriyalı, 116105 №-li şəhadətnamədən görünür ki, X12 xx.xx.2013-cü il tarixində Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixində verilmiş doğum haqqında AZ-İİİ seriyalı, 116106 №-li şəhadətnamədən görünür ki, X14 xx.xx.2013-cü il tarixində Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7485/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 90 (doxsan), cəmi 180 (yüz səksən) manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7485/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 90 (doxsan), cəmi 180 (yüz səksən) manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, icra sənədi dərhal icraya yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3559/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 2(060)-6623/2019 saylı qətnaməsi ilə X5 iddiası qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(060)-2492/2008 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh iddiaçı X5 xeyrinə xx.xx.2003cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-370/2020 nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3559/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X5 Nəsimi rayon İcra şöbəsinin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2492/2008 saylı xx.xx.2008-ci il tarixli icra sənədinə əsasən Cavabdeh ona aliment borcu olmadığı bildirilmişdir. İcra işinə “İcra haqqında” qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi xahiş edilmişdir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X5 tələbin tam şəkildə təmin edilməsinə dair ərizəsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2492/2008 saylı xx.xx.2008-ci il tarixli icra sənədinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixli, 010/21 №-li barışıq sazişindən görünür ki, Cavabdeh Saziş imzalandıqdan sonra xx.xx.2022-ci il tarixindən etibarən hər ayın 15-nə qədər bir uşaq üçün 150 (yüz əlli) AZN olmaqla, 300 (üç yüz) AZN məbləğində vəsaiti anaya ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə tərəflər uşaqların yaşayış yeri, aliment və əmlak tələbləri barədə qarşılıqlı razılığa gəlmişdirlər və boşanmağa qarşılıqlı şəkildə razıdırlar. Həmin qətnamə ilə Xələfova (Məmmədova) Pərvanə Ələmşad qızı ilə Cavabdeh arasında Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış xx.xx.2012-ci il tarixli 604 saylı akt qeydinə əsasən bağlanılmış nikahın pozulması qət edilmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/11/2023-00726 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, alimentin artırılması tələbinə dair mediasiya prosesində İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. Vəkil 50 manat İMS xərcini ödəmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Vəkil (iddiaçının nümayəndəsi) tərəfindən Bakı 11 saylı Mediasiya Təşkilatının hesabına 50 manat məbləğində pul ödənilmişdir. xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar”dan görünür ki, ştat cədvəlinə əsasən xx.xx.2017-ci il tarixindən Cavabdeh aylıq vəzifə maaşı 7-ci ödəniş dərəcəsi ilə 620 manat, xx.xx.2023-cü il tarixdən aylıq vəzifə maaşına 310 (üç yüz on) manat əlavə müəyyən edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki: İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsində “müəllim,ümumi təhsil məktəbi/bədən tərbiyəsi” vəzifəsində işləyir və aylıq əmək haqqı 595 AZN təşkil edir. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “hərəkətin təhlükəsizliyi üzrə mühəndis” vəzifəsində işləyir və aylıq əmək haqqı 930 AZN təşkil edir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci il tarixində nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X12 və X14 anadan olmuşdur. Birgə nikahda olduqları dövrdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7485/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2021-ci il tarixdə 010/21 nömrəli Barışıq sazişi imzalanmış və Cavabdeh hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində vəsaiti İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1281/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı hesab edir ki, cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların tələbatlarını ödəməyə imkan vermir, buna görə də müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin tutulmasını xahiş edir. Cavabdeh isə aralarında olan barışıq sazişinə əsasən hər ay 300 manat alimenti iddiaçıya, əlavə olaraq isə başqa nikahdan olan uşaqları üçün də aliment ödədiyini, buna görə də iddiaçıya cəmi 300 manat alimenti ödəməyə imkanının olduğunu bildirir. Cavabdehin dəlilləri ilə əlaqədar məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehin başqa nikahından xx.xx.2003-cü il təvəllüdlü X9 və xx.xx.2005ci il təvəllüdlü X8 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə ümumilikdə 140 manat məbləğində alimentin ondan tutulması qət edilmiş, bundan sonra həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq, cavabdehdən tutulan alimentin cəmi məbləği 260 manat müəyyən edilmişdir. 2008-ci il tarixli icra sənədi üzrə tələbkarın icra şöbəsinə ünvanladığı ərizə əsasında Nəsimi rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 2008-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. 2019-cu il tarixli icra sənədinə münasibətdə isə qeyd edilməlidir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində həmin icra sənədinin icraatda olmasına dair məlumat yoxdur, lakin əgər icraatdadırsa belə, xx.xx.2003-cü il təvəllüdlü X9 hazırda yetkinlik yaşına çatdığından, Cavabdeh həmin icra sənədi üzrə yalnız xx.xx.2005-ci il təvəllüdlü X2 (xx.xx.2023-cü ildə yetkinlik yaşına çatacaqdır) yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 130 manat məbləğində aliment ödəyir. Cavabdeh əmək haqqı barədə sənədləri məhkəməyə təqdim etməklə qeyd edir ki, aylıq vəzifə maaşı 620 manat, maaşa əlavə isə xx.xx.2023-cü il tarixdən 310 manat, сəmi aylıq əmək haqqı 930 manat təşkil edir. Həm cavabdehin əvvəlki nikahından olan uşaqlarından birinin artıq yetkinlik yaşına çatması, həm də maaşına 310 manat məbləğində əlavənin müəyyən edilməsi məhkəmə tərəfindən cavabdehin maddi vəziyyətində yaranmış dəyişiklik kimi qiymətləndirilir. Bundan başqa cavabdeh qeyd edir ki, onun maaşına edilən əlavə daimi olmaya, kəsilə bilər. Bununla əlaqədar məhkəmə bildirir ki, cavabdehin maaşına edilmiş əlavə kəsildiyi təqdirdə, onun maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar aliment məbləğinin azaldılması barədə iddia qaldırmaq hüququnun olması istisna edilmir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətdədir ki, hazırda – cavabdehin əmək haqqı 930 manat təşkil etdiyi vaxtda, digər nikahdan olan uşağı yetkinlik yaşına çatanadək 130 manat məbləğində alimentlə yanaşı, hazırki iş üzrə iddiaçı ilə nikahından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətini ağırlaşdırmayacaqdır. Buna görə də xüsusilə uşaqların mənafeyi və tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla, iddianın qismən təmin edilməsi məhkəmə tərəfindən ədalətli hesab olunur. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı əvvəllər məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanaraq alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh özü də xx.xx.2021-ci il tarixli Barışıq sazişini imzalayaraq bu fikirdə olduğunu göstərmişdir. Hazırda həyat standartları yüksəlmiş, nəinki Xətai Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsindən, hətta 2021-ci ildə razılaşdırılmış Barışıq sazişindən sonra gündəlik tələbat mallarının qiyməti artmış, buna görə də alimentin eyni məbləğdə ödənilməsinin davam etdirilməsi uşaqların əvvəlki təminatının mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-78.2-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının: 8.2-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2019-cu il üçün yaşayış minumumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən edildiyi və razılaşdırıldığı tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüməsi, onların xərclərinin artması, iddiaçının işləməsi və aylıq 595 manat məbləğində əmək haqqı alması, cavabdehin əmək haqqına xx.xx.2023-cü ildən etibarən 310 manat məbləğində əlavənin müəyyən edilməsi, cavabdehin X10 da xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 130 manat məbləğində aliment ödəməsi, iddiaçıya isə 300 manat məbləğində alimenti ödəməyə razı olması nəzərə alınaraq, alimentin məbləğinin artırılması və cavabdehdən hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiq, ədalətli və uşaqların əvvəlki maddi təminat səviyyəsinin saxlanılması üçün uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqlar ananın himayəsində olduqlarından, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruri olduğundan, əsas uşaqların mənafeyi olduğundan, 2023-cü il üzrə uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddinin 220 manat, onların saxlanması üçün cavabdehin hər ay ödədiyi 300 (üç yüz) manat miqdarında aliment isə hazırki dövrdə kifayət etmədiyindən, iddia qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği (hər uşaq üçün 90 AZN olmaqla, cəmi 180 AZN) artırılaraq Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X12 və X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə iddia tələbinin “ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, mediasiya zamanı iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul dövlət rüsumu haqqında qanunvericiliyə müvafiq olaraq məhkəmə xərci kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, müvafiq qanunvericiliyə əsasən aliment alınması barədə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduğundan, 50 manat məbləğində məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bundan əlavə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə görə, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7485/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılsın. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X12 və X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Məhkəmə xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2940/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2940/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver