Məhkəmə qərarları › İş №e-2(006)-2940/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2940/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2940/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-X3 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Kredit Bürosu MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “kredit reyestrinə məlumatın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Kredit Bürosu MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “kredit reyestrinə məlumatın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(072)-982/2017 №-li qətnaməsi ilə rədd edilən tələb üzrə - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci tarixli, 917 №-li kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə zəruri məlumatları "xxxx" MMC-yə təqdim etmək öhdəliyinin ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(072)-982/2017 №-li qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı xx.xx.2012-cil tarixli, 917 №-li kredit müqaviləsi üzrə 2488 manat əsas borcun və 948,46 manat faiz borcunun ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Qətnamə ondan apellyasiya şikayəti verilmədiyi üçün xx.xx.2017-ci ildə qanuni qüvvəyə minmişdir. İddiaçı cavabdehə müraciət edərək yuxarıda göstərilən qətnamə ilə rədd edilən tələb üzrə kredit borcunun kredit reyestrindən silinməsini xahiş etmişdir. Qeyd olunan müraciətə cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda həmin qətnamə ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığını bildirmişdir. Hazırda "xxxx" MMC-nin məlumat bazasında (kredit reyestrində) İddiaçı Cavabdeh ASC ilə bağladığı xx.xx.2012-ci il tarixli, 917 №-li kredit müqaviləsi üzrə ödənilməmiş (gecikdirilmiş) kredit və faiz borclarının olması barədə məlumat mövcuddur və bu məlumatın olması onun yenidən kredit almaq hüququnu məhdudlaşdırır. Odur ki, Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2012-cil tarixli, 917 №-li kredit müqaviləsi üzrə İddiaçı kredit borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə etiraz ünvanlanaraq, iddiaçının xx.xx.2012-cil tarixli, 917 №-li kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə zəruri məlumatların "xxxx" MMC-yə təqdim etmək öhdəliyinin ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasına dair iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit reyestrinə məlumatın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək iddiaçının adını problemli müştəri kimi mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk olaraq bildirirlər ki, İddiaçı ilə "xxxx" ASC arasında illik 28 % olmaqla 12 ay müddətinə 3.500 manat məblədində kredit verilməsi ilə bağlı xx.xx.2012-ci il tarixli, 917 №li kredit müqaviləsi baglanmışdır. Kredit üzrə borc vaxtında ödənilmədiyi üçün ləğv prosesində olan Cavabdeh ASC İddiaçı qarşı Cəbrayıl Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(072)- 982/2017 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı xx.xx.2012-ci tarixli, 917 №-li kredit müqaviləsi üzrə 2.488 manat əsas borcun və 948,46 manat faiz borcunun ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Qətnamə ondan apellyasiya şikayəti verilmədiyi üçün xx.xx.2017-ci ildə qanuni qüvvəsini almışdır. İddiaçı yuxarıda qeyd olunanlara istinad edərək, xx.xx.2012-ci il tarixli, 917 №-li kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə zəruri məlumatları "xxxx" MMCyə təqdim etmək öhdəliyinin ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2012-ci il tarixli, 917 №-li müqaviləsi üzrə borcunun olmaması barədə zəruri məlumatları "xxxx" MMC-yə təqdim etmək öhdəliyinin ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçının istinad etdiyi qətnamə üzrə onların borcunun olmaması müəyyən olunmamışdır, sadəcə onun ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd edilmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 oğlu iddia ərizəsini qəbul etmədiyini bildirdi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(072)- 982/2017 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə ondan apellyasiya şikayəti verilmədiyi üçün xx.xx.2017-ci ildə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC qarşısında kredit müqaviləsi üzrə hər hansı bir öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarında olan LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 06 mart 2023-cü il tarixli, **********834 saylı məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2012-cil tarixli, 917 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən 3500 (üç min beş yüz) manat məbləğində kreditin verildiyini, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırıldığı və Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(072)-982/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı iddia tələbinin rədd edildiyi, sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının bank qarşısında Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(072)-982/2017 saylı qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasının təmin edilməməsinə və qətnamədən apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almasına baxmayaraq, Azərbaycan Kredit Bürosuna təqdim edilmiş yanlış məlumata görə, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı iş üzrə cavabdehə müraciət edərək, yanlışlığın aradan qaldırılması, qeydlərdə olan səhvlərə düzəliş edilməsini xahiş etsə də, onun haqlı tələbi yerinə yetirilməmişdir. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci bəndinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. - 6.3-cü bəndinə əsasən kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş neqativ məlumatları təqdim edən məlumat təchizatçıları, 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) bağlanan müqavilələr əsasında həyata keçirilir. Müqavilədə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri, o cümlədən məlumat təchizatçısının və məlumat istifadəçisinin bu Qanunla nəzərdə tutulmuş vəzifələri, təqdim edilən məlumatın tərkibi və təqdimetmə müddətləri, kredit hesabatının alınması üçün sorğuların təqdim edilməsi və kredit hesabatlarının verilməsi qaydası, habelə tərəflərin məsuliyyəti öz əksini tapmalıdır. - 10.1-ci bəndinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. - 10.2-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. - 18.1-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2021-ci il tarixli, 32/1 saylı Qərarının 3-cü bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 917 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə məlumatın Mərkəzi Kredit Reyestri Xidmətinə verilməsi öhdəliyi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 917 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə məlumatın Mərkəzi Kredit Reyestri Xidmətinə verilməsi öhdəliyi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar