Məhkəmə qərarları › İş №e-2(006)-2945/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2945/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2945/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Borclu qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Borclu qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu 310.000 manat məbləğində pul vəsaiti və 600 manat dövlət rüsumu olmaqla, ümumilikdə 310.600 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, (borc verən) İddiaçı, (borc alan) Borclu ilə Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, iyirmi avqust iki min on beşinci il tarixli reyestrdə 3M-1952№-si ilə qeydə alınmış kredit müqaviləsi bağlamışdır. Müqavilənin birinci bəndinə əsasən "Borc verən” "Borc alana” 1 900.000 (bir milyon doqquz yüz min manat sıfır qəpik) məbləğində pul borc verir. "Borc alan” krediti xx/xx/2015 tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. (Borc alan) Borclu xx.xx.2015-ci il tarixdə 650.000 (altı yüz əlli min manat) ödəyərək Latviyada investisiya qoyduğunu və bu investisiyadan gəlir əldə edildikdə (borc verən) İddiaçı qazanc əldə edəcəyinə şifahi razılaşmışdır. xx.xx.2019-cu il tarixə qədər o, nə əsas borcdan nə də qazancdan heçnə əldə etməmiş, borc alan heç bir ödənişi həyata keçirməmiş, yalnız xx.xx.2019-cu il tarixdə 140.000 (yüz qırx min manat) təqdim edərək işlərin hələ qazanc gətirməməsindən şikayət etmiş, buna baxmayaraq, yalan vədlər verməklə heç bir rəsmi razılaşma olmadığına görə aralarında olan səmimiyyət və qeyrimaddi dəyərlərə və əlbəttəki maddi maraqları nəzərə alaraq borc alan müqavilə şərtlərinə uyğun olaraq ödənişləri həyata keçirməmişdir. Hətta o, 2022-ci il yanvar ayında qalan borcun 800.000 (səkkiz yüz min manat) məbləğ ödəyənə qədər ümid edirmiş ki, qoyulan investisiyada gəlir əldə olunduğu halda ona da pay çatacaq, lakin sonuncu görüşdən sonra məlum olmuşdur ki, qoyulan investisiyada onun heç bir payı yoxdur, çünki (borc alan) Borclu yeddi ildə qazanc əldə edə bilmədiyindən şikayət etmişdir. Sonuncu görüşdən sonra o, (borc alan) Borclu kredit müqaviləsində qeyd olunan məbləğin kəsiri qalmış hissəsini tez bir zamanda qaytarmağını tələb etsə də, bu günə qədər heç bir nəticə əldə edilməmişdir. Göründüyü kimi, bu günə qədər (borc alan) Borclu tərəfindən ona 1.590.000 (bir milyon beş yüz doxsan min) manat ödənilsə də, əsas borcun 310.000 (üç yüz on min) manat məbləğində pul vəsaiti tələb edilir. Hesab edir ki, 310.000 (üç yüz on min) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianın etiraf edilməsinə dair ərizə təqdim etmiş və izahatında bildirmişdir ki, iddianı qəbul edirlər. Belə ki, tərəflər arasında müqavilə bağlanmış və müqavilədə qeyd edidiyi kimi 1.900.000 manat borc cavabdehə verilmişdir. Lakin həmin məbləğdən cavabdeh tərəfindən müxtəlif tarixlərdə ödənişlər edilmişdir. Belə ki, cavabdeh həmin borcdan 650.000 manat, 140.000 manat və daha sonra 800.000 manat ödəniş etmiş və hazırda iddiaçıya olan borcu 310.000 manat təşkil etməkdədir. Həmin borcu da ödəyəcəkdir. Göstərilənlərə əsasən iddianı etiraf edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, həmçinin hazırki işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş 3M/1952 saylı notariat işində olan sənədlərə baxış keçirərək hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 3M-1952 № ilə qeyd edilmiş və Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 20 avqust 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə borc verən İddiaçı ilə borc alan X3 arasında bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən borc verən borc alana 1.900.000 manat məbləğində pul borc verir; 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2015-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür; 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. - Borclu məhkəməyə ünvanlamış olduğu ərizəsindən görünür ki, o, iddiaçıya 310.000 manat məbləğində borcunun olduğunu qəbul edərək, iddianı etiraf edir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında Bakı şəhəri 9 saylı Notariat Ofisində yuxarıda qeyd edilən şərtlərlə 20 avqust 2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, yəni müqavilədə qeyd edilən borc məbləğini cavabdehə versə də, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş və iddiaçıdan aldığı borcu indiyədək tam şəkildə geri ödəməmişdir. Bu səbəbdən iddiaçı ödənilməmiş borc məbləğinin geri qaytarılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə gedişatı zamanı cavabdeh iddianı etiraf edərək, iddiaçının borc müqaviləsi üzrə ona cəmi 1.900.000 manat məbləğində borc verməsini, həmin borcdan 1.590.000 manat iddiaçıya ödəməsini, lakin qalan məbləğin qaytarılmamasını etiraf etmiş və bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə işin obyektiv araşdırılması, o cümlədən məhkəməyə təqdim edilmiş olan sənədlərin əslinə baxış keçirilməsi məqsədilə Bakı şəhəri 9 saylı Notariat Ofisindən notariat işini tələb etmiş və daxil olmuş 3M/1952 saylı notariat işində tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu sübuta yetirilmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, mülki iş məhkəmənin icraatında olduğu bütün dövr ərzində cavabdeh tərəf iddia tələbinə etirazını bildirməmiş və iddia tələbində qeyd edilənlərin əksini iddia etməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianın etiraf edilməsinin qanunun tələblərinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 600 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 310.000 manat məbləğində borc və 600 manat dövlət rüsumu olmaqla, ümumilikdə 310.600 manat pul vəsaiti cavabdeh Borclu İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 310.000 manat məbləğində borc və 600 manat dövlət rüsumu olmaqla, ümumilikdə 310.600 manat pul vəsaiti cavabdeh Borclu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar