Məhkəmə qərarları › İş №e-2(006)-2969/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2969/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2969/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2018-ci il tarixli, 1.1.1 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC- 05018İB/2018 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul etmişdir. ÜŞT-yə əlavə olan 0084075AZN17055 saylı, xx.xx.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 20.00 %, illik cərimə faizi 180% olmaqla 8,500 AZN məbləğdə kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 590 gün təşkil edir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyi 0084075AZN17055 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,342.22 manat əsas borc, 1,135,13 AZN faiz borcu, 3,963,50 AZN cərimə borcu olmaqla, cəmi 9,440,85 AZN təşkil edir. Göstərilənlərə əsasən, Cavabdeh 0084075AZN17055 saylı maliyyələşdirmə üçün ərizə üzrə 4342,22 AZN əsas borc, 1135,13 AZN faiz borcu, 3963,50 AZN cərimə borcu olmaqla, cəmi 9440,85 AZN məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 115 AZN dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, borcun olduğunu etiraf edir. 2020-ci ilin ortalarına kimi kredit borcunu ödəyə bilirmiş, lakin sonra həm pandemiyadan dolayı, həm də 2 dəfə əməliyyat olmağıyla əlaqədar borcunu ödəyə bilməmişdir. Cərimə və hesablanmış faizlərin çox olduğunu düşür və bunları ödəmək imkanı yoxdur. Bank ona əlavə müddət verərsə, onlarla danışığa getmək istəyər.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2018-ci il tarixli 1.1.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-05018İB/2018 saylı Razılıq ərizəsi imzalanmışdır.

7. Qeyd olunan Razılıq ərizəsini imzalayaraq borclu Cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul etmiş, ona UŞT-yə əlavə olan 0084075AZN17055 saylı xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 180% olmaqla, 8500 AZN məbləğində kredit verilmişdir.

8. Həmçinin, İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında maliyyələşdirmə üçün ərizəyə əsasən 4342,22 AZN əsas borc, 639,69 AZN faiz borcu, 4458,94 AZN cərimə borcu olmaqla, cəmi 9440,85 AZN məbləğində borcu vardır.

9. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2018-ci il tarixli 1.1.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-05018İB/2018 saylı Razılıq ərizəsi imzalanmış, həmin Razılıq ərizəsini imzalayaraq borclu Cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul etmiş, ona UŞT-yə əlavə olan 0084075AZN17055 saylı xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 180% olmaqla, 8500 AZN məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı ASC qarşısında maliyyələşdirmə üçün ərizəyə əsasən 4342,22 AZN əsas borc, 808,74 1135,13 AZN faiz borcu, 3963,50 AZN cərimə borcu olmaqla, cəmi 9440,85 AZN məbləğində borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

13. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

14. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

18. Hazırkı halda məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətini nəzərə alaraq iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 115 AZN (bir yüz on beş manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

21. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4342,22 AZN (dörd min üç yüz qırx iki manat, iyirmi iki qəpik) əsas borc, 1135,13 AZN (bir min bir yüz otuz beş manat, on üç qəpik) faiz borcu, 300 AZN (üç yüz manat) cərimə borcu olmaqla, ümumilikdə 5777,35 AZN(beş min yeddi yüz yetmiş yeddi manat, otuz beş qəpik) məbləğində borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 115 AZN (bir yüz on beş manat) dövlət rüsumunun əvəzi kimi pul tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4342,22 AZN (dörd min üç yüz qırx iki manat, iyirmi iki qəpik) əsas borc, 1135,13 AZN (bir min bir yüz otuz beş manat, on üç qəpik) faiz borcu, 300 AZN (üç yüz manat) cərimə borcu olmaqla, ümumilikdə 5777,35 AZN (beş min yeddi yüz yetmiş yeddi manat, otuz beş qəpik) məbləğində borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 115 AZN (bir yüz on beş manat) dövlət rüsumunun əvəzi olan pul tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar