Məhkəmə qərarları › İş №e-2(006)-2976/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2976/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2976/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022ci il tarixinə yaranmış 6725.6 (yetmiş iki) manat əsas, 2017.6 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 8743.2 (səkkiz yüz doxsan iki) manat borc və ödənilmiş 108 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı 4 ədəd “Samsung 75” markalı mobil telefona, 1 ədəd “Samsung T225” markalı mobil telefona, 1 ədəd “Samsung A515” markalı mobil telefona, 1 ədəd “Samsung G780” markalı mobil telefona, 1 ədəd “İphone 12 Pro” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 398 manat olmaqla, cəmi 7159.6 manat ödəməyi öhdəsinə götürmüşür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022ci il tarixində 36 manat ödəniş etmiş, qalıq qalmış 6725.6 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 20.176 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 20.176 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 2017.6 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 6725.6 manat əsas, 2017.6 manat cərimə, cəmi 8743.2 manat təşkil edir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 6725.6 manat əsas, 708.8 manat cərimə borcu olmaqla, ümumilikdə 7434.4 manat borc və 108 manat məbləğində İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni mümkün hesab edir və icraata qəbul edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh qabaqcadan heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmiş və məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə Əlavə №1 surətindən görünür ki, Cavabdeh müqavilə üzrə borcu ilkin ödəniş 5623.60 manat, müqavilə üzrə borc 7.159.60 manat, ödəniş müddəti 18 ay, aylıq ödənişi isə 398 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 6725.6 manat əsas borc, 20.176 manat cərimə, cəmi borc 26901.6 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh göndərilən xəbərdarlıq məktubundan görünür ki, cavabdehlə xx.xx.2021-ci il tarixində bağlanmış 18 ay müddətli alqı-satqı müqaviləsinə əsasən, 6725.6 manat əsas borc və müqavilənin şərtlərinə əsasən, gecikdirilən günlərə görə hesablanmış 20.176 manat cərimə borcu, cəmi 26901.6 manat borcun ödənilməsi tələb olunmuş, əks halda barəsində qanunvericiliyə uyğun məhkəmə qarşısında iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 581.1ci maddəsinə əsasən, Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə görə, Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2-ci maddəsinə görə, Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: Həmin Məcəllənin 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Həmin Məcəllənin 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulu (cərimə) hissəsində ağlabatan deyildir və bu hissədə qismən təmin edilərək, 70 (yetmiş) manat məbləğində cərimə borcu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. ”Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia tələbinin qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i həcmində hesablanır. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilən 108 (yüz səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh 6725.6 (altı min yeddi yüz iyirmi beş manat, altmış qəpik) manat əsas, 70 (yetmiş) manat cərimə, ümumilikdə 6795.6 (altı min yeddi yüz doxsan beş manat altmış qəpik) manat borc və 108 (yüz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220 və 222-ci maddələrinə rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh 6725.6 (altı min yeddi yüz iyirmi beş manat, altmış qəpik) manat əsas, 70 (yetmiş) manat cərimə, ümumilikdə 6795.6 (altı min yeddi yüz doxsan beş manat altmış qəpik) manat borc və 108 (yüz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar