Məhkəmə qərarları › İş №e-2(006)-2978/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2978/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2978/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı QSC Bank Standart KB-nin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixində kredit verilməsi haqqında ********** saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 24 ay müddətinə illik 24 % ödənilməsi şərti ilə 5000 manat məbləğində kredit bildirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 xx.xx.2008-ci il tarixli **********/01 saylı zaminlik müqaviləsi və Cavabdeh2 xx.xx.2008-ci il **********/02 saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərilərinə götürmüşdürlər. Lakin cavabdehlər öz üzərilərinə götürdüklərini kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin banka 1710,90 manat məbləğində əsas borc, 2605,62 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1745,22 manat məbləğində cərimə borcu, 1136,16 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 7197,90 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən borcluya və zaminə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.

3. Daha sonra Cavabdeh2 məhkəməyə etiraz ünvanlayaraq, ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) “kredit borcunun qaytarılması barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, ondan və Cavabdeh3 müştərək qaydada 1710.90 manat məbləğində əsas borc, 2605.62 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1745.22 manat məbləğində cərimə borcu, 1136.16 manat məbləğind gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 7197.90 manat məbləğində pulun, 91.98 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edib. İddia ərizəsi onunla əsaslandırılır ki, QSC "xxxx" KB ilə Cavabdeh1 arasında 12 may 2008-ci il tarixində kredit verilməsi naqqında ********** saylı müqavilə bağlanmış, həmin sənədə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 24 faiz ödənilməsi şərti ilə 5000 manat məbləğində xredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 12 may 2008-ci il tarixli, **********/01 saylı zaminlik müqaviləsi və Cavabdeh2 12 may 2008-ci il tarixli **********/02 saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürüblər. Lakin cavabehlər öz üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin banka yuxarıda qeyd edilən məbləğdə borcu qalmışdır. İddiaçı kredit və zaminlik müqavilələrinin bəndlərinə, maddi hüquq norması kimi isə Mülki Məcəllənin 385, 386, 425.1, 442, 448.1, 448.2, 449.1, 472.1, 739.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad edib. İddianı etiraf etmir, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi əsassızdır və təmin edilməməlidir: İddiaçının ona qarşı irəli sürdüyü iddia tələbi üzrə iddia müddəti ötürülüb. Çünki iddiaçının cavabdeh olaraq ondan tələb etdiyi məbləğlə bağlı əsasını QSC "xxxx" KB ilə Cavabdeh1 rasında 12 may 2008-ci il tarixində bağlanmış kredit verilməsi haqqında ********* saylı müqavilə təşkil edir. Bu müqavilədən yaranan mübahisə üzrə isə iddiaçı məhkəməyə 09 iyun 2023-cü ildə müqavilə bağlandıqdan 15 il sonra nüraciət edib. Beləliklə, iddiaçı iddia müddətini ötürüb. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, iddiaçı həm müqavilə tələbi üzrə 3 illik iddia müddətini ötürüb, həm də zaminlik müqaviləsinə artıq xitam verilib. Odur ki, ləğv prosesində olan QSC "Bank Standard” KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərdən (borclu Cavabdeh1, zaminlər - o və Cavabdeh3) müştərək qaydada 7197.90 manat məbləğində pulun və 91.98 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması tələbi təmin edilə bilməz. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

4. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə Cavabdeh1 aid hissəsində icraata xitam verilməsi qərara alınmışdır

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, QSC "xxxx" KB ilə Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixində kredit verilməsi haqqında ********** saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 24 ay müddətinə illik 24 faiz ödənilməsi şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 xx.xx.2008-ci il tarixli **********/01 saylı zaminlik müqaviləsi və Cavabdeh2 xx.xx.2008-ci il tarixli **********/02 zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşdürlər. Lakin cavabdehlər öz üzərlərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin Banka 1710.90 manat məbləğində əsas borc, 2605.62 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1745.22 manat məbləğində cərimə borcu, 1136.16 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 7197.90 manat məbləğində borcu qalmışdır. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 ifadəsində bildirmişdir ki, iddia tələbini qəbul etmirlər və iddiaçı tərəf idda müddətini ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddiasının əsasını iddiaçının Cavabdeh1 ilə aralarında bağlanılan 12 may 2008-ci il tarixli müqavilə təşkil edir. Qanunvericliyin tələbinə əsasə müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Lakin iddiaçı məhkəməyə 15 il sonra müraciət edib. Bundan başqa AR MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, iddiaçı həm 3 illik iddia müddətini ötürdüyündən, həm də zaminlik müqaviləsinə artıq xitam verildiyindən iddia tələbi təmin oluna bilməz. Həmçinin o, cavabdehlərdən olan Cavabdeh1 23 noyabr 2013-cü il tarixində vəfat etməsini qeyd etmişdir. Odur ki, iddia tələbinin rədd oluması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh2 nümayəndəsi və vəkilini dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin ərizəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** №-li Kredit müqaviləsinə əsasən bank Cavabdeh1 24 ay müddətinə, illik 24% olmaqla, 5000 manat məbləğində kredit vermişdir.

10. İşin materiallarında olan ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə əsas borc üzrə 1710,90 manat, faiz borcu üzrə 2605,62 manat, cərimə borcu üzrə 1745 manat, gecikdirilmiş vaxt üçün hesablanan 5%-lik faiz borcu üzrə 1136 manat olmaqla, cəmi 7197,90 manat məbləğində borcu vardır.

11. İş materiallarında olan "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli **********/01 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür.

12. İş materiallarında olan "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli **********/02 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** №-li kredit müqaviləsinə əsasən bank Cavabdeh1 24 ay müddətinə, illik 24% olmaqla, 5000 manat məbləğində kredit vermiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka 1710,90 manat əsas borc, 2605 manat məbləğində faiz borcu, 1745 manat cərimə borcu, müqavilə bitdiyi tarixdən hal-hazırda kimi 5 faizlik hesablanan 1136,16 manat məbləğində faiz borcu, ümumilikdə 7197,90 manat məbləğində borcu qalmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin köhnə redaksiyanın 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

20. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

21. Zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur.

22. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

23. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir:

24. - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir;

25. - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir;

26. - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır;

27. - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

28. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.

29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən iddia müddəti tətbiqi barədə ərizəyədə ehtiyac qalmamışdır. Belə ki, kreditor zaminliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminlərə qarşı iddia irəli sürməmiş və zaminliyinə qanuna əsasən özü-özlüyündən xitam verilmişdir. Xitam verilmiş bir öhdəliyə yenidən ərizə ilə xitam verilməsinə zərurət qalmamışdır.

30. Həmçinin hesab etsək ki, zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürülmüş olsa idi yenə də, iddia müddəti ötürülmüş hesab olunur. Odur ki, iddiaçının cavabdehlərdən xx.xx.2008-ci il tarixli müqavilə üzrə kredit borcunun qaytarılması tələbi təmin edilə bilməz.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

33. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim : Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar