Məhkəmə qərarları › İş №e-2(006)-298/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-298/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-298/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 77659,35 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun ümumilikdə 77689,35 manat pulun nağd şəkildə tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı MMC beton və sement tikinti mallarının alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödənişlərin razılaşdırılmış kredit limiti çərçivəsində ödənilməsi öhdəliyi qəbul edilmişdir. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh101.159,35 manat dəyərində beton və sement məhsulları ayrılmışdır. Həmin məbləğdən cavabdeh tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək 23.500 manat ödənilmiş, 77.659,35 manat məbləğində borc isə ödənilməmişdir. Tərəflərindən cavabdehə dəfələrlə xəbərdalıqlar edilməsinə baxmayaraq borcun ödənişi bu gün də əsassız olaraq həyata keçirilmir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə yazılı qəbz verilərək borcun olduğu etiraf edilmiş və bildirilmişdir ki, hazırda imkanı yoxdur hər həftə 20.000 manat ödəməklə borcu qaytaracaq. Sonuncu dəfə cavabdehə rəsmi pretenziya ünvanlanmış, lakin cavabdeh öz hərəkətsizliyini davam etdirməklə öhdəliyin icrasından yayınmışdır. Hesab edir ki, cavabdeh tərəfin hərəkətləri qanunaziddir və öhdəliyin pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh 77659,35 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun ümumilikdə 77689,35 manat pulun nağd şəkildə tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2627/2020 saylı qətnaməsinə əsasən 77.659,35 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 77.689,35 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, tərəfindən məhkəmə prosesləri barədə məlumatı olmadığından Mülki-Prosessual Məcəllənin 244-cü maddəsinə əsasən qiyabi qətnamənin ləğv edilməsi, mülki işin iddia icraatı qaydasında baxılması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2627/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(006)- 2627/2020 saylı qətnaməsi ləğv edilmiş, iş təzələnərək mahiyyəti üzrə baxılması və mülki işin məhkəmə iclasının xx.xx.2021-ci il tarixə, saat 10:00-a təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 068019 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) müqavilə predmetini, yəni ümumilikdə dəyəri 101.159,35 manat təşkil edən beton və sement məhsulları alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh ödənişləri üzrə çıxarışdan görünür ki, onun ödənilməmiş 77.659,35 manat əsas borcu vardır. Cavabdeh yazdığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, İddiaçı MMC-dən 101.159,35 manat dəyərində kisə və qalaq məhsulu almış, 23500 manat ödəniş etmişdir. Bir aydır ki, 77.659,35 manat qalıq borcunu ödəməyə çətinlik çəkir. Hər həftə 20.000 manat ödəməklə pulu tam şəkildə bağlamağı öhdəsinə götürür. Yazdıqlarını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh yazdığı xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, o, xx.xx.2019-cu il tarixdə yazılı verdiyi izahata görə İddiaçı MMC-yə olan 77.659,35 manat borcunu həftədə 20000 manat olmaqla ödəməyə öhdəlik götürmüşdür. Bu günə qədər heç bir ödəniş etməmişdir. Ödəniş etməyə çətinlik çəkir. Yazdıqlarını öz imzası ilə təsdiq etmişdir. İddiaçı MMC-nin direktoru N.Ağayev, satış təmsilçisi Aydın Hacıyev, təchizatçı Namazov Asif və Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, imza edənlər təsdiq edir ki, Cavabdeh İddiaçı MMC-nin ofisində olmuş, İddiaçı MMC-yə 77.659,35 manat borcunun olduğunu təsdiq etmiş, xx.xx.2019-cu il tarixədək ödəyəcəyinə söz vermişdir. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə qanunvericiliyin tələbləri qaydasında tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 6********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi müqavilə üzrə qeyd edilən beton və sement məhsullarının alqısatqısı müqaviləsinə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malları ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən cavabdehin xx.xx.2019-cu il tarixli, 068019 saylı müqavilə üzrə 77.659,35 manat əsas borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Cavabdehin müqaviləyə əsasən yaranmış borcun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alqı-satqı müqaviləsi üzrə alınmış malın müqabilində pulun iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə məhkəmə, müqaviləyə əsasən ödənilməli olan pulun qaytarılmasına dair sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, məhkəmə tərəfindən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlmədiyini və beləliklə də ödənişlərin iddiaçıya edilməsini təsdiq edən sübutların iş materiallarında mövcüd olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən bağlanmış hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinə əsasən verilmiş malın müqabilində pulun iddiaçıya tam ödənilməsi halı sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 77.659,35 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 77.689,35 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 77.659,35 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 77.689,35 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar