Məhkəmə qərarları › İş №e-2(006)-298/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-298/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-298/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı ASC-nin X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Heydərova (Bababəyova) Törə Tahir qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ASC cavabdeh Heydərova (Bababəyova) Törə Tahir qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, X1 3065.03 manat məbləğində əsas bоrc və 436.25 manat faiz borcu оlmaqla, cəmi 3501.28 manat borcun və 55.42 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan X6 arasında bağlanmış 13 may 2022-ci il tariхli, 100804-624391/2 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 42 ay müddətinə, illik 22% dərəcəsi ilə 4790 (dörd min yeddi yüz doxsan) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 27 may 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3065.03 manat məbləğində əsas bоrcu və 436.25 manat faiz borcu оlmaqla, cəmi 3501.28 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.

3. Cavabdeh Heydərova (Bababəyova) Törə Tahir qızı vəsatətlə məhkəməyə müraciət edərək, X3 iş üzrə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

5. İddiaçı ASC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, cavabdeh tərəfindən verilmiş cavabdehin cəlb olunması barədə vəsatətə etiraz etdiyini bildirib, vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, işlərin çoxluğu ilə əlaqədar üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iddianı müdafiə etdiyini qeyd edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş; cavabdeh Heydərova (Bababəyova) Törə Tahir qızı isə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında əldə edilmiş borcu cavabdehlə birgə nikahı dövründə öz borcları üçün istifadə etdiyini, buna görə də borcu özünün ödəmək istədiyini bildirdi.

8. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını və ekspertin rəyini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. İddiaçı ASC (bank) ilə X6 (borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 100804- 624391/2 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 4.790 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 №-li əlavəsi ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 22 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Kredit 42 ay müddətinə, şəxsi istehlak məqsədi üçün verilir.

10. xx.xx.2022-ci il tarixli TT22133J2CPJ nömrəli kassa məxaric orderindən görünür ki, X6 4.790 manat məbləğində pulu İddiaçı ASC-dən təhvil almışdır.

11. İddiaçı ASC tərəfindən X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə yaranmış borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 həmin tarixə banka 3.065,03 manat əsas, 436,25 manat faiz borcu olmaqla, cəmi 3.501,28 manat borcu yaranmış, müqavilə üzrə gecikmə 133 gün təşkil etmişdir.

13. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 55,02 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/7010 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli 100804-624391/2 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, X5 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə olan borcu 3.091,94 manat məbləğində müəyyən edilir, o cümlədən; əsas borc üzrə 3.000,27 manat, faiz borcu üzrə 91,67 manat.

15. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir.

16. İş materiallarına, həmçinin, cavabdehlə üçüncü şəxs arasında bağlanmış nikahın pozulması haqqında AZ-İ seriyalı 490461 nömrəli şəhadətnamə və hesabdan çıxarış əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə cavabdeh Heydərova (Bababəyova) Törə Tahir qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə şəxsi istehlak məqsədləri üçün 42 ay müddətinə illik 22 % ödəmək şərtilə 4.790 manat məbləğində kredit verilmişdir.

18. Cavabdeh ona verilmiş kredit üzrə ödənişləri gecikdirdiyindən, iddiaçı tərəfindən borcun tam ödənilməsi və müqavilənin ləğv edilməsi ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh borcunu ödəməmişdir.

19. Hazırda iddiaçı müqavilə üzrə yaranmış 3.065,03 manat əsas, 436,25 manat faiz borcu оlmaqla, cəmi 3.501,28 manat borcun və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir; cavabdeh borcu X7 ilə birgə nikah dövründə onun borclarını ödəmək məqsədilə götürdüklərini, puldan özünün istifadə etmədiyini, hazırda nikahlarının pozulduğunu bildirərək, iddianı qəbul etmir; üçüncü şəxs qismində cəlb edilmiş X7 isə hazırkı məhkəmə iclasında borcu özünün ödəmək niyyətində olduğunu bildirib, tələb olunan borcun ondan tutulmasını məhkəmədən xahiş edir.

20. Məhkəmə araşdırmaları zamanı cavabdeh iş üzrə cavabdehin X7 olduğunu bildirərək, onun cavabdeh qismində işə cəlb olunması barədə vəsatət versə də, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin cəlb edilməsi hüququnun iddiaçıya məxsus olması, məhkəmənin belə bir səlahiyyətinin olmaması, X3 üçüncü şəxs qismində cəlb edilməsinin mümkünlüyü onun diqqətinə çatdırılmış və Heydərov Kamal üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bununla yanaşı, həmin tarixli məhkəmə bildirişində vəsatətə münasibət bildirilməsi iddiaçıya təklif edilmiş, lakin xx.xx.2024-cü il tarixli ərizəsində iddiaçı vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iddiaçı tərəf iş üzrə cavabdeh qismində yalnız müqavilənin tərəfi olan şəxsi cəlb etmişdir.

c) Məhkəmənin mövqeyi:

21. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir.

22. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.

23. Cavabdeh borcu X7 ilə birgə nikah dövründə onun borclarını ödəmək məqsədilə götürdüklərini, puldan özünün istifadə etmədiyini və hazırda nikahlarının pozulduğunu bildirərək, iddianı qəbul etməsə də, habelə üçüncü şəxs borcun ondan tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, cavabdehin seçimi məhz iddiaçının hüququ olduğundan və iddiaçı bu hüququndan istifadə edərək, cavabdeh qismində yalnız Heydərova (Bababəyova) Törə Tahir qızını cəlb etdiyindən, hazırkı iddiaya məhz cavabdeh Heydərova (Bababəyova) Törə Tahir qızına münasibətdə baxılmalıdır.

24. Bununla bağlı məhkəmə hesab edir ki, Heydərova (Bababəyova) Törə Tahir qızı müqavilənin tərəfi olduğundan və müqavilə tərəfi kimi öz öhdəliklərini tam icra etdiyini sübut etmədiyindən, hazırkı iş üzrə əsl cavabdeh məhz Heydərova (Bababəyova) Törədir və iddiaçının ona qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə hüququ olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında da (6.37-6.39-cu bəndlər) qeyd edilmişdir ki, kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. Bu baxımdan oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir. Ərarvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur.

25. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılması məqsədilə xx.xx.2024-cü il tarixli qərardadla təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqda göstərilən xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya tələb edilən məbləğdən az əsas və faiz borcunun olması müəyyən edilmişdir. Ekspert rəyində bütün məlumatlar düzgün qeyd edilərək tədqiqat prosesi təsvir edilmiş, lakin rəyin nəticə hissəsində səhvən cavabdehin əvəzinə başqa şəxsin adı qeyd edilmişdir. Beləliklə, məhkəmə sözügedən rəyi tədqiq edərək göstərilən məsələni texniki səhv kimi qiymətləndirir.

26. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsinin tələb olunması, yəni iddiaçının pretenziya ilə müraciət edərək müvafiq müddət təyin etməsi və cavabdehin hərəkətsizliyi ilə müşayiət olunan müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətlərinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış əsas və faiz borcunu tələb etməyə hüququ olur.

27. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən məhz ekspert rəyində göstərilən – 3.000,27 manat əsas, 91,67 manat faiz borcu olmaqla, cəmi 3.091,94 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə gəlinən nəticə:

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 №-li qərarı: 6.37-6.39-cu bəndlər. Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. Bu baxımdan oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Heydərova (Bababəyova) Törə Tahir qızından 3.000,27 manat əsas, 91,67 manat faiz borcu olmaqla, cəmi 3.091,94 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

33. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 49 manat hissəsi və 0,40 manat bank xidmət haqqı cavabdeh Heydərova (Bababəyova) Törə Tahir qızından alınaraq İddiaçı ASC-yə verilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı ASC-yə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 89 manat hissəsi cavabdeh Heydərova (Bababəyova) Törə Tahir qızından, qalan 11 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Heydərova (Bababəyova) Törə Tahir qızından 3.000,27 (üç min manat iyirmi yeddi qəpik) manat əsas, 91,67 (doxsan bir manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 3.091,94 (üç min doxsan bir manat doxsan dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 49 (qırx doqquz) manat hissəsi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdeh Heydərova (Bababəyova) Törə Tahir qızından alınaraq İddiaçı ASC-yə verilsin, dövlət rüsumunun qalan hissəsi İddiaçı ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 89 (səksən doqquz) manat hissəsi cavabdeh Heydərova (Bababəyova) Törə Tahir qızından, qalan 11 (on bir) manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar