Məhkəmə qərarları › İş №e-2(006)-2985/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2985/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2985/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) üzrə əmanətə qoyulmuş 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə həmin məbləğə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün illik 7% dərəcəsilə hesablanmış 699,60 ABŞ dolları məbləğində faizlərin, cəmi 10.699,60 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 145 manat məbləğində dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) bağlanılmışdır. Tərəflər arasında yaranmış münasibətlər müqavilə əsasında yaranmışdır və müqavilə öhdəlikləridir. Sözügedən Müqavilənin predmetinə görə, Bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü, 1.5-ci, 1.6-cı və 2.5-ci bəndlərinə əsasən, əmanət xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 12 ay müddətinə qəbul edilir. Bu müqavilə üzrə bank tərəfindən qəbul edilən məbləğ 10.000 (on min ABŞ dolları) USD təşkil edir. Bank əmanət üzrə əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müqavilənin sonunda illik 7% ödəyir. Əmanət üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. Tərəflər arasında imzalanmış müqavilə üzrə Bankın vəzifələri aşağıdakılardan ibarətdir: Əmanətçiyə tələbi əsasında əmanətini bu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmaq; Hesablanan faizlərin düzgünlüyünə riayət etmək və həmin faizləri Əmanətçiyə vaxtında ödəmək və s. Əmanətçinin hüquqları isə aşağıdakılardır: Müqavilənin 1.6-cı bəndində göstərilən faizləri almaq; Müqavilə ilə müəyyən edilmiş qaydada əmanətinin qaytarılmasını tələb etmək və s. Müqavilənin 6.2-ci, 6.3-cü bəndlərinə görə, Bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Sığorta hadisəsi – Bankın məcburi ləğvi və ya müflis olması, Bankın əmanətçi qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, yəni sığorta hadisəsi baş vermişdir. X6 Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı Bankın ləğvedicisi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək Bankda olan əmanətlərinin və ona hesablanmış faizlərin geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Müqavilənin 6.6-cı bəndinə görə, aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: a) Adsız borc qiymətli kağızlarının yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri; b) Bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər; c) Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; d) Cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər; e) Üzərinə həbs qoyulmuş əmanətlər; f) Cəlb edildiyi gönə Fond tərəfindən Mərkəzi Bankla razılaşdırılmaqla müəyyən edilmiş həddən, yəni 12 faizdən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; g) Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri; h) Fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri; i) Ödəniş müddətinin başa çatıbçatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti; j) Bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər. X3 xx.xx.2015-ci il tarixli qərarı əsasında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz olmuş və bu, müqavilədə öz əksini tapmışdır. Odur ki, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı banka qoyduğu əmanət müqavilə üzrə sadalanan qorunmayan əmanətlər sırasına daxil olmadığından, iddiaçının əmanəti qorunan əmanət hesab edilir. Müqavilənin 6.7-ci bəndinə görə, Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödəyir. Müqavilənin 6.8-ci bəndinə görə, Fond kompensasiyanı Mərkəzi valyutada olan əmanət üzrə manatla, ABŞ dolları olan əmanət üzrə ABŞ dollarında, avroda olan əmanət üzrə isə avroda əmanətçiyə ödəyir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə əmanətçiyə ödəyir. Müqavilənin 7.3-cü bəndinə görə, bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla və ya razılıq əldə olunmadıqda Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Belə ki, Bank və əmanətçilər arasında münasibətlər Mülki Məcəllənin 51-ci fəslinin normaları və “Banklar haqqında” Qanunla tənzimlənir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) üzrə əmanətə qoyulmuş 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə həmin məbləğə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün illik 7% dərəcəsilə (7 : 12 = 0.583; 10.000 x 0.583 = 58,3 (aylıq); 58,3 x 12 = 699,60 (illik)) hesablanmış 699,60 ABŞ dolları məbləğində faizlərin, cəmi 10.699,60 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu (nümayəndəsi X4) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi tam əsassızdır. Fond sığorta hadisəsinə məruz qalmış bankın qorunan əmanətçilərinə əmanət üzrə kompensasiya ödənişinin vaxtında icrasını təmin etmişdir. Belə ki, məhkəməyə ünvanlanan müvafiq sənəndlərdən görünür ki, iş üzrə iddiaçı xx.xx.2018-ci ildə qorunan əmanəti üzrə hesablanmış 1060 ABŞ dolları kompensasiya vəsaitini əldə etmişdir. Qalıq vəsaitinə münasibətdə əmanətçi özü də kompensasiya olunmayan məbləğ kimi qəbul etmiş və kreditor tələbi kimi qeydiyyata alınmasına münasibətdə əks münasibət bildirməmişdir. Bu isə tərəflər arasında olan hüquq münasibətlərinin bəyənilməsini özündə ehtiva edir. İş materiallarına əlavə edilmiş müqavilə və müqaviləyə razılaşmadan müəyyən edilir ki, tərəflər arasında bağlanılan əmanət müqaviləsi üzrə əmanətin qorunan əmanətlərin əhatə dairəsinə aid edilməsi üçün sonuncu aralarında bağlanmış Əlavə Saziş xx.xx.2016-cı il tarixlidir. Həmin Sazişin 2.3-cü bəndinə əsasən xx.xx.2015-ci ildə bağlanmış Əmanət müqaviləsinin digər bəndləri dəyişdirilmədən saxlanılır. Bu isə özündə onu göstərir ki, xx.xx.2015-ci il tarixli müqavilənin 5.2-ci bəndi öz qüvvəsində qalır. Tərəflər öz iradə ifadələrini müqavilədə öz əksini tapan imzaları ilə təsdiq etmişlər. Sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Hazırki mübahisə predmeti olan və birinci instansiya məhkəməsi tərəfindən əmanət üzrə kompensasiya olunacaq məbləğ kimi tanınan kreditor tələbinin növbədənkənar qaydada ödənilməsi digər kreditorların hüquqlarının pozulmasına gətirib çıxaran amildir. İddiaçı tələbi kreditor tələbi kimi qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Və artıq hesabdan çıxarışdan görünür ki, 3 tranş üzrə vəsaitləri əldə etmişdir. Həmçinin, bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Qanunun qeyd edilən müddəası kəsici müddətdir və müddət artıq iddiaçı tərəfindən ötürülmüşdür. Qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı (vəkili-nümayəndəsi Nümayəndə) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə cavabdehin etirazına yazılı münasibətə dair ərizə təqdim edərək, etirazda göstərilmiş qanunla nəzərdə tutulmuş müddətin iddiaçı tərəfindən ötürülməsinə dair cavabdehin mövqeyinin əsassız olduğunu qeyd etmişdir. Belə ki, Qanuna Fond 90 gün ərzində əmanətçiyə kompensasiyanı ödəməli olduğu halda ödəməmiş, Qanunla üzərinə qoyulmuş öhdəliyi pozmuşdur. Bundan əlavə, cavabdehin məntiqi ilə düşünsək, o zaman Fond heç bir əmanətçiyə kompenasiyanı ödəməyərək 5 illik müddəti gözləyər və bununla da müddət ötürülmüş hesab olunar ki, bu da tamamilə absurddur. Mülki qanunvericiliyə görə, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. Eyni zamanda, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsinin (“Göy əmanət”) 5.2ci bəndinə görə, Müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün (xx.xx.2016) əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə müqavilənin müddətinin bitdiyi vaxtda əmanət əmanətçi tərəfindən geri götürülmədiyinə görə bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)- 3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, yəni sığorta hadisəsi baş vermişdir. X6 Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Sığorta hadisəsinin baş verdiyi günədək də əmanət geri götürülməmişdirsə, deməli, müqavilə həmin müddətədək uzadılmış hesab edilir. Bununla da, sığorta hadisəsi baş verdiyi vaxtda iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə qüvvədə idi. Bundan əlavə, cavabdeh tərəfindən elektron məhkəmə sisteminə yüklənilmiş xx.xx.2016-ci il tarixli, 89657695 nömrəli Əlavə Sazişin məhz hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsinin Əlavəsi olduğu bildirilmişdir. X9 1.6.1-ci bəndinə görə, bank əmanət üzrə əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 3% faizlər ödəyir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə12 faiz müəyyən edilmişdir. X3 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Odur ki, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı banka qoyduğu əmanət müqavilə üzrə sadalanan qorunmayan əmanətlər sırasına daxil olmadığından, iddiaçının əmanəti qorunan əmanət hesab edilir. Müqavilənin 6.7-ci bəndinə görə, Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödəyir. Göstərilənləri əsas gətirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı (vəkili-nümayəndəsi Nümayəndə) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) və xx.xx.2016-ci il tarixli, 89657695 nömrəli Əlavə Saziş üzrə qalıq 6.907,12 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə əmanət məbləğinə illik 3% dərəcəsilə hesablanmış 300 ABŞ dolları məbləğində faizlərin, cəmi 7.207,12 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 145 manat məbləğində dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi (“Göy əmanət”) bağlanılmışdır. Müqavilənin 1.5-ci bəndinə görə, bu müqavilə üzrə bankın qəbul etdiyi məbləğ 10.000 (on min ABŞ dolları) USD təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, tranşlarla ödəniş olduğundan hazırda qalıq məbləğ 6.907,12 ABŞ dolları təşkil edir. Sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olmuşdur. Belə ki, cavabdeh tərəfindən elektron məhkəmə sisteminə yüklənilmiş xx.xx.2016-cı il tarixli, 89657695 nömrəli Əlavə Sazişin məhz hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsinin Əlavəsi olduğu bildirilmişdir. X9 1.6.1-ci bəndinə görə, Bank əmanət üzrə Əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 3% faizlər ödəyir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə12 faiz müəyyən edilmişdir. X3 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı banka qoyduğu əmanət müqavilə üzrə və qanunvericiliyə əsasən qorunan əmanət hesab edilir. Müqavilənin 6.7-ci bəndinə görə, Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödəyir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu (nümayəndəsi X4) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məktub təqdim edərək, ləğvedici tərəfindən təhvil-təslim aktlarına və bank əməliyyat sisteminə əsasən iddia ərizəsində mübahisələndirilən müqavilədən başqa müqavilə aşkar edilməmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddianı qəbul etməyib, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli bank əmanəti müqaviləsindən (“Göy əmanət”) görünür ki, bu müqaviləyə əsasən bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə qoyulan əmanət “Göy Əmanət” adlı müddətli əmanətdir. Əmanət xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 12 (on iki) ay müddətinə qəbul edilmişdir. Bu müqavilə üzrə Bank tərəfindən qəbul edilmiş məbləğ 10000 (on min) ABŞ dolları təşkil etmişdir. Bu əmanət üzrə Əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 7 (yeddi) % ödənilir. 70015315-15 saylı, xx.xx.2016-cı il tarixli bank əmanəti müqaviləsinə (“Göy Əmanət müddətin sonunda”) dair xx.xx.2016-cı il tarixli 89657695 №-li Əlavə Sazişdən görünür ki, xx.xx.2016-cı il tarixli Bank Əmanəti müqaviləsinə (“Göy Əmanət”) aşağıdakı məzmunda dəyişiklik edilmişdir: “1.6. Bank əmanət üzrə Əmanətçiyə əmanətin saxlanma müddətindən asılı olaraq aşağıdakı faizləri ödəyir: 1.6.1. Müddətin sonunda illik 3 (üç) %”. “oxu.az” internet səhifəsindən çıxarışdan görünür ki, xx.xx.2017-ci ildə "xxxx"da əmanətləri olanların nəzərinə başlıqlı xəbər dərc edilmiş, xəbərin məzmununda qeyd edilmişdir ki “Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, "xxxx" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində "xxxx" ASC seçilib. Bu barədə oxu.az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib. Məlumata görə, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə xx.xx.2018-ci il tarixindən "xxxx" ASC-nin filial şəbəkəsi vasitəsilə başlanılacaq. Proses haqqında vətəndaşlara mütəmadi məlumat veriləcək. ... Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət X1 xx.xx.2017-ci il tarixli, 49/1 saylı qərarı ilə "xxxx" ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya xx.xx.2017-ci il tarixindən ləğv edilib. Qanuna uyğun olaraq bankda sığorta hadisəsi günü xx.xx.2017-ci il müəyyən edilib”. Əmanətlərin Sığortalanması Fondunun Agent Bankı "xxxx" ASC-nin 28 May filialına xx.xx.2018-ci ildə daxil olmuş İddiaçı tərəfindən verilmiş kompensasiyanın ödənilməsi haqqında ərizədən görünür ki, o, kompensasiyanı LPO "xxxx" ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində göstərilən məbləğdə ödənilməsini xahiş etmişdir. "xxxx" ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci ildə 1060 ABŞ dolları məbləğində kompensasiya ödənilmiş (ştampla təsdiq edilmişdir), 10136.81 ABŞ dolları kompensasiya olunmayan məbləğ hesab edilmişdir. Ödəniş üzrə məlumatdan görünür ki, xx.xx.2018-ci ildə “Dəmirbank kompensasiya” təyinatı ilə İddiaçı 1060 ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2020-ci ildə daxil olmuş İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, o, "xxxx" ASC-də özünə məxsus qorunmayan əmanət məbləğinin 2-ci tranş üzrə ödəniləcək hissəsinin qeyd edilən bank rekvizitlərinə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, "xxxx" ASC-də özünə məxsus qorunmayan əmanət məbləğinin 3-cü tranş üzrə ödəniləcək hissəsinin qeyd edilən bank rekvizitlərinə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2022-ci ildə daxil olmuş İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, o, "xxxx" ASC-də özünə məxsus qorunmayan əmanət məbləğinin 4-cü tranş üzrə ödəniləcək hissəsinin qeyd edilən bank rekvizitlərinə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2023-cü il tarixdə daxil olmuş İddiaçı tərəfindən verilmiş pretenziyadan görünür ki, "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsi üzrə kompensasiya məbləğinin 3 gün müddətində ona ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddiaçı LPO "xxxx" ASC-də olan hesabından xx.xx.2019-xx.xx.2023-cü illəri əhatə edən çıxarışından görünür ki, xx.xx.2020-ci ildə tələbli əmanət üzrə 2-ci tranş açıqlaması ilə 2797.06 ABŞ dolları, xx.xx.2021-ci ildə tələbli əmanət üzrə 3-cü tranş açıqlaması ilə 124.71 ABŞ dolları, xx.xx.2023-cü ildə tələbli əmanət üzrə 4-cü tranş açıqlaması ilə 252.37 ABŞ dolları olmaqla, cəmi 3174.14 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı verilmiş, qalıq məbləğ 6907.12 ABŞ dolları təşkil etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2015-ci ildə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış bank əmanəti müqaviləsinə əsasən, iddiaçı 10000 ABŞ dolları məbləğində pulu illik 7 % ödənilməsi şərtilə 1 il müddətinə banka əmanət kimi qoymuş, X3 xx.xx.2016-cı il tarixli qərarı ilə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsinin xarici valyuta üzrə 3 % olması müəyyən edilmiş, xx.xx.2016-cı ildə tərəflər Əlavə Sazişlə müqavilə üzrə faiz dərəcəsinin illik 3 % olması barədə razılığa gəlmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilərək barəsində iflas proseduruna başlanılmış, hazırki iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. xx.xx.2017-ci ildə xəbər portalı vasitəsilə LPO "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent-bank qismində "xxxx" ASC-nin seçilməsi, kompensasiyaların verilməsinə xx.xx.2018-ci il tarixindən başlanılacağı barədə elan dərc edilmişdir. Bundan sonra xx.xx.2018-ci ildə iddiaçı Əmanətlərin Sığortalanması Fondunun Agent Bankı "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, LPO "xxxx" ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində göstərilən məbləğdə kompensasiya ödənilməsini xahiş etmiş, həmin çıxarışa əsasən iddiaçıya xx.xx.2018-ci ildə 1060 ABŞ dolları məbləğində kompensasiya ödənilməsi müəyyən edilmiş, 10136.81 ABŞ dolları isə kompensasiya olunmayan məbləğ hesab edilmişdir. Həmin tarixdə iddiaçıya 1060 ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. İddiaçı xx.xx.2020-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə cavabdehə ərizələrlə müraciət edərək, özünə məxsus qorunmayan əmanət məbləğinin 2, 3 və 4-cü tranşlar üzrə ödəniləcək hissəsinin qeyd edilən bank rekvizitlərinə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Həmin ərizələrə müvafiq olaraq iddiaçıya xx.xx.2020-ci ildə 2-ci tranş üzrə 2797.06 ABŞ dolları, xx.xx.2021-ci ildə 3-cü tranş üzrə 124.71 ABŞ dolları, xx.xx.2023-cü ildə isə 4-cü tranş üzrə 252.37 ABŞ dolları olmaqla, cəmi 3174.14 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. İş materialları əsasında müəyyən edilir ki, hazırda iddiaçıya ödənilməli olan qalıq məbləğ 6907.12 ABŞ dolları təşkil edir. İddiaçı xx.xx.2023cü ildə cavabdehə pretenziya göndərərək, kompensasiyanın ödənilməsini tələb etmiş, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı 6.907,12 ABŞ dolları məbləğində pul vəsaitinin, əmanət məbləğinə illik 3 % dərəcəsi ilə hesablanmış 300 ABŞ dolları məbləğində faizlərin, cəmi 7.207,12 ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 145 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh tərəf isə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçıya 1060 ABŞ dolları məbləğində kompensasiya ödənildiyini, qalan məbləğin kompensasiya olunmayan məbləğ hesab olunmasına razılaşaraq, tələbini kreditor tələbi kimi qeydə aldırdığını, artıq 3 tranş üzrə ona ödəniş edildiyini, növbəlilik qaydasında tələblərinin ödəniləcəyini bildirərək, iddianın əsassız olduğundan rədd edilməsini, həmçinin, iddiaçının məhkəməyə müraciət etmək üçün qanunla müəyyənləşdirilmiş 5 il müddətini ötürməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin və etirazın dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələb etdiyi məbləğin sığortalanmış əmanət olması, bankda sığorta hadisəsinin baş verməsi və cavabdeh Fondun iddiaçıya kompensasiya vermək öhdəliyinin yaranması, iddiaçının cavabdehə müraciəti əsasında 1060 ABŞ dolları məbləğində kompensasiyanın ona ödənilməsi, qalan 10136.81 ABŞ dollarının qorunmayan əmanət kimi qiymətləndirilməsinə iddiaçının razılıq verməsi, yəni ləğv prosesində olan banka qarşı olan tələbini kreditor tələbi kimi qeydə aldırması və hazıradək 3 tranş üzrə cəmi 3174.14 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, qalıq 6907.12 ABŞ dollarının da tranşlar üzrə ödəniləcəyini barədə cavabdehin öhdəliyinin müəyyən edilməsi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş ümumi 5 il müddət ötürüldükdən sonra cavabdehə qarşı kompensasiya tələbi ilə məhkəməyə müraciət etməsi hazırki işin mübahisəsiz hallarıdır. İşin bu halları iddiaçı tərəfin verdiyi iddia tələbinin həcminin azaldılmasına dair ərizə, cavabdehin yazılı etirazı və iddiaçıya məxsus bank hesabından çıxarışla təsdiq olunur. Məhkəmə hesab edir ki, iddiaçının bankda sığorta hadisəsi baş verdikdən sonra bank qarşısında olan kredit tələbinin, yəni əmanətin qalıq hissəsi qeydə alınaraq növbəlilik qaydasında icra edildiyindən, ötən müddət ərzində 3 tranş üzrə cəmi 3174.14 ABŞ dolları məbləğində pul vəsaiti ona ödənildiyindən, kompensasiya ödənilməsi barədə bildiriş dərc edildikdən 5 ildən artıq müddət keçdikdən sonra hazırki tələblə məhkəməyə müraciət etdiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, növbəlilik qaydasında ödənilməsi üçün qeydə alınmış kreditor tələbinin növbədənkənar qaydada ödənilməsinə dair qərar qəbul edilməsi həm də bankın digər kreditorların hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-390.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə müvafiq olaraq, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 560.1-560.2-ci maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır. 4.1-ci maddəsinə əsasən, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. 5.1-ci maddəsinə görə, Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.2-ci maddəsinə görə, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 2.1.11-ci maddəsinə görə, kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 25.1.4-cü maddəsinə görə, əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüququ var. 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir. 28.1-ci maddəsinə görə, Fond sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankdan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində mediada kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. 28.2-ci maddəsinə görə, kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. 28.3-cü maddəsinə görə, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 28.4-cü maddəsinə görə, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar