Məhkəmə qərarları › İş №e-2(006)-2991/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2991/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2991/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3113,00 manat sığorta ödənişi məbləğinin və 51,13 manat dövlət rüsumunun, cəmi 3164,13 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “Kia Optima” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri ərazisində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "Kia Cerato" markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 8 113,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ DYPİ-nin ünvana xx.xx.2019-cu il tarixli İnzibati xəta haqqında Qərarının surəti daxil olmuş və sözügedən qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Bakı şəhər BPİ DYP-İnin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən “Kia Optima” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında” AR Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5 000,00 manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən “Kia Optima” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini“ Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış "xxxx" Sığorta Şirkəti ASC-dən 5000,00 manat məbləğində pul vəsaiti tələb edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Resoublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixində 04:00-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, 8113 manat X2 ödənilmişdir. İş materiallarında olan sığorta şəhadətnaməsindən görünür ki, X2 məxsus "Kia Cerato" markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobil 22600 manat məbləğinə sığorta olunmuşdur. İş materiallarında olan “KİA Motors AZ” tərəfindən verilmiş hesablama aktından görünür ki, "Kia Cerato" markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 16678 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2(006)-801/2020 saylı qətnamədən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 30304 nömrəli rəyinə əsasən avtomobilin təmir-bərpa xərci olaraq müəyyən edilmiş 12855 manat məbləğdən sığorta şirkətinin iddiaçıya ödədiyi 8113 manat məbləğ çıxmaqla 4742 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmişşəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan “Kia Optima” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə "Kia Cerato" markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə sözügedən digər avtomobilə zərər vurması məhkəmə araşdırması zamanı təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 3113 manat tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 51.13 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3113 manat sığorta ödəniş, ödənilmiş 51.13 manat dövlət rüsumu, cəmi 3164.13 manat tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar