Məhkəmə qərarları › İş №e-2(006)-2997/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2997/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2997/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5138.01 AZN əsas kredit borcu, 403.79 AZN kreditdən istifadəyə görə faiz borcu, 23.07 AZN cərimə olmaqla, cəmi 5564.87 AZN borcunun, həmçinin 75.65 AZN ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 6160***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 18 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5360 AZN məbləğində kredit verilmişdir. Lakin Əsas Kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə 5138.01 AZN əsas kredit borcu, 403.79 AZN kreditdən istifadəyə görə faiz borcu, 23.07 AZN cərimə olmaqla, cəmi 5564.87 AZN borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizələr təqdim edərək, pretenziyada texniki səhv olaraq göstərilən kredit müqaviləsi sözünün xx.xx.2021ci il tarixli əsas kredit limiti razılaşması çərçivəsində verilmiş tranş kimi qəbul edilməsini, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək bildirdi ki, aralarında olan razılaşma üzrə banka borcunun olduğunu qəbul edir, lakin maddi imkanı olmadığından həmin borcu ödəyə bilmir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizələrini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 6160***-*******02L saylı xx.xx.2021ci il tarixli əsas kredit limiti razılaşmasından və kredit limiti müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, bu razılaşmaya əsasən kredit verən borcalana 50000 (əlli min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti açmış və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə kreditverənə müraciət (kreditverənin mobil tətbiqetməsi və ya www.bankrespublika.az internet səhifəsi vasitəsilə, həmçinin kreditverənin 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə “şəxsiyyət vəsiqəsinin FİN kodu”nu yazaraq göndərmək) etmək hüququna malikdir. Bu əsas kredit limiti razılaşmasına əsasən kredit borcalana istehlak tələbatlarının ödənilməsi məqsədilə verilir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) min. 10 (on) % - max. 29 (iyirmi doqquz) %-dir. Əsas borc və faizlər, kredit məbləğinin borcalanın cari hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və borcalana göndərilən SMS-də qeyd edilmiş müddətədək hər ay bərabər hissələrlə kreditverənə geri qaytarılacaqdır. Kredit kreditverən tərəfindən borcalanın 6-1230782-1 nömrəli kart hesabına (cari hesabına) köçürülməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. xx.xx.2022-ci il tarixdə cavabdehə ünvanlanmış “SMS”dən görünür ki, bank ona 48 ay müddətinə illik 18 faiz dərəcəsi 536 AZN komissiya ilə 5360 AZN kredit təklif etmiş, kreditə razılıq vermək üçün “1”, imtina etmək üçün “2” yazıb göndərməsini bildirmişdir. Cavabdeh tərəfindən göndərilən “SMS”də “1” qeyd edilmişdir. 6-1230782-1 nömrəli hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə kredit verilməsi əsası ilə 5360 manat məbləğində pul hesaba köçürülmüşdür. xx.xx.2023-cü il tarixli kredit borcunun faizlərini və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə verilmiş kredit üzrə İddiaçı ASC-yə 5138.01 manat əsas borc, 403.79 manat faiz borcu, 23.07 manat cərimə borcu olmaqla, cəmi 5564.87 manat borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, Cavabdeh yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 75.65 manat məbləğində dövlət rüsumu ödənilmişdir (qəbzin nömrəsi: **********). Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında istehlak tələbatlarının ödənilməsi məqsədilə bağlanmış 6160***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti razılaşması üzrə xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5360 AZN məbləğində kredit verilmişdir. Lakin cavabdeh aralarında olan razılaşma üzrə iddiaçı qarşısında olan öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam icra etməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 5138.01 manat əsas, 403.79 manat faiz borcu, 23.07 manat cərimə borcu olmaqla, cəmi 5564.87 manat borcu kredit borcu yaranmışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış borcun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir, cavabdeh isə iddianı etiraf edərək borcunun olduğunu qəbul edir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə yerinə yetirməmişdir. Mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb əsaslıdır və cavabdehin iddianı etiraf etməsində qanunazidd və ya başqa şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunan hər hansı hal yoxdur. Buna görə də tələb təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2 və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5138.01 (beş min bir yüz otuz səkkiz manat bir qəpik) manat əsas, 403.79 (dörd yüz üç manat yetmiş doqquz qəpik) manat faiz borcu, 23.07 (iyirmi üç manat yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 5564.87 (beş min beş yüz altmış dörd manat səksən yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 75.65 (yetmiş beş manat altmış beş qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5138.01 (beş min bir yüz otuz səkkiz manat bir qəpik) manat əsas, 403.79 (dörd yüz üç manat yetmiş doqquz qəpik) manat faiz borcu, 23.07 (iyirmi üç manat yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 5564.87 (beş min beş yüz altmış dörd manat səksən yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 75.65 (yetmiş beş manat altmış beş qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar