Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3013/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdeh X2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair" tələbinə dair dair iş üzrə (açar sözlər: borcun ödənilməsi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdeh X2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 195/R saylı müqaviləsən görünür ki, İcraçı ilə Alıcı ilə tikintisini razılaşdığı mənzil Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunda 4 mərtəbəsində 53 saylı mənzilində yerləşməklə ümumi sahəsi 138 kv.m olmaqla 3 otaqdan ibarətdir. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 1000 manat, cəmi 138.000 manat məbləğində müəyyən edilir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 159 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor Borcalana ünvan 1 ünvanında yerləşən binanın B blokunda 53 saylı mənzilin alınması üçün 180 ay müddətinə 133.000 manat məbləğində krdit vermişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 159/1 nömrəli İpoteka Müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən binanın B blokunda 53 saylı mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh verilmiş xx.xx.2014-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə 133.000 manat ipoteka kreditini bağlamışdır. Hal-hazırda banka heç bir borcu yuxdur. - Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 005922 nömrəli “adın, ata adının və soyadının dəyişdirilməsi” haqqında şəhadətnamədən görünür ki, Cavabdeh soyadını “Hacıqurbanlı”-ya dəyişdirdi. - X1 tərəfindən (Bağırzadə) X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X7 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3- 30/2-1634/2026 saylı, 12 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə B blokunun 4-cü mərtəbəsində qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdeh X2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli 159 saylı kredit müqaviləsi üzrə cəmi 294.168,87 (iki yüz doxsan dörd min bir yüz altmış səkkiz manat 87 qəpik) manat, bundan 131.028,05 (bir yüz otuz bir min iyirmi səkkiz manat 05 qəpik) manat əsas, 163.140,82 (bir yüz altmış üç min bir yüz qırx manat 82 qəpik) manat faiz borcu və 585 (beş yüz səksən beş) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın B blokunda 4-cü mərtəbəsində 53 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlak ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 159 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 133.000 (bir yüz otuz üç min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 195/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın B blokunda 4-cü mərtəbəsində 53 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın B blokunda 4-cü mərtəbəsində 53 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 159/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, habelə 12-5/2-B-21-1012/2025 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2012-ci il tarixli 159 saylı kredit müqaviləsi üzrə cəmi borcu 294.168,87 (iki yüz doxsan dörd min bir yüz altmış səkkiz manat 87 qəpik) manat təşkil edir. Bundan 131.028,05 (bir yüz otuz bir min iyirmi səkkiz manat 05 qəpik) manat əsas, 163.140,82 (bir yüz altmış üç min bir yüz qırx manat 82 qəpik) manat faiz borcu təşkil edir. c) məhkəmə icraat iştiakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi X4 izahat verərək iddianın təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcunun olmadığını bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi əsasında cavabdeh X2 133.000 manat məbləğində kredit verilmiş, həmin öhdəliyin təminatı kimi müvafiq mənzil ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda iş materiallarında Bank tərəfindən cavabdehə verilmiş xx.xx.2014-cü il tarixli arayış mövcuddur. Həmin arayışdan açıq şəkildə görünür ki, cavabdeh xx.xx.2012-ci il tarixli ipoteka kreditini bağlamış və banka hər hansı borcu qalmamışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi həmin arayışın qanunsuz verildiyini, sənəddə olan möhür və imzanın kim tərəfindən və hansı əsasla vurulduğunu bilmədiklərini bildirsə də, məhkəmə qeyd edir ki, arayış Bankın rəsmi blankında tərtib edilmiş, Bankın möhürü ilə təsdiq olunmuş və cavabdehə təqdim edilmiş rəsmi sənəddir. İddiaçı həmin sənədin saxtalığını təsdiq edən hər hansı ekspertiza rəyi, daxili araşdırma nəticəsi, cinayət işi materialı və ya digər mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sənədin verilmə mexanizminin izah edilə bilməməsi və ya onun necə təqdim edildiyinin bilinməməsi həmin sənədin hüquqi qüvvəsini aradan qaldırmır. Hüquqi şəxs tərəfindən verilmiş və rəsmi qaydada təsdiqlənmiş sənəd onun özünün daxili fəaliyyətində yol verilmiş mümkün pozuntulara görə üçüncü şəxsin hüquqlarını məhdudlaşdıra bilməz. Bankın daxili nəzarət mexanizmlərində mövcud olmuş ola biləcək çatışmazlıqlar cavabdehin üzərinə mənfi nəticə kimi yüklənə bilməz. Məhkəmə hesab edir ki, kredit öhdəliyinin davam etməsi və ya borcun qalması faktı məhz kreditor tərəfindən sübuta yetirilməlidir. İş materiallarında isə 2014-cü ildən sonra borcun mövcudluğunu təsdiq edən, öhdəliyin bərpa edildiyini və ya yenidən hesablandığını göstərən hər hansı ilkin maliyyə sənədi, hesab çıxarışı və ya müqavilə dəyişiklikləri təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə hesab edir ki, təqdim olunmuş xx.xx.2014-cü il tarixli arayış cavabdehin kredit öhdəliyini tam icra etməsini təsdiq edən mühüm və birbaşa sübutdur. Həmin sənədin etibarsızlığını və ya saxtalığını təsdiq edən mötəbər sübutlar olmadığı halda, onun hüquqi nəticələri nəzərə alınmalıdır. Bundan əlavə, məhkəmə nəzərə alır ki, xx.xx.2014-cü il tarixli arayışdan sonra uzun müddət ərzində iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı tələb irəli sürülməməsi, borcun ödənilməsi ilə bağlı iddia qaldırılmaması və ya rəsmi xəbərdarlıq edilməməsi də iş üzrə mühüm əhəmiyyət kəsb edən haldır. Kredit münasibətlərində kreditorun uzun illər ərzində passiv davranışı və guya mövcud olan borcun tələb olunmaması, iş materiallarında borcun tam ödənildiyini təsdiq edən rəsmi arayışın mövcudluğu ilə birlikdə qiymətləndirildikdə, borc öhdəliyinin icra edildiyi barədə qənaəti daha da gücləndirir. Məhkəmə hesab edir ki, əgər iddiaçının göstərdiyi kimi borc həqiqətən mövcud olsaydı, kreditor tərəfindən həmin borcun vaxtında tələb edilməsi üçün zəruri tədbirlər görülərdi. Uzun müddət ərzində hər hansı tələb irəli sürülməməsi iddiaçının hazırkı mövqeyinin inandırıcılığını azaldan əlavə hal kimi qiymətləndirilir. Məhkəmə həmçinin iddianın digər hissələri olan tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhvil verilməsi hissələri isə iddia tələbinin əsasını təşkil edən borcun ödənilmsəi hissəsi rədd edildiyindən iddia tələbi bu hissələrdə də prosessual qənaət prinsipini nəzərə alaraq təmin edilməməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdeh X2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdeh X2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3013/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3013/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver