Məhkəmə qərarları › İş №e-2(006)-3020/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3020/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3020/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı BOKT "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı BOKT "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı BOKT "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 06 mart 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə 06 sentyabr 2025-ci il tarixə qədər aylıq qalıq borcun 30 % dərəcəsini tətbiq etməklə 3000 manat (üç min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh3 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh3 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı BOKT "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh1 arasında 06 mart 2024-cü il tarixli fiziki zaminlik müqaviləsi, borclu Cavabdeh2 arasında isə 06 mart 2024-cü il tarixli yeni nəsil rəqəmsal imza olan "SİMA" elektron imza vasitəsi ilə imzalanaraq zaminlik müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh3 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 17 aprel 2025-ci il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 1829.27 (bir min səkkiz yüz iyirmi doqquz 27 qəpik) manat, faiz üzrə 129.04 (yüz iyirmi doqquz 4 qəpik) manat, cərimə üzrə 446.52 (dörd yüz qırx altı 52 qəpik) manat olmaqla ümumilikdə 2404.83 (iki min dörd yüz dörd 83 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmin şəxsə məxsus əmlakların üzərinə həbs qoyularaq götürülməli, həmin əmlaklara tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdeh iddiaçı olan borcları ödənilməlidir. Göstərilənlərə əsasən, iddiaçı BOKT "xxxx" ASC Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 06 mart 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1829.27 (bir min səkkiz yüz iyirmi doqquz 27 qəpik) manat, faiz borcu üzrə 129.04 (yüz iyirmi doqquz 4 qəpik) manat, cərimə üzrə 446.52 (dörd yüz qırx altı 52 qəpik) manat olmaqla, ümumilikdə 2404.83 (iki min dörd yüz dörd manat 83 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 45 manat pul vəsaitinin BOKT "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada – poçt vasitəsilə göndərilməklə yanaşı, eyni zamanda xahişlərinə əsasən, Cavabdeh3 məxsus və onun istifadəsində olan “+994-55-504-47-00”, Cavabdeh2 istifadəsində olan “+994-55-712-79-88”, Cavabdeh1 məxsus və onun istifadəsində olan “+994-70-664-76-06” nömrələrinə də “PDF” formatda göndərilmiş, habelə Cavabdeh3 çatdırılması üçün xx.xx.2025-ci il tarixdə onun işlədiyi Maraqlı şəxs2 MMC-nin və Cavabdeh1 çatdırılması üçün xx.xx.2025-ci il tarixdə onun işlədiyi Maraqlı şəxs1 MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Lakin cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdirlər.

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC (Borcverən) ilə Cavabdeh3 (Borcalan) arasında bağlanmış 06 mart 2024-cü il tarixli, LD********** nömrəli krеdit müqaviləsindən görünür ki, bu müqavilə üzrə Borcverən Borcalana istehlak məqsədilə 18 (on səkkiz) ay müddətinə, illik 30 (otuz) faiz olmaqla 3000 (üç min) manat məbləğində krеdit verməyi, Borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Borcverənə qaytarmağı öz öhdəsinə götürür. Borcalan tərəfindən bu müqavilə üzrə kreditin (əsas və faiz borcu) ödənilməsi vaxtında və lazımi qaydada yerinə yetirilmədiyi təqdirdə gecikdirilmiş hər günə görə qalıq əsas məbləğin 1 (bir) faizi məbləğində dəbbə (cərimə) pulu hesablanır və borcalan həmin dəbbə (cərimə) məbləğini borcverənin xeyrinə ödəməyə borcludur. Komissiya kredit məbləğinin 2.8 %-ni təşkil edir (84 manat).

7. Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC (Borcverən) ilə Cavabdeh2 (Zamin) və Cavabdeh1 (Zamin) arasında bağlanmış 06 mart 2024-cü il tarixli, LD********** nömrəli zaminlik müqavilələrindən görünür ki, Borcalan Cavabdeh3 tərəfindən 06 mart 2024-cü il tarixli, LD********** nömrəli krеdit müqaviləsi üzrə öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürürlər. Borcalan tərəfindən krеdit öhdəliyi icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin borverənin ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və cərimə məbləğini, o cümlədən borcun ödənilməsi üzrə çəkilmiş məhkəmə xərclərinin dərhal borcverənə ödənilməsini (qaytarılmasını) öz üzərlərinə götürür. Borcalan tərəfindən kredit müqaviləsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcverən həm borcalana, həm də zamin(lər)ə borc tələbini irəli sürə bilər.

8. 06 mart 2024-cü il tarixli “kredit vermə arayışı”ndan görünür ki, BOKT "xxxx" ASC tərəfindən Cavabdeh3 2916.00 manat məbləğində pul verilmişdir.

9. BOKT "xxxx" ASC tərəfindən borcalan Cavabdeh3, zaminlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, onlara müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

9. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 həmin tarixə BOKT "xxxx" ASC qarşısında əsas məbləğ üzrə borcu 1829.27 (bir min səkkiz yüz iyirmi doqquz manat 27 qəpik) manat, faiz üzrə borcu 129.04 (bir yüz iyirmi doqquz manat 4 qəpik) manat, cərimə faizləri 446.52 (dörd yüz qırx altı manat 52 qəpik) manat, cəmi 2404.83 (iki min dörd yüz dörd manat 83 qəpik) manat təşkil edir.

10. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 45 (qırx beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı BOKT "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 06 mart 2024-cü il tarixli LD********** nömrəli krеdit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədilə 18 (on səkkiz) ay müddətinə, illik 30 (otuz) faiz olmaqla 3000 (üç min) manat məbləğində krеdit vеrilmişdir (84 manat komissiya tutulmaqla 2916 manat). "xxxx" ASC (Borcverən) ilə zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 06 mart 2024-cü il tarixli, LD********** nömrəli zaminlik müqavilələrinə görə borcalan Cavabdeh3 tərəfindən krеdit müqaviləsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdələrinə götürmüşlər.

12. Cavabdeh(lər)ə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzər(lər)inə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır.

c) Məhkəmənin mövqeyi:

13. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur.

14. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, Cavabdeh3 Rafiq oğlu isə öz öhdəliyini icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Digər cavabdehlər Cavabdeh2 və Hacıyeva X2 Əli Rafiq oğlunun iddiaçı - kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzər(lər)inə götürdüklərindən və kreditor qarşısında onunla birgə məsuliyyət daşıdıqlarından, kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər müştərək qaydada iddiaçıya ödəməlidirlər. Buna görə də məhkəkə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

15. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə əsas və faiz borcuna münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir.

16. İddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, 06 mart 2024-cü il tarixli, LD********** nömrəli krеdit müqaviləsi üzrə tələb edilən cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilərək, 446.52 manat cərimənin məbləği 92 manat məbləğinədək azaldılmalıdır.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddə. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddə. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddə. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddə. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddə. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddə. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddə. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-739.2-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1.829,27 (bir min səkkiz yüz iyirmi doqquz manat iyirmi yeddi qəpik) manat əsas, 129,04 (bir yüz iyirmi doqquz manat dörd qəpik) manat faiz, 92 (doxsan iki) manat cərimə borcu olmaqla, cəmi 2.050,31 (iki min əlli manat otuz bir qəpik) manat məbləğində pul alınaraq iddiaçı BOKT "xxxx" ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

20. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş 45 (qırx beş) mana dövlət rüsumunun 38 (otuz səkkiz) manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı BOKT "xxxx" ASC-yə verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçı BOKT "xxxx" ASC-yə aid edilməlidir.

Nəticə:

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1.829,27 (bir min səkkiz yüz iyirmi doqquz manat iyirmi yeddi qəpik) manat əsas, 129,04 (bir yüz iyirmi doqquz manat dörd qəpik) manat faiz, 92 (doxsan iki) manat cərimə borcu olmaqla, cəmi 2.050,31 (iki min əlli manat otuz bir qəpik) manat məbləğində pul alınaraq iddiaçı BOKT "xxxx" ASC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 38 (otuz səkkiz) manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı BOKT "xxxx" ASC-yə verilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçı BOKT "xxxx" ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar