Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3031/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı «X5» Bakı filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «X5» Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X5» Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 743,27 manat (bundan 702,48 manat əsas borc və 40,79 manat faiz borcu təşkil edir) məbləğində 14 iyun 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 30,00 manat dövlət rüsumunun tutularaq «X5» Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X5» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış 08 iyul 2022-ci il tarixli 644 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 17 % olmaqla 18 ay müddətinə 1.100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1 arasında 722 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 69.66 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 14 iyun 2023-cü il tarixə «Bank»a kredit borcu üzrə 766,26 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi «Borcalan» tərəfindən «Bank»a 494,71 manat ödəniş həyata keçirilmişdir. Bank tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunsa da, borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 27% ödəməlidir. 14 iyun 2023-cü il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 743,27 manat, bundan 702,48 manat əsas borc və 40,79 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə «Borcalan» zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «X5» Bakı filialının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonrakı dövrdə cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh2 banka 702.48 manat əsas, 40.79 manat məbləğində faiz borcunun olduğunu etiraf edərək, iddianı qəbul etdiyini bildirmişdir. Lakin hal-hazırda işləmədiyindən borcunu ödəməyə imkanı olmadığını, iddianın təmin olunmasına isə etiraz etmədiyini əlavə etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh1 bildirmişdir ki, Cavabdeh2 kredit götürərkən ona zamin durmuş, məsuliyyətinin həcmindən xəbərdar olmuşdur. Hazırda Cavabdeh2 işləmədiyindən banka olan borcunu ödəyə bilmədiyini, lakin hissə-hissə ödəniş etmək imkanının olduğunu əlavə etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan: 08 iyul 2022-ci il tarixli 644 nömrəli kredit müqaviləsindən və ona əlavə edilən kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, «X5» Bakı filialı Cavabdeh2 “mənzil təmiri” məqsədilə illik 17 (on yeddi) faiz dərəcəsi ilə 18 (on səkkiz) ay müddətinə 1100 (bir min bir yüz) manat məbləğində kredit verməyi, Cavabdeh2 isə kredit və ona hesablanmış faizləri ssuda hesabında borc əmələ gəldiyi gündən 1 aydan sonra başlayaraq hər ayın həmin günü banka ssuda borcu və ssuda qalığının hesabına hesablanmış faizlər daxil olmaqla 69.66 AZN, sonuncu ay isə 69.69 AZN ödəməyi öhdəsinə götürmüşdür. 08 iyul 2022-ci il tarixli 722 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 08 iyul 2022-ci il tarixli 644 nömrəli kredit müqaviləsi əsasında borcalan Cavabdeh2 veriləcək 1100 (bir min bir yüz) manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 08 iyul 2022-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, Cavabdeh2 1100 manat məbləğində pulu almışdır. xx.xx.2023-cü il tarixli 2023/858 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 08 iyul 2022-ci il tarixli 644 nömrəli kredit müqaviləsi üzrə 14 iyun 2023-cü il tarixə 702.48 manat əsas, 40.79 manat faiz, cəmi 743.27 manat məbləğində borcu vardır. «X5» Bakı filialı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdirlər. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, «X5» Bakı filialı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir (qəbz № **********). Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı «X5» Bakı filialı tərəfindən Cavabdeh2 aralarında bağlanmış 08 iyul 2022-ci il tarixli 644 nömrəli kredit müqaviləsinə əsasən “mənzil təmiri” məqsədilə illik 17 (on yeddi) faiz dərəcəsi ilə 18 (on səkkiz) ay müddətinə 1100 (bir min bir yüz) manat məbləğində kredit verilmişdir. 08 iyul 2022-ci il tarixli 722 nömrəli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh1 «X5» Bakı filialı qarşısında borcalan Cavabdeh2 08 iyul 2022-ci il tarixli 644 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə görə sonuncu ilə birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Tərəflər arasında 08 iyul 2022-ci il tarixli 644 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun qaytarılması ödəniş cədvəli üzrə razılaşdırılsa da, Cavabdeh2 banka olan borcunu qrafik üzrə qaytarmamış, müqaviləyə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı «X5» Bakı filialı tərəfindən cavabdehlərə müqavilə üzrə borcun ödənilməsi, əks halda qanunverciliyin tələblərinə uyğun olaraq barəsində tədbir görülməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müqavilə üzrə öhdəlikləri icra etməmiş və nəticədə «X5» Bakı filialına 702,48 (yeddi yüz iki manat qırx səkkiz qəpik) manat əsas, 40,79 (qırx manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 743,27 (yeddi yüz qırx üç manat iyirmi yeddi qəpik) manat borcu yaranmışdır. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı cavabdehlərə qarşı əsas və faiz borcunun tam tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında kredit müqaviləsi və zaminlik müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də onlar risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı (həmçinin, zamin Cavabdeh1 kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürdüyündən), müqavilə üzrə yaranmış borcu müştərək qaydada iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllənin və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Cavabdeh2 iddianı etiraf etməsini müvafiq qaydada tədqiq edərək hesab edir ki, onun iddianı etiraf etməsi qanuna zidd deyildir və başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunmur. Belə olan halda Cavabdeh2 iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarının hazırki mülki işə tətbiqi nəticəsində belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 702,48 (yeddi yüz iki manat qırx səkkiz qəpik) manat əsas, 40,79 (qırx manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 743,27 (yeddi yüz qırx üç manat iyirmi yeddi qəpik) manat tutularaq iddiaçı «X5» Bakı filialına ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, iddia təmin edildiyindən, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «X5» Bakı filialına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 702,48 (yeddi yüz iki manat qırx səkkiz qəpik) manat əsas, 40,79 (qırx manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 743,27 (yeddi yüz qırx üç manat iyirmi yeddi qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «X5» Bakı filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3031/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3031/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver