Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3046/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı kredit reyestrindən borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 946,62 manat məbləğində borcunun (aktiv öhdəliklərinin) olmamasına dair məlumatların “Mərkəzləşdirilmiş Kredit Reyestrinə” verilməsinə dair öhdəliyin cavabdeh LPO Cavabdeh ASC-nin üzərinə qoyulması, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 700 manat vəkilə ödənilmiş pulun cavabdeh LPO Cavabdeh ASC-dən alınaraq iddiaçı ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçıya təzəlikcə məlum olmuşdur ki, guya onunla cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən kreditor borcluya 2000 manat istehlak məqsədilə kredit verməyi, borclu isə həmin krediti bir il ərzində ödəməyi öhdəsinə götürmüşdür. Məlum olduğu kimi müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarışa əsasən kreditin qalıq məbləği 946.62 manat olduğu müəyyən edilmişdir. Bununla bağlı Banka kreditor tərəfindən müraciətlər ünvanlanmış, lakin Bank tərəfindən dolğun cavab almaq mümkün olmamışdır. Bankın cavabında göstərilir ki, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmış, kredit müqaviləsi Cavabdeh ASC-nin arxivində aşkar edilməmişdir. Göründüyü kimi iddiaçı ilə Bank arasında faktiki kredit müqaviləsi olmasa da, reyestrdə iddiaçının adına borc hesablandığı müəyyən edilmişdir. Bundan əlavə Mərkəzləşdirilmiş Kredit Reystrində (MKR) görünən borc, iddiaçının mövcud şəraitdə ipoteka krediti əldə etmək hüququnu məhdudlaşdırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan Cavabdeh ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ona aid olan kredit müqaviləsi ləğv prosesində olan Cavabdeh ASC-nin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosu MMC tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçının ləğv prosesində olan Cavabdeh ASC-dən götürdüyü 2000 manat kredit üzrə kredit qalıq məbləği 946.62 manat qeyd edilmişdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hazırki halda məhkəmənin qənaətinə görə, tərəflər arasında iddia tələbində qeyd edilən məbləğdə borcun olduğu qənaətinə gəlmək mümkün deyildir. Belə ki, Azərbaycan Kredit Bürosu MMC tərəfindən təqdim edilmiş məlumatda iddiaçının 946.62 manat qeyd edilsə də, belə bir müqavilə cavabdeh tərəfindən təqdim edilməmiş, eyni zamanda məhkəmə iclasında da, cavabdehin nümayəndəsi tərəfindən müqavilənin təqdim edilməsinin mümkün olmaması bildirilmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə də yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Belə olduğu təqdirdə, hazırkı iş üzrə iddiaçının adının Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması iddiaçının hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı əsas və zərurət yoxdur. İddiaçının ləğv prosesində olan Cavabdeh ASC qarşısında hər hansı kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçının ləğv prosesində olan Cavabdeh ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. İş materiallarında müəyyən edilir ki, iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və hüquqi xidmətlərin göstərilməsi üçün 700 manat vəkilə xərc çəkilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu və vəkilə çəkilmiş xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ləğv prosesində olan Cavabdeh ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə qoyulsun. Ləğv prosesində olan Cavabdeh ASC-dən ödənilmiş 30 manat dövlət rüsumu və 700 manat vəkilə çəkilmiş xərc alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3046/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3046/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver