Məhkəmə qərarları › İş №e-2(006)-3053/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3053/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3053/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı ASCnin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 300 manat əsas borc, 15 manat faiz, 43,50 manat verilmiş kredit üzrə xidmət haqqı və 131,50 manat cərimə borcu olmaqla, cəmi 490 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin www.manato.az saytı vasitəsilə bağladığı xx.xx.2023-cü il tarixli, **********001 saylı mikrokredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən borcalanın sorğusu əsasında şəxsi məqsədləri üçün 30 gün müddətinə illik 60.85% ödəmək şərtilə 300 AZN məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, **********001 saylı mikro kredit müqaviləsinə görə, "xxxx" BOKT MMC tərəfindən borclu Cavabdeh verilən mikro kredit məbləği üzrə xidmət haqqının məbləği 43,50 manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci yarımbəndinə əsasən borcalan müqavilənin şərtlərinə uyğun olaraq verilmiş mikro kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. "xxxx" BOKT MMC tərəfindən həmin mikrokredit müqaviləsi üzrə tələb hüququ xx.xx.2024-cü il tarixli 02/24 nömrəli müqavilə əsasında "xxxx" BOKT MMC-dən İddiaçı ASC-yə güzəşt edilmişdir. Hazırda mübahisənin aid olduğu maddi hüquq münasibətinin tərəfi kimi İddiaçı ASC çıxış edir. Tələb hüququ ötürülən tarixdə borcun məbləği 540 manat təşkil etmişdir. Tələb güzəşt edilən tarixdən sonra cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində 50 manat ödəniş olunmuşdur. Hazırda cavabdehin xx.xx.2023-cü il tarixli, **********001 saylı müqavilə üzrə əsas və faiz borcu 315 manat təşkil edir. Mikrokredit müqaviləsinin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,7%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 181,50 manat təşkil edir. Cərimə borcu bu qayda ilə hesablanır: 300 AZN*0,7% =2,1 AZN (Gündəlik gələn gecikmə cərimə faizidir). Əlavə olaraq 2,1 AZN*86(Gecikmə günü sayı)=181,50 AZN (1.14-cü bəndində qeyd olunan gecikmə günlərinə görə olan 0.7% məbləği). Lakin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********001 saylı mikro kredit müqaviləsinin 1.16-cı bəndinə əsasən, borcalan tərəfindən müqavilə üzrə həyata keçirilən ödənişin məbləği borcalanın müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək üçün yetərli olmadıqda, borcalanın borcu aşağıdakı ardıcıllıqla ödənilir: 1) gecikmə müddəti ərzində yığılmış borclar üzrə faizlər; 2) verilmiş mikrokreditin Məbləğindən istifadə haqqı, komissiya; 3) şəraitdən asılı olaraq verilmiş mikrokreditin məbləğinə xidmət göstərilməsi üçün məbləğ; 4) Əsas borcun məbləği. Müqavilənin sözügedən bəndinə əsasən, tələb hüququ güzəşt edildikdən sonra borclu tərəfindən edilmiş 50 manat ödəniş cərimə məbləğindən silinir. Cavabdehin bugünkü tarixə kreditor qarşısında müqavilə üzrə cərimə borcu 131,50 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2023-cü il tarixli, **********001 saylı müqavilə üzrə 300 manat əsas borcu, 15 manat faiz, 43,50 manat verilmiş kredit üzrə xidmət haqqı və 131,50 manat cərimə borcu olmaqla, cəmi 490 (dörd yüz doxsan) manat borcu yaranmışdır (maliyyə arayışı əlavə edilmişdir). Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada (pretenziya qaydasında) həll edilməsi cəhdi nəticə verməmişdir. Pretenziya məktubu cavabdehin kredit müqaviləsində qeyd edilən mobil nömrəsinə WhatsApp vasitəsilə, həmçinin kredit müqaviləsində qeyd edilmiş elektron poçt ünvanına təqdim edilmişdir. Pretenziya təqdim edildikən sonra cavabdeh tərəfindən ödəniş olunsa da, ödənişin məbləği cüzi miqdarda olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət nəzərdə tutulmuşdur (müvafiq ekran fotoları qoşmadadır). İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi və kredit borcuna dair maliyyə arayışıdır.

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə: a) İş materialları:

4. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh (VÖEN: **********) xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (statusu: fəaliyyətini müvəqqəti dayandırmış).

5. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********001 nömrəli müqavilədən görünür ki, müqavilənin adı “mikro kredit müqaviləsi”dir, müqavilə mikro kreditin verilməsi ilə bağlı ümumi və xüsusi şərtlərdən ibarətdir.

6. "xxxx" BOKT MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2509/24 nömrəli müqavilədən görünür ki, MMC bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (siyahı) və ya elektron daşıyıcılarda (disk və s.) qeyd edilən məbləğdə borc qalıqlarına dair tələbi üzrə bütün hüquqlarını yeni tələbkara satır.

7. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

8. Beləliklə, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, ərizəçi məhkəmə aidiyyəti normalarına riayət etməmişdir.

9. Belə ki, İddiaçı ASC və Cavabdeh (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, İddiaçı ASC kommersiya hüquqi şəxsi, cavabdeh isə fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir.

10. Tərəflər arasında olan mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, iş materialları əsasında müəyyən edilir ki, iddiaçı cavabdehin başqa təşkilatla bağladığı kredit müqaviləsi üzrə yaranmış borcu həmin təşkilatdan satın alaraq, cavabdehə qarşı tələb hüququ əldə etmişdir. Cavabdehlə həmin təşkilat arasında isə mikrokredit münasibətləri olmuşdur. Məlumdur ki, mikrokredit yalnız sahibkarlıq subyektlərinə (mikrosahibkarlara) verilən kreditlərdir, şəxsi məqsədlər üçün verilən kreditlər isə istehlak kreditləri adlanır. Deməli, hazırkı mübahisənin predmeti fərdi sahibkarla hüquqi şəxs arasında hər ikisinin sahibkarlıq fəaliyyətini həyata keçirərək gəlir əldə edilməsi məqsədilə bağlanmış mikrokredit müqaviləsindən (habelə iki hüquqi şəxs arasında bağlanmış tələbin güzəşti ilə bağlı müqavilədən) irəli gələn pul tələbidir. Onu da qeyd etmək zəruridir ki, kommersiya hüquqi şəxsi olan iddiaçının sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması mübahisəsizdir.

11. Məhkəmə hazırkı mübahisənin subyektiv tərkibini, predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə sahibkarlıq subyektləri arasında olan kommersiya münasibətlərindən irəli gələn kommersiya mübahisəsidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 1-ci maddə. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddə. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddə. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddə. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

14. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin xarakterinin, həm də mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, hazırkı iddia tələbinə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

15. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.

Nəticə:

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-yə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar