Məhkəmə qərarları › İş №e-2(006)-3055/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3055/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3055/2023 31.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 mayda 21:15 radələrində aprel ayı borcu üzrə iddiaçının öz adına (4169 7388 3822 8280) və həyat yoldaşının adına (4169 7388 8742 9797) olan birkart cashback kartlarına müvafiq olaraq 721,5 (yeddi yüz iyirmi bir manat əlli qəpik) və 438,97 (dörd yüz otuz səkkiz manat doxsan yeddi qəpik) manat ödənişi birbank tətbiqi ilə etdi. Birbankda və məxaric olunan kartda əməliyyat təsdiqini proqram bildirişi ilə həmin an tapdı. Lakin, Kapital Bank tərəfindən daxili proseslərinin gec aparılmasına görə növbəti gün ödəniş aprel ayından yox, may ayından silindi ve aprelə görə faiz borcu hər ikisinin də hesablanmağa başlandı. Kartda olan vəsaitlərdən avtomatik faiz xərclərinin tutulması bank tərəfindən aparılaraq bank öz hesabına köçürdü. Bundan əlavə, faizlərin günbəgün hesablanmaması üçün məcbur aprel ayına yenidən ödəniş etdilər. Mülki Məcəllənin 371.2-ci maddəsinin tələblərinə əsasən vaxtın bitməsi 24:00-a kimidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi cavabı isə belədir- "Nəzərinizə çatdırmaq istərdik ki, Mülki Məcəllənin 371-ci maddəsinə əsasən hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Bu səbəbdən, qeyri-iş saatlarında olan ödəniş növbəti iş günündə təsdiqlənir." Əməkdaşları əməliyyatın 17:00-da bitməsini əsas gətirirlər ki bu da heç bir yerdə qeyd olunmayıb və əvvəlki ayların əməliyyatlarında belə problem yaratmayıb. Əgər elədirsə, niyə 01 iyunda qeyri-iş vaxtı olan 07:00 da əməliyyat qeydə alındı. Belə ki, həmin zamanda qeyri-iş vaxtıdır. Bank tərəfdən MM-ə istinad yanlış edilir. Bank 371.1-ə istinad edir ki, həmin bənddə hərəkət təşkilatda yerinə yetirilməlidirsə, şərti var, lakin hərəkət onlayn proqram tərəfindən yerinə yetirilə bilir. 371.1 müştərinin ancaq və ancaq bank filialında apara biləcəyi hərəkətlərə şamil olunur. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə 39.56 (otuz doqquz manat əlli altı qəpik) manat faiz xərci, 30.40 (otuz manat qırx qəpik) manat məhkəmə xərci olmaqla, cəmi 69.96 (altmış doqquz manat doxsan altı qəpik) pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı ilə Bank arasında xx.xx.2022-ci il tarixli BRCB5983688A299 nömrəli birbank cashback kredit xətti müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, bank iddiaçının istifadəsinə birbank cashback ödəniş kartı verir, həmin karta bağlı, müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə, şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır. Müştəri isə həmin kartdan və ya kredit xəttindən istifadə edir, yaranmış borclar: xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s. müqavilə ilə müəyyən olunmuş qaydada bankın və qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Ayrılmış kredit xəttindən istifadə edilməsi, aylıq ödənişlərin qaydası və şərtləri, tərəflər arasında hesablaşmaya dair qaydalar müqavilə şərtləri ilə müəyyən ediİməlidir. Müqavilənin 8-ci hissəsində qeyd olunmuşdur ki, müştəri müqaviləni imzalamaqla təsdiq və bəyan edir ki, bankın tarif dərəcələri ilə tanış olmuşdur və gələcəkdə də bankın rəsmi internet ünvanından tanış olacaqdır. Mübahisə edilən ödənişlə bağlı cavabdeh tərəfindən aparılmış müştəriyə aylıq hesablanan əsas və faiz borcu üzrə heç bir texniki səhvlik, xəta müəyyən edilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı kart üzrə formalaşmış 2023-cü ilin may ayının son gününədək ödəməli olduğu borcu xx.xx.2023-cü il tarixdə, saat 21:15-də, yəni qeyri-iş saatlarında ödədiyindən məbləğinin borc üzrə silinməsi növbəti gün icra olunmuşdur. Bu səbəbdən müqavilə şərtlərinə uyğun güzəşt müddəti bitdiyindən həmin borc məbləği üzrə faizlər hesablanmışdır. Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixə kredit kartının limitindən istifadə etdiyi məbləğ 1313.55 manat təşkil etmişdir. İddiaçı xx.xx.2023cü il tarixdə 721.5 manat və 1.38 manat məbləğlərində ödənişlər etmiş və nəticədə kart limiti üzrə borc 590.67 manat olmuşdur. Lakin, qeyd olunduğu kimi ödəniş güzəşt müddəti ərzində olunmadığından qalıq borca 23.59 manat faiz hesablanıb. İddiaçı Mülki Məcəllənin 371-ci maddəsinə istinad edərək ödəniş sonuncu gün 24:00-a kimi icra edə biləcəyini bildirir. Həmin maddədə həmçinin qeyd olunur ki, hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırılması saatda qurtarır. Nəzərə alınmalıdır ki, kredit ödənişinin borca silinməsi bank əməliyyat sistemi tərəfindən tədiyyə əməliyyatlarının aparıldığı müddətdə icra olunur, yəni kredit ödənişi zamanı hərəkət müştərinin krediti köçürməsi ilə deyil, həmçinin ödənişin hesabdan silinməsi ilə bağlıdır. Belə olduğu halda Məcəllənin qeyd olunan maddəsinə əsasan ödəniş üçün son müddət müvafiq gündə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Bu baxımdan müştəri kredit ödənişini müvafiq əməliyyatların dayandırıldığı saatdan sonra həyata keçirdiyinə görə ödənişlərin kreditə silinməsi növbəti gün icra edilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, kredit ödənişinin bank günü ərzində (yəni, tədiyyə əməliyyatlarının aparıldığı müddətdə bankın iş günü saatında) aparılmalı olması ilə bağlı qanunvericiliyə dəyişikliklə bağlı qanun da qəbul edilmişdir. Belə ki, xx.xx.2023-cü ildə dərc edilmiş Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında qanuna əsasən (Mülki Məcəllənin 745.3-cü maddəsi), borcverən tərəfindən kredit müqaviləsində daha qısa müddət müəyyən edilməmişdirsə, əməliyyat günü bitdikdən sonra ödəniş terminalı vasitəsilə və ya digər üsulla həyata keçirilən ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilən ödəniş hesab edilir. İddia ərizəsində həmçinin, iddiaçının həyat yoldaşının istifadəsində olan kredit kartı üzrə aylıq ödəniş, faiz ödənişi mübahisələndirilir. Bildirilir ki, hazırda qeyd olunan məsələ üzrə tərəflərindən münasibət bildirmək mümkün deyil. İddia ərizəsində 16 rəqəmi qeyd olunan kart istifadəçisi hazırki mülki iş üzrə tərəf deyil. Digər müştəriyə məxsus kart üzrə məlumat tərəflərindən hazırki mülki iş üzrə təqdim edilə bilməz. Mübahisə edilən hallar barədə məlumat bank sirri hesab edilir. Qeyd edilən məlumat üçüncü şəxslərə yalnız qanunvericiliyin tələbinə əsasən təqdim edilə bilər. Qeyd edilənlərə əsasən, İddiaçı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə İddiaçı 24 iyul 2023-cü il tarixdə məhkəməyə yazılı ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosessual qanunvericiliyin tələblərinə əsasən hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona gündəlik tələbat məqsədləri üçün Cavabdeh ASC tərəfindən 6.000 manat məbləğində, BRCB598688A299 nömrəli müqavilə ilə birbank kartının verilməsini xahiş etmiş, kreditin qaytarılmasının və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini bildirmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, BRCB5983688A299№-li Birbank Cashback Kredit Xətti Müqaviləsindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, Bank müştəriyə “Birbank Cashback” ödəniş kartı verir, həmin karta bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.) habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Həmin müqavilənin 4.8.2.2-ci maddəsinə əsasən ödənişlər üzrə müştəriyə güzəşt müddəti verilmir və əməliyyat edildiyi tarixdən etibarən faiz hesablanır. Hər ayın bu müqavilənin 4.11-ci bəndində əks olunmuş müvafiq tarixində faiz hesabında mövcud olan məbləğ və əsas borc üzrə minimal ödəniş məbləği (bu müqavilənin 4.10-cu bəndinə əsasən) növbəti ödəniş intervalının (bu müqavilənin 4.7-ci bəndinə əsasən) sonunadək ödənilməlidir. Mülki işin materiallarında olan qəbzin surətindən görünür ki, 31 may tarixdə saat 21:15-də iddiaçıya məxsus birbank kartına 721.50 manat məbləğində vəsait ödənilmişdir. Mülki işin materiallarında olan İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, ödənilən 721.50 manat məbləğində ödəniş xx.xx.2023-cü il tarixdə borcdan silinmiş, xx.xx.2023-cü il tarixdə isə İddiaçı müqavilə üzrə 23.52 manat məbləğində faiz borcu hesablanmışdır. Beləliklə, işin materiallarından da göründüyü kimi İddiaçı ilə Cavabdeh ASC arasında Birbank Cashback Kredit Xətti Müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdə, saat 21:15-də iddiaçı tərəfindən onlayn proqram vasitəsilə müvafiq ödəniş həyata keçirilmiş, lakin qeyri-iş saatı olduğundan səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Bank tərəfindən qəbul edilərək sistemdə borcdan silinmişdir. Lakin, güzəşt müddəti başa çatdığından iddiaçıya 23.52 manat məbləğində faiz hesablanmışdır. Hazırda iddiaçı ona hesablanan faiz borcunun silinməsini tələb edir, cavabdeh isə iddia tələbinin əsassız olduğunu qeyd edərək iddia tələbinin rədd edilməsini məhkəmədən tələb edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, hazırda İddiaçı iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 371.1-ci maddəsinə əsasən əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin, əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununda qeyd edilmişdir ki, Mülki Məcəllənin 740.7-ci maddəsinə əsasən borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir. 745.3-cü maddəsinə əsasən bu Məcəllənin 740.7-ci maddəsi kredit müqavilələrindən irəli gələn münasibətlərə bu şərtlə tətbiq edilir ki, ödəniş əməliyyat gününün (borcverənin ödənişlərin qəbulu üçün müəyyən etdiyi vaxt) sonuna kimi həyata keçirilmiş olsun. Borcverən tərəfindən kredit müqaviləsində daha qısa müddət müəyyən edilməmişdirsə, əməliyyat günü bitdikdən sonra ödəniş terminalı vasitəsilə və ya digər üsulla həyata keçirilən ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilən ödəniş hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödəniş axşam saatlarında, yəni qeyri-iş saatında həyata keçirildiyindən bank tərəfindən də haqlı olaraq həmin ödəniş növbəti gün iddiaçının borcundan silinmişdir və iddiaçı ilə bağlı güzəşt müddəti başa çatdığından gecikdirilən gün üçün faiz hesablanmışdır. Bundan başqa, iddiaçı iddia tələbində 39.56 manat məbləğində faiz xərcinin silinməsini tələb etsə də, məhkəməyə təqdim edilən ödəniş kartı üzrə çıxarışdan görünür ki, 23.52 manat məbləğində faiz hesablanmışdır. İddiaçı həmin hissədə tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun əvəzinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən iddia qaldırılması üçün ödənilən dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar