Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3077/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 3823,44 (üç min səkkiz yüz iyirmi üç manat qırx dörd qəpik) manat, bundan 1685,32 (min altı yüz səksən beş manat otuz iki qəpik) manat əsas, 950,38 (doqquz yüz əlli manat otuz səkkiz qəpik) manat faiz, 950,38 (doqquz yüz əlli manat otuz səkkiz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 237,36 (iki yüz otuz yeddi manat otuz altı qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 58,24 (əlli səkkiz manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KM019T1217000S01 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 4 ay müddətinə 80000 (səksən min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifdadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə cəmi 3823,44 (üç min səkkiz yüz iyirmi üç manat qırx dörd qəpik) manat, bundan 1685,32 (min altı yüz səksən beş manat otuz iki qəpik) manat əsas, 950,38 (doqquz yüz əlli manat otuz səkkiz qəpik) manat faiz, 950,38 (doqquz yüz əlli manat otuz səkkiz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 237,36 (iki yüz otuz yeddi manat otuz altı qəpik) manat faiz borcu yaranmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iş həcminin çoxluğu səbəbindən məhkəmə baxış iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, müqavilə üzrə bütün ödənişləri etdiyini, hazırda banka heç bir borcunun olmadığını bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddianı qəbul etməyib, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddiaçı tərəfindən iddia ərizəsində borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışının ərizəyə əlavə edildiyi qeyd edilsə də, həmin arayışın iddia ərizəsinə əlavə edilmədiyini, iddiaçının iddia tələbinin tamamilə əsassız olduğunu bildirdi. Belə ki, cavabdeh tərəfindən İddiaçı ASC-yə birinci dəfə 100000 manat, ikinci dəfə 86000 manat məbləğində depozitə pul qoyulmuşdur. Cavabdeh bankdan xx.xx.2017-ci il tarixdə 80000 manat məbləğində kredit götürmüş, 7 gün sonra, yəni xx.xx.2017-ci il tarixdə borcun 42000 manat məbləğində olan hissəsini ödəmiş, bundan sonra banka 38000 manat məbləğində borcu qalmışdır. Bankın bağlanma tarixinə qədər ehtimal olunan faiz məbləği təqribən 516 manat təşkil etməklə, cavabdehin banka olan borcu 38000 + 516 = 38516 manat məbləğində olmuş, bu məbləğ 2018-ci ilin fevral ayının 1-də banka bir dəfəyə tam ödənilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin banka 2404,98 manat məbləğində borcu qalmışdır. Ekspertiza tədqiqatının cədvəlindən görünür ki, cavabdeh banka olan borcunu xx.xx.2018-ci il, xx.xx.2018-ci il (bir gündə iki dəfə) tarixlərdə ödəmişdir. Bu məlumatlar tamamilə yalan və əsassız olduğundan, ekspert rəyi ilə qətiyyən razı deyillər. İddiaçı ASC-yə kreditor borcunu ödədikdən sonra da cavabdehin həmin bankdakı depozit hesabında xeyli miqdarda pulu olmuşdur. Əgər iddiaçının banka borcu olsaydı, şübhəsiz ki, bank bu borcu cavabdehin depozitindəki hesabdan çıxardı. Cavabdehin bank hesabından çıxarışlardan görünür ki, onun banka borcu qalmamışdır. Bank bundan əlavə də cavabdehi daha 3 dəfə (1-i Binəqədi Rayon Məhkəməsində 2021-ci ilin avqustunda) aldatmağa cəhd göstərmiş, lakin cavabdehin sayıqlığı nəticəsində baş tutmamışdır. Odur ki, hazırki iddia tələbinin iddia müddəti keçdiyinə görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini, bu baş vermədiyi təqdirdə iş üzrə cavabdehin iştirakı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını, vəkilin çıxışını dinləyib, iddia ərizəsini, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 005934 nömrəli bank xidmətləri (fiziki şəxslər üçün) müqaviləsindən görünür ki, bank müştərinin yazılı müraciətinə əsasən sonuncuya bu müqavilənin 1.1-ci yarımbəndində qeyd edilən bank xidmətlərini göstərə bilər, həmin xidmətlərə uyğun olaraq müştəri müvafiq vəsaitləri hesablara mədaxil etməyi və ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli 005934 nömrəli bank xidmətləri müqaviləsinə 5 saylı əlavədən (xx.xx.2017-ci il tarixli, KM019T12170004 nömrəli kredit müqaviləsi) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 4 ay müddətinə, illik 20 % ödəmək şərti ilə 80000 (səksən min) manat məbləğində kredit açılmışdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi barədə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixinə xx.xx.2017-ci il tarixli, KM019T12170004S01 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1685,32 manat əsas, 950,38 manat faiz, 950,38 manat cərimə, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 237,36 manat faiz borcu olmaqla, cəmi 3823,44 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli 9/5211 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KM019T1217000S01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2018-ci il müqavilənin bitmə tarixinə borcu əsas borc üzrə 1685.32 manat, faiz borcu üzrə 719,66 manat kimi müəyyən olunmuşdur. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC (Ləğv prosesindədir) tərəfindən iddia ərizəsinin verilməsinə görə 58,24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz halları ondan ibarət olmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 005934 nömrəli bank xidmətləri (fiziki şəxslər üçün) müqaviləsi bağlanmış və müqaviləyə görə, bank cavabdehin yazılı müraciətinə əsasən ona həmin müqavilənin 1.1-ci yarımbəndində qeyd edilən bank xidmətlərini göstərə bilər, həmin xidmətlərə uyğun olaraq cavabdeh müvafiq vəsaitləri hesablara mədaxil etməyi və ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Tərəflər arasında həmin müqaviləyə 5 saylı əlavə (xx.xx.2017-ci il tarixli, KM019T12170004 nömrəli kredit müqaviləsi) imzalanmış və əlavəyə görə, İddiaçı ASC tərəfindən cavabdehə 4 ay müddətinə illik 20 % ödəmək şərti ilə 80000 (səksən min) manat məbləğində kredit açılmışdır. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə xx.xx.2021-ci il tarixli arayış təqdim edərək, cavabdehin banka xx.xx.2017-ci il tarixli, KM019T12170004S01 nömrəli kredit müqaviləsi üzrə 1685,32 manat əsas, 950,38 manat faiz, 950,38 manat cərimə, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 237,36 manat faiz borcu olmaqla, cəmi 3823,44 manat məbləğində borcu olduğunu, qanunamüvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsinə əsasən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2017-ci il tarixli, KM019T1217000S01 saylı kredit müqaviləsinə əsasən banka xx.xx.2018-ci il müqavilənin bitmə tarixinə borcu əsas borc üzrə 1685,32 manat, faiz borcu üzrə 719,66 manat məbləğində olmuşdur. Cavabdeh və vəkili məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin əsassız olduğunu, eyni zamanda, iddia ərizəsinin iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra təqdim edilməsini nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə cavabdeh və onun vəkili tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır: Belə ki, əvvəlcə mübahisələndirilən kredit müqaviləsi üzrə tərəflər arasında öhdəlik münasibətlərinin olub-olmaması və iddia müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verilməlidir: Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə tərəfindən işdə olan materiallara və ekspertiza tədqiqatının nəticəsində verilən rəyə əsasən müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmiş və nəticədə onun İddiaçı ASC-yə borcu yaranmışdır. Yəni hazırki iddia tələbinin əsaslı olması işin məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz halıdır. Belə ki, cavabdeh iddia tələbinin əsassız olmasına dair mülahizələrini bildirsə də, bunu lazımi qaydada sübuta yetirə bilməmişdir. Halbuki iddiaçı tərəfindən verilən sübutlar və məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi əsasında müəyyən olunmuşdur ki, cavabdehin mübahisəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə borcu vardır. Lakin nəzərə alınmalıdır ki, sözügedən müqavilə xx.xx.2017-ci il tarixdə 4 ay müddətinə bağlanılmış, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırki iddia tələbi ilə yalnız müqavilə müddəti bitəndən 4 il sonra, yəni xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Belə ki, iddia müddəti ərzində İddiaçı ASC (və ya onun ləğvedicisi) tərəfindən cavabdehə qarşı müvafiq tələblə məhkəməyə müraciət edilməsi və ya cavabdehin həmin müqavilə üzrə ödəniş edərək borcunun olmasını etiraf etməsi halı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, xx.xx.2018ci il tarixdə başlayan iddia müddətinin axımı kəsilməmiş və hazırki tələb üzrə iddia müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə hazırki iddia tələbi ilə məhkəməyə yalnız iddia müddəti bitdikdən sonra müraciət etmiş, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, iddiaçı tərəfindən iddia müddətinin hansı səbəbdən buraxılması və yaxud buraxılmış müddətin üzrlü hesab edilməsinə dair səbəblər məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sözügedən Məcəllənin 377.2-ci maddəsinə müvafiq olaraq, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqeni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Bu hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Qərarda, həmçinin, qeyd olunur ki, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllə, maddə 375.2.). Bu, o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq, iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, iddia müddəti potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları yuxarıdakı hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iddia ərizəsi əsaslı olmasına baxmayaraq, iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən, məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi müəyyən edildiyindən, iddia müddətinin tətbiq edilməsinə dair ərizə təmin edilərək, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 58,24 (əlli səkkiz manat, 24 qəpik) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 58,24 (əlli səkkiz manat, 24 qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3077/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3077/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver